DAK etiraz bəyanatı yaydı

Dünya Azərbaycanlıları Konqresi (DAK) bildirir ki, İranın Azərbaycandakı səfirliyinin təşkilat və rəhbərliyi haqqında yaydığı böhtan məzmunlu bəyənatı əsassızdır. Bu onu göstərir ki, İranın müstəqil Azərbaycan Respublikasında agentura şəbəkəsinə çevrilmiş səfirliyi yenidən şər-böhtan aparatını işə salıb. Səfirlik Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə dekabrın 5-də Bakıda keçirilmiş "Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz" konfransını pisləyən bəyanatla çıxış edərək təşkilat, eyni zamanda onun həmsədri, millət vəkili Sabir Rüstəmxanlını və DAK Daimi Şurasının sədri Əjdər Tağızadəni separatçı, təxribatçı adlandırıb. DAK hesab edir ki, Güney Azərbaycanda milyonlarla soydaşımızın milli və insan haqqını ayaq altına atan, islam pərdəsi altında hər cür əməllərlə məşğul olan, Quzey Azərbaycanın istiqlalına düşmən kəsilən və bu yolda erməni faşizmi ilə də işbirliyi quran fars-molla rejiminin bu mövqeyi siyasi əxlaqsızlıqdır. Çünki dünyada və bölgədə sülhə təhlükə yaradan ən böyük təxribatların altında məhz İran adlanan rejimin imzası var. Bu rejimin mahiyyəti və tutduğu ideoloji xətt anti-Azərbaycan üzərində qurulub. İran 20 ildir ki, qonşuluğunda milli dövlət modelinə söykənən Azərbaycan Respublikasının varlığından qorxur. Dünya "millətlərə istiqlal, insanlara hürriyyət" ideologiyasına doğru addımlayır və Güneydə yaşayan Azərbaycan türkləri də bu haqlarına qovuşacaqlar. Güney Azərbaycan problemini dünya gündəminə çıxarmağımızın vaxtı çatıb. DAK İranla Güney Azərbaycanın fərqini dünyaya anlatmağa başlayıb. İranın Güney Azərbaycan demək olmadığını, fars rejiminin Güneydəki türk xalqının əzdiyini dünya tədricən dərk etməkdədir və bu yolda DAK-ın, Sabir Rüstəmxanlının və Əjdər Tağızadənin xidmətləri böyükdür. Güneyli soydaşlarımızın azadlığa qovuşması üçün bu şəxslər həm ideoloji, həm də diplomatik savaşlarını durmadan aparırlar. Sabir Rüstəmxanlı və Əjdər Tağızadə bütün şüurlu həyatını Azərbaycan dövlətinin müstəqilliyinə və Güneydəki soydaşlarımızın haqlarının qorunmasına sərf ediblər. Millətinin haqqı uğrunda döyüşən bu insanlara qarşı böhtan siyasi əxlaqsızlıq üzərində qurulan şoudan başqa bir şey deyil. İran bu siyasi-ideoloji şouları ilə dünya azərbaycanlılarının nifrətini qazanır. Bu siyasət onun bir dövlət kimi dünya və bölgədə itməkdə olan nüfuzunun daha da aşağı düşməsinə səbəb olur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00