23 ayda 23 ilə bərabər fəaliyyət
Şərqdə ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 99 il keçir. Düz 99 il əvvəl Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində paytaxtı əvvəlcə Gəncə, sonra isə Bakı şəhəri olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.
28 May 2017 10:00 SiyasətXalq Cümhuriyyətinin şərəfli tarixi
Şərqdə ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 99 il keçir. Düz 99 il əvvəl Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində paytaxtı əvvəlcə Gəncə, sonra isə Bakı şəhəri olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Çətin şərtlər və xarici təhdidlər altında elan edilən Cümhuriyyəti ayaqda saxlamaq, o zaman o qədər də asan məsələ deyildi. Ancaq 3 qoldan ibarət formalaşmış dövlət hakimiyyəti bu işin öhdəsindən çətinliklə də olsa gəlirdi. Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyətindən ibarət olan dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. O zaman üçün ən demokratik yanaşma və tətbiq edilən metodlardan biri ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunurdular. Bəlkə də elə bu amil Cümhuriyyətin ömrünün qısa olmasını şərtləndirən məqamlardan idi.
Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyin bərpası ilk növbədə Çar Rusiyasını, eyni zamanda regionu təsir dairəsində saxlamaq istəyində olan imperialist gücləri ciddi narahat edirdi. Çünki Azərbaycanda qurulan milli hökumət həmin güclərin regionla bağlı bütün planlarını alt-üst edirdi. Digər tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperiyası ilə sıx əlaqələri də xarici dairələrdə qıcıq yaradır, regionda yeni bir güc mərkəzinin formalaşmasından ciddi əndişə keçirilirdi. Bu narahatçılıq özünü Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsinin imzalanması ilə daha çox büruzə verdi. Belə ki, həmin müqavilə əsasında Türk ordusu Gəncəyə daxil olaraq milli hökumətin paytaxtı bu şəhərə köçürüldü. Beləliklə, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.
Azərbaycan Xalq Cümhuriyyətinin o zaman həyata keçirdiyi bir sıra islahatlar da diqqət çəkirdi. İlk növbədə hökumət müstəqil respublikanın milli atributlarının müəyyənləşdirilməsini vacb sayırdı və bu istiqamətdə hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. Sentyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil edirdi. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı idi. Bu baxımdan xarici siyasət sahəsində önəmli addımlar atmaq, Azərbaycanın mövqeyini ayrı-ayrı ölkələrə çatdırmaq cümhuriyyətin qarşısında duran başlıca vəzifə idi. Demək olar ki, bu missiya da uğurla həyata keçirilirdi. Cümhuriyyət
rəsmilərinin beynəlxalq konfrans və forumlara dəvət edilməsi, əksər Avropa ölkələrində onun nümayəndəliklərinin yaradılması, Amerika prezidenti Vilsonla keçirilən görüşlər demokratik respublikanın 23 ay ərzində əldə etdiyi nailiyyətlər sırasında idi.
Azərbaycan Xalq Cümhuriyyəti eyni zamanda onu da dərk edirdi ki, dövlətin qorunması, müdafiəsi üşün onun Silahlı Qüvvələrinin yaradılması zəruridir və Osmanlı İmperiyası sona qədər onu müdafiə etmək olmaz. Ona görə də qısa vaxtda ordu quruculuğu prosesinə başlanıldı Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu. Beləliklıə, 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə cümhuriyyətinin Silahlı Qüvvələri yaradıldı. Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün hərbi nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də xarici işlər nazirliyinə məktub yazaraq, Aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət olunması imkanlarının öyrənilməsini xahiş etdi. Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləşməsi və Aprel işğalı (1920) hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi sahədə də həyata keçirdiyi islahatlar təqdirəlayiq idi və bu baxımdan milli hökumətin milli valyutasının olması zəruri idi. Hökumətin iqtisadi platformasında mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu. Ümumiyyətlə, mövcud olduğu 23 ay ərzində Cümhuriyyət Hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Azərbaycanda neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı - Culfa dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi. Müstəqil dövlətin atributu kimi, milli pul vahidinin buraxılması Cümhuriyyətin maliyyə siyasətinin mühüm uğuru idi.[37] 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar - "Bakı bonları" buraxıldı. Bu zamanadək isə tədavüldə "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması ilk vaxtlardan Hökumətin iqtisadi siyasətinin əsas məsələsi oldu. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olurdu. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı. 1919-cu ilin avqust ayından Azərbaycana xaricdən gətirilən bir sıra zinət şeylərinə müvəqqəti olaraq xüsusi gömrük tarifləri tətbiq olundu. Eyni zamanda daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi. Ümumiyyətlə, Azərbaycan Hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi önəm verirdi. Ən mühüm dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaş maq və müasirləşmək" şüarı bu işdə əsas görürülmüşdü. Cümhuriyyət Hökuməti 1918-ci il noyabrın 9-da "yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət" bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi.
Yuxarıda qeyd etdiyimiz kimi artıq cümhuriyyətin əldə etdiyi uğurlar xarici dairələri, xüsusilə Çar Rusiyasını ciddi şəkildə narahat edirdi və onun süquta uğradılması üçün yollar, fürsət aranırdı. Belə fürsət nəhayət ki, 1920-ci il, aprel ayının 28-də yetişdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-de beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu.
Ancaq sevindirici hal ondan ibarətdir ki, aradan 70 ildən artıq vaxt keçməsinə baxmayaraq XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və bu gün müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin dediyi kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq inamla irəliləyir, inkişaf edir.
Füzuli