Azərbaycan prezidentinin Münhen mesajları - ŞƏRH
“Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi”.
20 Fevral 2017 18:36 Siyasət"Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi".
Bunu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib. O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın qazandığı uğurların, Azərbaycanın potensialının təqdimatı baxımından çox mühüm bir tədbir olub: "Cənab prezident hər zaman olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin mahiyyəti, Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında Münhen Təhlükəsizlik Konfransının tribunasından beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar ünvanladı. Bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 4 vacib qətnaməsi icra olunmur. Halbuki əksər hallarda BMTqətnamələrinin bir neçə saat sonra icrasına başlanır. Azərbaycan prezidentiİlham Əliyev ikili standartlar məsələsini xüsusilə vurğuladı. Cənab prezidentin çıxışında ən çox diqqəti cəlb edən məsələlərdən biri də, heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılması və bunun nəticəsində Azərbaycanın bir çox hallarda dövlətlər arasında pozulmuş münasibətlərin bərpası istiqamətində əldə etdiyi nəticələrdir. Bu nöqteyi-nəzərdən məhz cənab prezident xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin, birbaşa cənab prezidentin özünün və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində Türkiyə - Rusiya münasibətlərinin bərpası mümkün oldu və iki dövlətin pozulmuş münasibətlərinin bərpasına bu vasitəçilik missiyası öz töhfəsini verdi, əlaqələr bərpa olundu və bu gün də inkişaf tempinə malikdir".
Millət vəkilinin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında panel-müzakirələr çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında Bakıda keçirilmiş görüşün çox vacib məqamlarına da aydınlıq gətirib: "Cənab prezident qeyd etdi ki, biz bu görüşün yerini təklif etməmişdik. Məhz bu iki fövqəldövlətin hərbi rəhbərliyi belə bir qərar qəbul edib. Yəqin ki, bu qərarın qəbul edilməsində Azərbaycanın dünyada artan nüfuzu, çəkisi rol oynayıb. Eyni zamanda, Azərbaycan prezidenti dedi ki, Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də NATO-nun üzvüdür, Azərbaycan müstəqil xarici siyasət və müstəqil xarici hərbi siyasət həyata keçirir. Azərbaycanın balanslı, çevik, tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət kursu həyata keçirməsi dünyanın iki nəhəng dövlətinin yüksək rütbəli hərbçilərinin bir araya gəlməsini şərtləndirən həlledici amilə çevrilib. Generallar arasında sonuncu dəfə bu səviyyədə görüş 2014-cü ilin yanvar ayında Brüsseldə keçirilmişdi. O vaxtdan indiyə qədər heç bir Avropa şəhərində və yaxud Vaşinqtonda, Moskvada belə bir görüşün keçirilməsi mümkün olmamışdı. Görüş üçün məkan kimi Azərbaycanın seçilməsinin geosiyasi, rəmzi mənası var. Bu görüş Azərbaycana olan diqqətin və hörmətin birbaşa təzahürüdür. Bütövlükdə Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada səsləndirdiyi bəyanatlar Azərbaycanın beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verdiyinin növbəti dəfə təsdiqi oldu və Azərbaycana olan etimadın daha da yüksəlməsinə xidmət göstərdi".
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Milli Məclisin üzvü Musa Qasımlı bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təcavüzkar Ermənistana təzyiqlər etməsi,BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin sözsüz yerinə yetirilməsi, dövlətlərin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol verilməməsinə dair verdiyi bəyanat Azərbaycan dövlətinin və millətin mövqeyinin bir daha açıq-aydın və qətiyyətlə ifadə edilməsidir: "Böyük əhəmiyyət daşıyan bu bəyanat bir daha göstərir ki, Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıya güzəştə getməyəcək və müvafiq ölkələr nizamasalma səylərində fəal olmalıdırlar. Eyni zamanda, Azərbaycan prezidenti İlham ƏliyevMünhen Təhlükəsizlik Konfransında Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Regionun iki böyük dövləti olan Rusiya və Türkiyə arasında Azərbaycan daim etibarlı körpü olub, indi də belədir. Rus-türk münasibətlərinin normallaşdırılmasında cənab prezidentin xüsusi rol oynadığı bəllidir. Bu ölkələr arasında normal münasibətlərin mövcud olması həm onların özlərinə, həm də regiona və dünyaya faydalıdır. Cənab prezident bu fəaliyyəti ilə rus-türk münasibətlərini soyuqlaşdırmağa, onlar arasında düşmənçilik yaratmağa çalışan Ermənistanın niyyətini də boşa çıxardı". Apa.az