Qarabağ problemi regionun inkişafına mane olur
7 Dekabr 2012 12:34 SiyasətVaşinqtonda yerləşən Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Rumi Forumunda Azərbaycanın bu ölkədəki səfiri "Azərbaycan - Avrasiyada "İpək Yolu"nun mərkəzi" mövzusunda çıxış edib. Ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, diplomat çıxışında tarixi "İpək Yolu"nun bərpası təşəbbüsündə Azərbaycanın roluna toxunaraq, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda "Böyük İpək Yolu"nun bərpasına həsr olunmuş 32 ölkə, 13 beynəlxalq təşkilatın iştirakı ilə beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. Səfir hazırda həyata keçirilən regional enerji və infrastruktur layihələrinin "İpək Yolu"nun uzandığı marşrut üzrə çəkildiyini deyib. O, iki qitə arasında yükdaşımaları həyata keçirən Azərbaycan aviaşirkətlərindən birinin də simvolik olaraq "Silk Way Airlines" adlandırıldığını bildirib, Diplomat regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu bildirərək, Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bu layihələrə cəlbinə heç bir əngəl olmadığını diqqətə çatdırıb. Elin Süleymanov "İpək Yolu"nun yalnız regionları birləşdirən bir fiziki yol deyil, həm də mədəniyyətləri bir araya gətirən, sivilizasiyalar arasında körpü yaradan platforma kimi çıxış etdiyini və Azərbaycanın da bu sintezə öz töhfəsini verdiyini vurğulayıb. İranın nüvə silahına yiyələnməsi məsələsinə münasibət bildirən səfir Azərbaycanın kütləvi qırğın silahlarının yayılmaması haqqında müqaviləni davamlı dəstəkləyən dövlətlərdən biri olduğunu və nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadənin tərəfdarı olduğunu diqqətə çatdırıb.