“Xankəndi-Şuşa reysi” nəyə hesablanıb?
Ermənilər tərəfindən ölkəmizə qarşı hazırlanan təxribat xarakterli addımların ardı-arası kəsilmək bilmir. Artıq bu işə Ermənistan dövlət səviyyəsində girişib və bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır. Mənfur düşmənin növbəti təxribatı işğal altında olan Azərbaycan ərazilərində yeni uçuşlar keçirməkdən ibarətdir.
30 May 2017 14:00 SiyasətBu təxribatın arxasında erməni hiyləsi durub
Ermənilər tərəfindən ölkəmizə qarşı hazırlanan təxribat xarakterli addımların ardı-arası kəsilmək bilmir. Artıq bu işə Ermənistan dövlət səviyyəsində girişib və bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır. Mənfur düşmənin növbəti təxribatı işğal altında olan Azərbaycan ərazilərində yeni uçuşlar keçirməkdən ibarətdir. Belə ki, Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb. Məlumatda bildirilir ki, "Yell Extreme Park" layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək. "Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub" -deyə "Yell Extreme Park" laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib. Maraqlıdır, Ermənistan reallaşdırılması mümkün omayan belə bir məlumat yaymaqda hansı məqsəd güdür?
Məsələnin siyasi tərəfini yozmazdan əvvəl qeyd edək ki, hazırda Xankəndi-Şuşa reysi ilə hər hansı uçuş həyata keçirmək qeyri-mümkündür. Çünki, Qarabağda Xocalı aereportundan savayı ikincə aereport yoxdur ki, bu zaman hava nəqliyyatını qəbul etmək mümkünsüz olur. Digər tərəfdən, Qarabağın coğrafi mövqeyi, xüsusən dağ silsilələri elə yerləşib ki, belə hava uçuşlarını həyata keçirmək qeyri-mümkündür. Üstəlik, işğal altında olan Azərbaycan ərazisində zorla məskunlaşdırılan ermənilərin sayı və sosial vəziyyəti layihədən hansısa iqtisadi gəlir götürməyi istisna edir. Deməli, Ermənistanın belə bir məlumat yaymaqda məqsədi Azərbaycanı təxribata sürükləməkdir. Nəzərə almaq lazımdır ki, ermənilər çox yaxşı bilirlər ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağın hava məkanı daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Onu da çox gözəl anlayırlar ki, ermənilər tərəfindən havaya qaldırılacaq uçuş nəqliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən sorğu-sualsız vurulacaq. Artıq dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Deməli, ermənilərin əsas məqsədi məhz bu stiuasuiyadan istifadə edərək beynəlxalq təşkilatlara Azərbaycan barədə qərəzli, həqiqtə uyğun olmayan məlumat ötürməkdir. Heç şübhəsiz ki, Xocalı aeroportundan uçuşların həyata keçirilməsi siyasi ab-havaya təsirsiz ötüşməyəcək. Bəs, uçuşların gerçəkləşdiyi təqdirdə Azərbaycan tərəfi hansı mövqe ortaya qoya bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc, bildirib ki, Xocalı aeroportu məsələsi gündəmə gələn vaxtlarda Azərbaycan tərəfi çox kəskin reaksiya nümayiş etdirmişdi: "Hətta hava nəqliyyatı sistemi ilə bağlı qanunvericilik aktlarında da ciddi dəyişikliklər aparılmışdı. O zaman müəyyən bir zolaqda, yəni 50 km məsafədə təyyarələrin və ya digər uçuş obyektlərinin təhlükəsizliyini təmin etmək üçün onların üzərinə vəzifələr qoyulduğu bildirilirdi. Bunun üçün beynəlxalq sənəd - Çikaqo Konvensiyası var. Konvensiyada iştirakçı dövlətlərin ərazi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Xocalı aeroportunun açılması açıq-aşkar müharibə üçün təxribatın ən böyüyü idi. Çünki coğrafi məkanı ələ keçirmə, hansısa səngərdə gizlənmək, ağır artilleriyanı ora toplamaq, hava məkanının da işğal edilməsi anlamına gəlməz. Çünki burada uçan obyektləri dərhal vurmaq, koordinasiya nöqtələrini müəyyənləşdirməklə zərərsizləşdirmək mümkündür". Zahid Oruc Xocalı aeroportunun açılmasında erməni hiyləsini istisna etməyib: "Xocalı aeroportunun açılmasını gündəmə gətirməklə Ermənistan tərəfinin növbəti planı mövcud olub. Görünür, onlar Qarabağın müstəqilləşməsi istiqamətində növbəti qurbanlarını tapmaq üçün içində mülki əhali olan təyyarəni Azərbaycan tərəfinin məhv etməsinə çalışırdılar. İstəyirdilər ki, bununla da Kosova modelini işə salmış olsunlar. Bəlkə də, ilk dövrlərdə layihə bundan ibarət idi. Sonrakı dövrlərdə belə addımları atmaqdan çəkindilər. Azərbaycanın gerçək planlara malik olduğunu gördülər. Nəticələrinin ağır olacağını təxmin etdilər". Deputat əlavə edib ki, aeroport Xankəndidə, yaxud da hansısa ərazidə yerləşsəydi, hansısa bir qurşaqdan yol tapıb kiçik ölçülü təyyarələri ora endirə bilərdilər: "Amma Xocalı ilə bağlı məsələ onları çıxılmaz vəziyyətə salıb. Çünki xarici məkana bunu necə təqdim edəcəkdilər? Məsələ budur. Digər tərəfdən, hazırkı dövrdə ekstremal fəaliyyət üçün həmin addımları atmaq açıq-aşkar ciddi nəticələr doğura bilər. Tutaq ki, idman layihəsi kimi turistlərə, yaxud macəra axtaranlara yer vermək istəyirlər. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə, real vəziyyətinə, gərginliyin hazırkı durumuna baxmadan addım atıla bilərdi. Bu da növbəti toqquşmanın hədəfinə çevrilərdi. Ona görə də Azərbaycan tərəfi bu məsələyə həssas yanaşdığını bəyan edir. Düşünürəm ki, bu yöndə addım atılacaqsa, Azərbaycan tərəfi real imkanları çərçivəsində dərhal həmin təyyarələri havadan endirmək üçün xəbərdarlıq etməyə, öz qırıcı təyayrələrini yüksəkliyə qaldırmağa, onlara bu yöndə real siqnallar verməyə və tabe olmadığı təqdirdə onu vurmaq hüququna malikdir".
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan hakimiyyəti işğal altındakı Xocalı hava limanını işə salmaq üçün növbəti plan hazırlayıb. Hava limanını yenidən qursalar, təmirə pul xərcləsələr də, illərdir çalışdıra bilmirlər. Çünki beynəlxalq birlik bu məsələdə Azərbaycanın mövqeyini haqlı sayır. Ekspert əlavə edib ki, Beynəlxalq Aviasiya Təşkilatı da Dağlıq Qarabağın səmasının Azərbaycana aid olduğunu vurğulayır və bütün uçuşların rəsmi Bakının icazəsi ilə mümkün olduğunu təsdiqləyir: "Bundan başqa, separatçılar onu da bilirlər ki, belə olan halda Azərbaycan hərbi hava qüvvələrinin hava məkanımızı pozan və əmrlərə tabe olmayan istənilən təyyarəni vurmaq hüququ var. Ona görə də Ermənistan hakimiyyəti Xocalı hava limanından istifadə etməkdən qorxur. Buna baxmayaraq, hansısa yol axtarırlar ki, hava limanı işlətsinlər. Elə Xankəndi ilə Şuşa arasında təkmotorlu təyyarələrin uçuşa qalxması haqqında xəbərlər də bu qəbildəndir. Bizim və beynəlxalq aləmin nəbzini yoxlamaq istəyirlər. Bu, sırf təxribatdır".
Politoloq məsələyə qəti münasibəti zəruri sayır: "Fikrimcə, Azərbaycan XİN bu qanunsuzluğu bir daha beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin diqqətinə çatdırmalı və nəticələr haqqında xəbərdar etməlidir. Nə vaxt münaqişə həll olunar, Dağlıq Qarabağ və digər torpaqlarımız üzərində suverenliyimiz bərpa olunar və buna müvafiq sülh anlaşması imzalanar, bundan sonra Xankəndindən İrəvana, Moskvaya və başqa yerlərə uçuşlar həyata keçirmək olar. Torpaq bütövlüyümüz bərpa olunmayana qədər isə nə Xankəndiyə, nə də Xankəndindən uçuşlara imkan verməməliyik!" Xatırladaq ki, BMT-nin Baş Katibinə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı müfəssəl hesabat təqdim edilib. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut olur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasəti və həyata keçirdiyi əməlləri beynəlxalq hüququn pozuntusudur, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur və regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir. Bu hesabatın ardınca hazırlanan "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy" adlı sənəd əsaslı bitərəf baxış təmin edərək münaqişənin həlli ilə əlaqədar mövcud hüquqi öhdəlik və məsuliyyətin daha yaxşı başa düşülməsinə töhfə verir və bu istiqamətdə konkret təkliflərlə çıxış edir. Sənədin təmin etdiyi hüquqi rəyə görə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır.
Alim