Rusiya Qarabağ ermənilərinə pasport paylaya bilərmi?
Separatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasportları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yolu ilə bu bölgələri geri qaytarması problematikdir. Çünki Rusiya bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır.
21 Fevral 2017 11:33 SiyasətSeparatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasportları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yolu ilə bu bölgələri geri qaytarması problematikdir. Çünki Rusiya bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin fərman verərək separatçı Donetskdə və Luqanskda yaşayanların "yerli" pasportlarını da tanıyıb, halbuki oradakı insanlara da Rusiya pasportları paylaya bilərdi: "Sadəcə, Ukraynanın şərqində hələ müharibə gedir. Həmin bölgənin separatçıları döyüşlərdə ciblərində Rusiya pasportları ilə həlak olsalar, Moskva istər-istəməz öz vətəndaşlarını qorumaq üçün Ukrayna ilə müharibəyə başlamaq məcburiyyətində qalacaq. Ona görə də Putin hələ ki, Ukraynadakı separatçılara Rusiya pasportları verməyə tələsmir. Ancaq həmin gün uzaqda deyil".
E.Şahinoğlu Moskvanın Dağlıq Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaya biləcəyi ilə bağlı fikirlərini açıqlayıb: "Bu, Ermənistan hakimiyyətinin çoxdankı arzusudur. Moskva hələ ki, buna getmir. Ancaq bu, Rusiyanın Azərbaycana hörmət və izzətindən irəli gəlmir. Sadəcə, münasibətlərdə ciddi suallara rəğmən, Rusiya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəmir. Ancaq əgər rəsmi Bakı xarici siyasətdə Gürcüstan və Ukrayna kimi Qərbin xeyrinə korrektələr etsə və ya işğal altındakı torpaqları geri qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, bu halda təxribat gözləmək mümkündür. Bu o deməkdirmi ki, biz hər addımımızda Rusiya amilini nəzərə almalıyıq? Bunun da uğurlu yol olduğunu düşünmürəm. Onda gərək işğal altındakı torpaqları geri qaytarmaq haqqında düşünməyək və müharibənin ömrü də keçən il olduğu kimi cəmi 4 gün çəksin. Biz daima "Rusiya amili"ni nəzərə almaqdansa, qoy Rusiya "Azərbaycan amili"ni nəzərə alsın". Milli.az