Həmsədrlərin növbəti həll variantı

ATƏT-in Minsk qrupu yenidən Ermənistanın maraqlarına xidmət edən gedişlər etməkdədir. Hər halda vasitəçilərin bir neçə gün əvvəl İrəvanda verdikləri açıqlama belə deməyə əsas verir.

Yaxud vasitəçilərin ənənəvi Ermənistan marağı

ATƏT-in Minsk qrupu yenidən Ermənistanın maraqlarına xidmət edən gedişlər etməkdədir. Hər halda vasitəçilərin bir neçə gün əvvəl İrəvanda verdikləri açıqlama belə deməyə əsas verir. Münaqişənin həllindən daha çox erməni maraqlarına xidmət edən həll variantında yer alan bəzi detallar Azərbaycanda haqləı narazılığa səbəb olub. Millət vəkilləri, siyasi ekspert və analitiklər Dağlıq Qarabağ problemi ilə bağlı ortaya qoyulan bu cür yanaşmanı qəbuledilməz hesab ediblər.

Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir: "ATƏT-in Minsk qrupuna həmsdrlik edən Birləşmiş Ştatların təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, ancaq, əslində burada yeni bir şey yoxdur. Hələ ötən il, Con Kerrinin Dövlət Departamentinə rəhbərliiyi dönəmində Birləşmiş Ştatların yeni həll planı hazırladığı, orada əvvəllər irəli sürülən təkliflərin "konkretləşdirildiyi" və "təmizləndiyi" açıqlanmışdı. Hoqlandın açıqlamasında yeni sayıla biləcək həmin planın 3 hissədən ibarət olduğunun vurğulanmasıdır. Və bu 3 hissədə böyük ehtimalla təmas xəttində nəzarət mexanizminin yaradılması, işğalçının Dağlıq Qarabağ ətrafındakı bir neçə rayondan çəkilməsi, müəyyən bir müddətdən sonra isə status məsələsinin həlli təklifləri yer alıb. Bu da bir növ mərhələli həll plandır ki, Azərbaycan prinsipcə, ona qarşı deyil. Sadəcə, bu həll planında birinci sırada işğalçının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilməsi tələbi qoyulmalıdır. Nəzarət mexanizmi isə məhz bundan sonra yaradılmalıdır. Əks təqdirdə danışıqlarda heç bir irəliləyiş mümkün deyil". Millət vəkili deyib ki, Ermənistan rəhbərliyi nəzarət mexanizmi yaradıldıqdan sonra təmas xəttinin de- fakto sərhəddə çevirldiyini görüb, status-kvonun indən sonra da qorunub saxlanması üçün hər cür məkrə əl atacaq: "25 illik təcrübə göstərir ki, həmsdr dövlətlər isə yenə də "tərəflər öz aralarında razılığa gəlməlidilər" kimi köhnə bayatılarından o yana getməyəcəklər".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanda keçirdiyi danışıqlar və irəli sürdüyü üç maddəlik plan Azərbaycanın milli maraqlarına cavab vermir. Onun sözlərinə görə, amerkalı həmsədrin hazırladığı bu plan, Rusiya və Fransa tərəfindən də qəbul edilib: "Təklif edilən üç maddəlik planın, digər planlar kimi, Azərbaycan tərəfindən qəbul edilməsi qeyri-mümkündür. Minsk qrupunun üzvüləri Ermənistan prezidenti ilə görüşdə, bu maddələri müzakirə ediblər. Çox gümanki Ermənistan tərəfindən qəbul edilib. Çünki, bu sənəddə Qarabağda azərbaycanlılarsız referendum məsələsi yer alıb. Qeyd edim ki, Azərbaycan üçün daha məqbul variant, Qarabağa aralıq statusun verilməsidir. Hazırda Qarabağa təklif olunan aralıq status Ermənistan müxalifəti tərəfindən qəbul edilir. Azərbaycan çalışır ki, bu istiqamətdə danışıqlar aparılsın. Qeyd edim ki, "Madrid prinsiplərində" bu aralıq status məsələsi öz əksini tapıb.

Sonrakı danışıqlarda ərazilərin boşaldılması ilə, son mərhələdə Qarabağın yekun statusunda referendum məsələsi masaya gətirildi. Nəticədə bu variant danışıqların dalana dirənməsinə və status-kvonun qorunmasına hesablanıb". Politoloqun qənaətincə, ATƏT-in Minsk qrupunun həmsədrləri demək olar ki, referendum məsələsində həmfikirdirlər: "Yəni, həmsədrlər ərazilərin qaytarılması ilə Qarabağa müstəqillik vermək fikrində həmrəydirlər. Proseslər çox mürəkkəbdir, danışıqlar aparılacaq. Amma, bu danışıqların nəticəsində, hər hansı müsbət konsensus əldə olunmayacaq. Serj Sarkisyan seçkidən sonra, çox ciddi şəkildə yenidən danışıqları sabotaj edəcək".

Müstəqil ekspert Rövşən Məmmədli bildirib ki, Ermənistanla Azərbaycan arasında "sülh anlaşması" vəzifəsini üzərinə götürən Minsk qrupu bu danışıqları indiyə qədər hər iki ölkənin xalqından gizli aparıb: "Səbətdə nə təklif olub, tərəflər ona nə münasibət bildirib indiyənə kimi faktiki xalqa heç bir məlumat verilməyib. Ucundan-bucağından nə isə deyilib, bəzi siyasətçilər yazarlar isə o üzə bu üzə çevrib nə isə açma verməyə çalışıblar. Hamısı bu qədər. Xalqa verilən rəsmi məlumat isə bu olub ki, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü mübahisə predmeti deyildir. Ancaq Ermənistanda, xüsusilə son vaxtlardakı bu məsələyə reaksiyaları, politoloqların çıxışlarını, xalqın nümayəndələrinin fikirlərini, Sərkisyana qarşı çıxanların fikirlərindən aydın olur ki, Minsk qrupunun danışıqlarının məzmunundan ermənilər həmişə xəbərdar olurmuşlar. Səbətdə nə olduğundan xəbərdarmışlar. Həmçinin erməni psixologiyasında belə bir fikir tam formalaşıb ki, Dağlıq Qarabağ, Laçın, Kəlbəcər artıq onlarındır. Söhbət yerdə qalan beş rayonun təhvil verilib verilməməsindən gedir. Ola bilsin ermənilər bunu qəsdən deyirlər, yaxud xəstə təfəkkürlüdürlər. Ancaq fakt budur ki, onlar belə düşünürlər".

Göründüyü kimi həmsədrlər yenə əvvəlki ampulualarındadırlar. Onları hər zamankı kimi Dağlıq Qarabağ problemini beynəlxalq hüquq və prinsiplər əsasında həll etmək yox, daha çox Ermənistanın maraqlarını təmin etmək düşündürür.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31