Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regiona nə vəd edir
Bir neçə gün əvvəl Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirildi. Bu iclasın əsas diqqəti şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın liderləri- baş nazir Navaz Şəriflə prezident Məmnun Hüseyinin üzərində idi. Tədbirə çox sayda qonaq dəvət edilsə də xarici media orqanları əsasən üç liderin apardığı işləri , görüşləri və çıxışları işıqlandırırdılar.
29 Mart 2017 16:44 SiyasətBir neçə gün əvvəl Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirildi. Bu iclasın əsas diqqəti şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın liderləri- baş nazir Navaz Şəriflə prezident Məmnun Hüseyinin üzərində idi. Tədbirə çox sayda qonaq dəvət edilsə də xarici media orqanları əsasən üç liderin apardığı işləri , görüşləri
və çıxışları işıqlandırırdılar.
İslamabadda bir bayram ab- havası yaşanırdı. Bütün liderlər çətin zamanlarda Türkiyənin Pakistana, Pakistanın Azərbaycana , Türkiyənin Azərbaycana və Azərbaycanın da Türkiyəyə verdiyi qardaşlıq dəstəyindən danışmaqda idilər. Bütün liderlər ölkələrin suverenliyinə və müstəqilliyinə qarşı mövcud olan ümumi təhdidlərdən danışaraq
əməkdaşlığı və dostluğu daha da gücləndirməkdə qərarlı olduqlarını
nümayiş etdirdilər. Əsas vurğu hərbi, siyası və iqtisadi əməkdaşlığın daha da
gücləndirilməsi istiqamətində idi. Çünki bu ölkələrin xarici siyasətdə və Qərblə münasibətdə bənzər problemlərin yaşadığını müşahidə etməkdəyik. Çıxışlarda əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan beynəlxalq terrorizm üzərinə diqqətləri çəkərək bütün problemlərin regiondakı ölkələrdən deyil, xaricdən gəldiyini bir daha ifadə etdi və açıq şəkildə Qərbin bölgədəki terror təşkilatlarını və münaqişələri
bəslədiyini bəyan etdi.
***
Pakistanla Türkiyə arasında isti qardaşlıq münasibətlərinin min illik tarixə dayanan kökləri mövcuddur. Hələ Osmanlı İmperatorluğu zamanında indiki Pakistanın ərazisində
yaşayan müsəlmanlar türklərlə hər şəkildə həmrəy olaraq türk ordusunun səflərində vuruşmağa can atmış, 1919-cu ildə də Böyük Britaniyanın Osmanlı dövlətini parçalamaq planları səbəbindən ölkədə üsyan etmiş və ingilis müstəmləkəçilərinə qarşı vətəndaş müqavimətinə qalxmışdılar. Məmurlar iş yerini tərk etmiş, tacirlər
ingilis malı satmaqdan imtina etmiş, hərbiçilər Londondan gələn əmrləri yerinə yetirməmişdilər. Öz azadlığı üçün vuruşan və İstiqlal savaşı verən Türk xalqına hər növ maddi mənəvi və siyasi dəstəyi əsirgəməmişdilər. Pakistan hələ 1992-ci ilin yanvar ayında Türkiyə ilə bərabər Azərbaycanı ilk tanıyan dövlət olmuşdur. Qarabağ münaqişəsinin ilk günündən başlayaraq Pakistan hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən nadir ölkələrdəndir. 1947-ci ildə Pakistan müstəqilliyini elan edəndə onu ilk tanıyan dövlət də Türkiyə oldu. Yeni qurulan dövlətə Türkiyə müstəsna siyasi, hərbi və iqtisadi dəstək vermişdir.
Qeyd edək ki, Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinna bir Atatürk heyranı idi və
ölkəsini də Atatürkün prinsipləri üzərində qurmağa cəhd etmişdir. Türkiyə, Pakistan və Azərbaycan BMT və İKT (İslam Konfransı Təşkilatı) iclaslarında daimi olaraq bir-birinin mövqelərini səmimi şəkildə müdafiə etməkdədirlər. 1974-cü ildə Kipr hadisələri ilə bağlı Qərb ölkələri Türkiyəyə qarşı qərəzli siyasət aparanda Pakistan Türkiyədən imkanı olan heç bir dəstəyini əsirgəmədi, qardaş xalqın yanında oldu. Ötən əsrin 90-cı illərində Qərb Pakistana Nüvə Sınaqları səbəbi ilə embarqo tətbiq etdiyində Türkiyə İslamabada hər növ maddi texniki və siyasi dəstəyi verməkdən çəkinmədi. Qarabağ müharibəsi zamanında isə Pakistanın Azərbaycana hərbi, siyasi sahədə necə kömək etdiyini hər kəs bilməkdədir. Bu ölkələrin sadəcə hökümətləri deyil, xalqları da bir-birinə qarşı isti qardaşlıq münasibətlərinə sahibdirlər. Azərbaycan prezidenti İlham Əliyevin Pakistana bütün səfərləri zamanı xalq öz istəyi ilə onu qarşılamaq üçün yollara və meydanlara çıxır, öz sevgi və hörmətini ən səmimi şəkildə ifadə edir. 15 iyun qiyamı zamanı isə bütün Pakistan Türkiyə prezidenti R.T.Ərdoğana həmrəyliyini nümayiş etdirmək üçün yollara, meydanlara çıxdı, mitinqlər təşkil etdi.
Ölkələr arasında elmi humanitar sahələrdə də əlaqələr genişlənməkdədir. Əsasən Pakistanda böyük rəğbət görən türk serialları və müsiqisidir. Hər üç ölkə arasında geniş miqyasda tələbə və elmi sahədə mübadilələr də inkişaf etməkdədir.
Ölkələri bir-birinə yaxınlaşdıran ən mühüm məsələ isə xarici təhlükə, terrorla mübarizə və Qərb ölkələrinin bu dövlətlərə qarşı apardığı siyasətdir. Dünyada Qərbin ikiüzlü siyasətinin və ikili standartlar siyasətindən haqsız yerə əziyyət çəkən ölkələrin başında da Pakistan, Türkiyə və Azərbaycan gəlməkdədir. Qərb ölkələri həm Azərbaycana, həm Türkiyəyə, həm də Pakistana qarşı ikili standartlar siyasəti aparmaqdadır. Qərbin bölgə ölkələrinə qarşı apardığı ikiüzlü siyasətin çox örnəkləri mövcuddur.
Bu səbəbdən fikrimizcə ölkələrimiz bütün sahələrdə əməkdaşlığı, dostluğu və qardaşlığı daha da gücləndirməlidir. Mövzu ilə əlaqədar bir neçə qısa örnək göstərə bilərik. XX əsrin ortalarında Sovet təhlükəsindən qorxan Qərb və ABŞ bütün dünyada mümkün miqdarda özünə dost və müttəfiq axtarmaqda idi. Türkiyənin NATO üzvü olmaq üçün verdiyi tələb Qərb üçün böyük bir fürsət idi. Artıq Qara Dəniz, Aralq Dənizinin Şərqi, Bosfor və Dardanel boğazları NATO-nun nəzarətində idi. Anadolu yarımadasında yerləşdirilən orta mənzilli raketlər isə Kremldə oturanların daim yuxusunu qaçıran bir amil idi. NATO Türkiyə sayəsində 50 il bölgəyə çox sayda hərbi birlik göndərmədən və ağır xərclərə girmədən öz strateji məsələlərini həll edirdi. Brüssel hər hansı bir münaqişə çıxdığında əla təlim görmüş 10 milyon türk əsgərinin əmrində olduğunu nəzərdə tutaraq dünyanın başqa yerlərində rahatlıqla nifaq və fitnə ocaqları törətməkdə idi. İmkan tapanda da Ankaraya dostluğunu yüksək faizli kreditlər və köhnə hərbi texnika ilə ifadə etməkdən də imtina etmirdilər. Elə ki,
1983-cü ildə iş başına Turqut Özal gəldi, işlər dəyişdi. Sürətlə inkişaf etmək, öz iqtisadiyyatını gücləndirmək istəyən, öz hərbi sənaye kompleksini qurmaq istəyən Türkiyənin başına 1984-cü ildə PKK bəlasını,suiqəsdləri, intriqaları , 1991-ci ildə Körfəz Münaqişəsini sardılar. Turqut Özalın vəfatından sonra isə ard-arda gələn iqtisadi və siyasi böhranlarla nəzarətdən çıxmaq istəyən Türkiyənin qarşısına
hər ağla gələn və gəlməyən əngəllər çıxardılar. 2002-ci ildən sonra inkişafı daha da sürətlənən Türkiyəni terror vasitəsi ilə, daxili və xarici qarşıdurmalarla Suriya münaqişəsi ilə dayandırmağa cəhd etdilər.
Hər növ bəhanə və iftira ilə Türkiyəyə qarşı apardıqları ikiüzlü xain siyasəti pərdələməyə çalışdılar. Hal-hazırda isə törətdikləri hər növ yalan, uydurma bəhanələrlə
Türkiyəyə qarşı bəslədikləri kini demokratiya və mədəniyyət şüarları ilə ört-basdır etməyə, dünya ictimaiyyətini aldatmağa cəhd edirlər. SSRİ artıq çöküb və Türkiyəyə ehtiyac yoxdur məntiqi ilə hərəkət edən qərbli siyasətçilər bir məsələni də unudurlar ki, artıq onlar nə Yaxın Şərqə, nə də Orta Şərqə nəzarət etmirlər və bir zamanlar türk
əsgərinin mühafizə etdiyi Şərq sərhədləri də müdafiəsiz qalacaq. Dərk etdiklərində isə çox gec olacaq. Necə deyərlər fərqində deyillər. Türkiyəyə qarşı verdikləri sözlərin və vədlərin heç birisini tutmadılar , müttəfiq və dostluqlarının yalan olduğu üzə çıxdı. Bir
çox sabiq qərbli siyasətçi də bu haqsızlıqları etiraf etdi.
Gələk Pakistan məsələsinə İkinci Dünya Müharibəsinin nəticəsində sadəcə Hitler Almaniyası çökmədi, Böyük Britaniya İmperiyasının da süqutu başladı. London ard-arda az bir zaman zərfində demək olar ki, bütün müstəmləkələrini itirdi. Qərbin və Britaniyanın Şərqdə demək olar ki, heç bir müttəfiqi qalmadı. Hindistan Moskvaya qucaq açdı, Çin əldən getdi. Qərbin Orta Şərqdə tək müttəfiqi olaraq Pakistan qaldı. Qərbin Orta Şərqdəki müdafiə sipərində sadəcə Pakistan vardı. Ancaq verdiyi bütün
vədlərə sadiq qalan Pakistan daimi olaraq Moskva və Qərb tərəfindən altdan dəstəklənən Hindistanla çox sayda hərbi münaqişələr yaşadı. Bir çox böyük münaqişə və qarşıdurmada da qərbli müttəfiqləri tərəfindən döyüş meydanında yalnız buraxıldı. Əfqanıstan münaqişəsi başlayanda əsas hərbi -iqtisadi ağırılığı öz üzərinə alan Pakistan milyonlarca əfqanıstanlı qaçqına sahib çıxdı. Qonşuları atom silahı və raket
sınaqları keçirdi, kimsənin səsi çıxmadı. Pakistan öz nüvə silahını sınaqdan keçirdi, hər kəsdən bərk Qərbin səsi çıxdı. İslamabada qarşı tətbiq edilməyən iqtisadi və hərbi siyasi sanskiya qalmadı. Dostluq həmən yaddan çıxdı. Silah satışı və ticarət dayandırıldı. Qərbin Pakistanın başına yıxdığı Əfqanıstan münaqişəsi isə hal-hazırda da ölkənin başına sarılan bəla olaraq qalmaqda davam edir. SSRİ dağıldı, təhlükə keçdi. Hindistan Qərb üçün ən yaxşı dost oldu. Ancaq Pakistan neçə il əvvəl pulunu ödədiyi silahları hələ də ala bilmir. Ölkəyə təyyarə və yeni texniki avadanlığın satışına qadağa qoyulub. Sonra deyirlər ki, sən niyə öz raketini istehsal edirsən, niyə öz təyyarəni istehsal edirsən? Digər ölkələr nüvə silahının sınağını keçirir, kiminsə səsi çıxmır, ancaq Pakistan keçirdimi, qiyamət qopur. Hər hansı bir müsəlman ölkə baş qaldırmağa çalışdımı bütün dünya ayağa qalxır, sanksiyalar tətbiq edilir, təcrid
kampaniyası başladılır.
Azərbaycanın mövqeyinə gəldiyində isə 26 illik müstəqillik tariximizdə çətin günlər də oldu, gözəl günlər də. Ancaq bəzi Qərb ölkələri və Şimal qonşumuz bizim gözəl günlər yaşamamızı istəmirlər. Bunu anlamaq çətin deyil. Biz çətin gündə yanımızda olanları da yaxşı tanıyırıq, bizə badalaq atanları da.
Əsas odur ki, Türkiyə ilə Pakistan bizim yaxşı günümüzə sevindilər və çətin vaxtlarda da yanımızda olan nadir dövlətlərdəndirlər. Qərblə Rusiyanın ölkəmizə qarşı münasibətini görəndə məsələ aydınlaşır. Hərəsinin öz əngəl çıxarma metodları mövcuddur. Birisi kiçik bir xalqı silahlandırır, öyrədir, sənə savaş açar, ona sənin əzəli torpaqlarında dövlət qurar, o birisi heç bir şey olmamış kimi buna göz yumar . Kiçik
bir məsələ olanda da səni günahlandırar, tutuquşu kimi əvvəldən əzbərləmiş "dejurnı ", narahatıq, əndişəliyik, dost olun, qardaş olun, hər iki tərəf günahkardı" sözlərini sərf etməklə kifayətlənir . Parlamentində sənə qarşı min bir veto, qanun, qərarnamə çıxarar. Sənin torpaqların işğal edilir , minlərcə vətəndaşın qətl edilər " dejurnı " kəlimələrdən başqa yenə səs çıxmaz . Bizə yaşamağı öyrədənlər bir məsələni yaddan
çıxarmasın. Azərbaycan ərazicə balaca dövlət olsa da bütün Avropanın bacarmadığı bəzi böyük işləri bacarıb. Avropa 40-50 min Yaxın Şərq və Afrikadan gələn qaçqınlarla baş edə bilmir, müharibə şəraitində olan Azərbaycan 1milyon 200 min Qərbin də ikili stadartlar siyasəti səbəbi ilə qaçqın düşmüş vətəndaşına müharibə və iqtisadi böhran şəraitində sahib çıxdı. Sıfırdan yeni dövlət qurdu, iqtisadiyatını bərpa etdi.
Ancaq işğalçı Ermənistan hələ də işğalçı elan edilmədi. Münaqişə danışıqlarında tərəf oldu! Ancaq işğalçı olmadı?!
Ölkəmizin çətin anlarında Türkiyə və Pakistan bizə, həm maddi, həm də mənəvi yardımı əsirgəmədilər, yanımızda oldular. Ancaq gələcəyə doğru baxmaq lazımdır. Ölkələrimiz arasında siyasi, mədəni və hərbi əməkdaşlıq yüksək səviyyədə olsa da iqtisadi əlaqələr istədiyimiz qədər də yüksək deyil. Xaricdən alınan bəzi məhsullardan asılı olmamaq üçün ölkələrimiz arasında iqtisadi münasibətlər daha da genişlənməlidir. Yeni inkişaf və istehsal sahələri qurulmalıdır. Hərbi sənaye kompleksi sahəsində birgə
müəssisələr səviyyəsində münasibətlər inkişaf etdirilə bilər. Türkiyənin, Pakistanın bir çox hərbi sənaye sahələrində, əsas da nüvə, raket və elektronik sahələrində yaxşı inkişaf etmiş müəssisələri var. Bu şəkildə xarici bizim düşmənlərimizi də silahlandıran bəzi ölkələrə alternativ ola bilər. Bu ikili standartlar və ikiüzlülük siyasətinə, biz Qərbdə olan texnikanın və avadanlığın öz sahələrimizdə istehsalına başlayaraq qalib gələ bilərik. Bunun üçün hər üç ölkədə də potensial var.Yüksək səviyyəli əməkdaşlıq
münasibətləri bizim ölkələrin səfinə başqa mühüm dövlətlərin də keçməsi üçün zəmin yarada bilər. Yaxın perspektivdə bu Səudiyyə Ərəbistanı, İndoneziya, Misir kimi bölgənin əsas aktyorlarını da əhatə edə bilər. Uzun illər davam edən münaqişələr, böhranlar bunu deməyə imkan verir ki, Qərbdən, yaxud başqa bir region xaricində olan
ölkədən mədəd ummaq əsassızdır. Regionun ölkələri öz gələcəklərinə sahib çıxmalıdırlar. Hərbi, siyasi və iqtisadi ittifaqlar və alyanslar qurmalıdılar.
Qərb elmi, iqtisadi və hərbi sahədə böyük nailiyyətlər əldə edib, bu bir gerçəkdir ancaq mərhum Ümumimilli lider Heydər Əliyevin bir sözü var "Heç kim əbədi qalib ola bilməz."
Mehdi Səlimov