94 il öncəki parlamentimizdən örnəklər
7 Dekabr 2012 09:33 SiyasətNəsiman Yaqublu
(1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin ilk açılışı oldu. Bu Parlamentdə Azərbaycanın əsl seçilmiş intellektual təbəqəsi təmsil edilirdi)
Azərbaycanın ilk Parlamenti 17 ay fəaliyyət göstərdi. Lakin bu 17 ay müddətində Azərbaycan xalqının həyatında çozx önəmli rol oynadı. Bu müddətdə 270-ə qədər qanun layihəsi hazırlanıb müzakirəyə çıxarıldı və onlardan 230-u qəbul edildi. Özü də bu qanunlar sadəcə kağızlarda qalmırdı, tez bir zamanda insanların həyatında hiss edilirdi.
Əslində ilk Parlamentimizin açılşı dekabrın 3-də olmalı idi. Lakin erməni və rus millətçiləri hər vasitə ilə buna mane olurdular. Onlar istəmirdilər ki, Azərbaycan xalqı özünün müstəqil seçimli orqanını formalaşdırsın. Lakin ingilis generalı Tomsonun da ciddi müdaxiləsindən sonra bu böyük tarixi olay baş verdi və yalnız Azərbaycanda deyil, eləcə də bütün Müsəlman Şərqində demokratik prinsiplərə əsaslanan ilk parlamentimiz fəaliyyətə başladı.
Parlamentin tərkibi:
İlk Parlamentimizin tərkibi də maraqlı idi. Yənu ölkənin vətəndaşı olan, milliyyətindən, dinindən asılı olmadan hər bir insan seçimli orqanda təmsil edilə bilərdi. Odur ki, bu parlamentdə azərnaycanlılarla yanaşı ölkədə yaşayan ruslar, ermənilər, alman, polyak və digər milli azlıqların nümayəndələri vardı. Çünki, həmin vaxt Azərbaycanda yaşayan əhalinin tərkibi belə idi: 2.750. 000 (iki milyon yeddi yüz əlli min) nəfər. Onlardan 1. 900 0000 (bir milyon doqquz yüz min nəfəri müsəlman, 500 000 (beş yüz min) nəfəri erməni, 230 (iki yüz otuz min) nəfəri isə ruslar idi. Ümumi qaydaya görə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar - 10, almanlar - 1, yəhudlər - 1 nümayəndə ilə təmsil olunmalı idilər.
Bu Parlamentdə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar təmsil edilirdi: Müsavat və bitərəflər (38 nəfər), İttihad (13 nəfər), Əhrar (6 nəfər), Sosialistlər bloku (13 nəfər), partiyasızlar (4 nəfər). müstəqillər (3 nəfər), erməni fraksiyası (5 nəfər), daşnaksütun fraksiyası (6 nəfər), azlıqda qalan millətlər fraksiyası (4 nəfər).
Bu rəqəmlərdən bir daha aydın olur ki, Azərbaycanda əsl demokratik cəmiyyət formalaşırdı.
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Bu məşhur sözləri isə Parlamentimizin ilk açılışında Məhəmməd Əmin Rəsulzadə söylədi. O, dedi: "Möhtərəm millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi
elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...Bir kərə yüksələn bayraq, bir daha enməz!"
Üzeyir Hacıbəyli Parlamentimizin açılışından belə yazırdı:
"Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi... Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə "Bu bayraq endiriləməz!" - dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!"
Parlamentin müraciət qaydaları
Azərbaycan Parlamentinin ilk sədri isə Əli Mərdan bəy Topçubaşov, sədrin müavini isə Həsən bəy Ağayev idi. İclaslarda millət vəkillərinin müraciətləri də yüksək etika çərçivəsində olurdu: "buyurun, lütfən" və c.
Yüksək savadı, vətənpərvərliyi ilə seçilən bu insanlar müstəqilliyinin 20-ci ilində belə görə bilmədiyimiz bir seçimli qurumu - əsl Azərbaycan Parlamentini - Milli Məclisi formalaşdırıb, zəngin bir ənənə qoyb getdilər.