Misiri qərbpərəst qüvvələr qarışdırır - AÇIQLAMA

Zərdüşt Əlizadə: “Mursiyə qarşı olan qüvvələr bütün hallarda Mursiyə uduzacaqlarını bildiklərindən onunla razı olmurlar”

Misir Prezidenti Məhəmməd Mursinin yeni konstitusiya layihəsini referenduma təqdim etmək qərarına etiraz nümayişləri geniş miqyas almağa başlayıb. Hadisələrin gərginliyinin yüksəldiyi vaxt Mursinin 4 müşaviri istefa verib. Seyf Əbdülfəttah, Eymən əs-Səyyad, İsmət Seyfüddövlə və Əmr Leysi Prezident Məşvərət Heyətindən getdiklərini açıqlayıblar. Müşavirlər Misirin yeni inqilab təhlükəsi ilə üz-üzə dayandığını bildiriblər. "Bu yaxınlarda Misirdə referendum keçiriləcək və Konstitusiya layihəsi təsdiq olunmalıdır. Bütün göstəricilərə görə müsəlman İslam qüvvələrinin sayı dünyəvi, yaxud sol-qərbpərəst qüvvələrin sayından xeyli artıb" deyən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə belə olan halda da Konstitusiya layihəsi təsdiq olunacaq: "Yeni Konstitusiya prezidentə çox böyük səlahiyyətlər verir. Həmçinin yeni layihə Misirin xeyli dərəcədə islamlaşacağını göstərir. Ölkədə özünü qərbpərəst adlandıran qüvvələr bununla razı deyillər. Bilirlər ki, referendumda uduzacaqlar, ona görə də zorakılığa əl ataraq tələb edirlər ki, Konstitusiya layihəsi rədd edilsin. Prezident də açıq şəkildə bildirir ki, "Gəlin seçkilərə birgə nəzarət edək ki, saxtakarlıq olmasın, əgər razı deyilsinizsə yenisini hazırlayaq". Mursiyə qarşı olan qüvvələr bütün hallarda uduzacaqlarını bildiklərindən onunla razı olmurlar. Məsələnin əsas mahiyyəti budur. Qərbpərəst qüvvələr, özünü demokrat, liberal, sosialist adlandıran qüvvələr xalqın iradəsinə yanaşırlar və görəndə ki, xalqın iradəsi onların tələblərinə cavab vermir, o zaman da inqilab və zorakılıq yolunu seçirlər. İndi də Məhəmməd Mursi qarşısında belə bir dilemma durur. Mursi ya ona qarşı çıxan çoxluğu zor gücünə yatırmalı, ya da ki, azlığın iradəsinə tabe olub getməlidir." ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00