Müxalifət namizəd axtarışına başlayıb

"Baxmayaraq ki, özünü aparıcı sayan müxalifət bu düşərgədən yalnız cəmi bir neçə adamın prezidentliyə namizəd olmasına çalışır, ancaq qarşıdan gələn seçkilərdə bu düşərgədən namizədliyini irəli sürənlərin sayı indikindən çox olacaq". Bunu  Yeni Azərbaycan Partiyasından  olan millət vəkili Aydın Mirzəzadə politoloq Eldar Namazovun müxalifətin vahid namizədi olacağı ilə bağlı səslənən fikirlərə münasibətini bildirərkən dilə gətirib. Millət vəkili bildirib ki, əslində bu gün radikal müxalifət cəbhəsində "çoxnamizədlilik sindromu" yaşanmaqdadır: "Görünən odur ki, bu düşərgənin özündə artıq  ənənəvi namizədlərdən - İsa Qəmbərdən, Əli Kərimlidən, Lalə Şövkətdən, Etibar Məmmədovdan, Rəsul Quliyevdən kənar namizəd və ya namizədlər axtarışına başlanılıb. Yəni, gələn ilki prezident seçkilərində bir çox adamlar, hətta, indiyə qədər iddialarını ortaya qoymayan şəxslər belə öz namizədliklərini irəli sürə bilərlər. Hər halda, zamanında- seçkilərə rəsmi start verilən ərəfədə bu düşərgədən namizədliyini irəli sürən xeyli sayda şəxslərin adlarını eşidəcəyik və görəcəyik. Bu düşərgədə vahid namizəd məsələsi heç zaman baş tutmadığı kimi, bu gedişlə bu ideya növbəti seçkilərdə də alınmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00