Bakıdan Qərbə: "Ayılın, terrorçunu dəstəkləməyin"
Məşhur jurnalist aparıcısı Filip Stivens aparıcısı olduğu panel müzakirədə bu sualı verəndə zalda təəccüb yaratmışdı. Çünki onun sualı ünvanladığı şəxs Estoniya prezidenti Kersti Kalyulayd idi.
20 Fevral 2017 12:14 SiyasətBağışlayın, siz kimsiniz, kimi və haranı təmsil edirsiniz?
Məşhur jurnalist aparıcısı Filip Stivens aparıcısı olduğu panel müzakirədə bu sualı verəndə zalda təəccüb yaratmışdı. Çünki onun sualı ünvanladığı şəxs Estoniya prezidenti Kersti Kalyulayd idi.
Əlini qaldıran və danışmaq istəyən K.Kalyulayd isə tövrünü pozmayaraq söylədi: "Mən Kersti Kalyulaydam, ölkəm Estoniyanı təmsil edirəm".
Elə həmin diskussiyada çıxış edən Litva prezidenti Dalya Qribauskayteni isə Stivens dərhal tanıdı.
Bu olay Almaniyanın Münhen şəhərində keçirilmiş Təhlükəsizlik Konfransında, Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə yaşanıb.

Filip Stivensin Estoniya prezidentini tanımaması ilk baxışdan diplomatik kazus sayılsa da, əslində, postsovet məkanındakı geosiyasi situasiyanı əks etdirən məqam da sayıla bilər.
Bavariyanın paytaxtı Münhen şəhərində fevralın 17-də başlanan və üç gün davam edən bu konfransda 9 panel müzakirə, iki gecə toplantısı, habelə çoxsaylı iclaslar oldu.
Estoniya prezidentini tanıdılar, söz verdilər, o danışdı və həmişəki təki, Baltikyanı dövlətlərin üzləşdikləri geosiyasi çağırışlardan, problemlərdən bəhs etdi.
Latviya, Litva və Estoniyanın dövlət başçılarının çıxışlarını birləşdirən məqam, onların nitqlərindəki leytmotiv isə illərdən bəri dəyişməyən refrendi: "Qərblə Şərqin, NATO ilə Rusiyanın arasındayıq, Moskva bizi təhdid edir, bizə yardım edin, bizi qoruyun".
2000-ci illərin əvvəllərində ilk dəfə gündəmə gətirilən və "Rusiya təhlükəsindən müdafiə zərurəti" anlamını Avropa Birliyi ilə NATO-nun siyasi lüğətində aktuallaşdıran həmin ifadələr indi Qərbin fikrincə, daha da aktuallaşıb.
Rusiya isə tam əksinə, bu prosesi saxta, süni sayır, müzakirələrin bilavasitə ona qarşı yönəldiyini vurğulayır.
Moskva tam haqlıdır, çünki ABŞ və NATO xüsusilə son dönəmlərdə Baltikyanı dövlətlər məsələsindən Rusiyaya aşkar pressinq vasitəsi kimi istifadə etməyə başlayıb.
Belədə, məntiqlə, Estoniya prezidenti Münhen Təhlükəsizlik Konfransının əsas qəhrəmanlarından biri, tanınan sima, jurnalistlərin can atdığı insan olmalıydı.
Olmadı, ola da bilməzdi, çünki Avropa Birliyi və ABŞ-ın qlobal siyasi orientirləri dəyişir.
Dəyişikliklər, ilk növbədə, illər əvvəl bəyan edilmiş doktrinalara yenidən baxılması, onların modernizasiyası və ən başlıcası, postsovet məkanındakı dövlətlərlə münasibətlərin rakursunun yenilənməsidir.
Avropa Birliyinə üzvlüklə bağlı illər əvvəl bir sıra dövlətlərə vədlər verən, Şərq Tərəfdaşlığı proqramını işə salaraq həmin ölkələri Brüsselə cəlb etməyə çalışan taktika özünü doğrultmadı.
Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan və Ermənistanın dəvət olunduğu bu proqramın, əslində, fiksiya olduğu göründü. Çünki Avropa Birliyi "mehriban qonşuluq və sıx tərəfdaşlıq" prinsiplərini bəyan etsə də, struktura üzvlüklə bağlı şərtlər paketini elə böyük, elə yerinəyetirilməz hala saldı ki, Azərbaycan postsovet məkanı ölkələri arasında bu idefiksin absurdluğunu bəyan edən ilk dövlət oldu.

Nədən ki, Avropa Birliyinə real yox, hipotetik, yəni "nə zamansa, ola bilər, bəlkə də" şərtləri ilə üzvlük şansının müqabilində "yeni tərəfdaş" ölkələrdən xarici siyasətin az qala bütünlüklə Brüsselin diqtəsi ilə yürüdülməsi, daxili siyasətin də tələblər çərçivəsində "adaptasiya" olunması, yəni uyğunlaşdırılması tələb edildi.
Həmin "uyğunluq", əslində, Brüsselin bütün diplomatiya qaydalarını ayaqlar altına salaraq ultimatum formasında səsləndirdiyi tələblərə uyğun olaraq qanunvericiliyin dəyişdirilməsi, müstəqil xarici siyasətin unudulması, daxili siyasətin də buyruqlar və göstərişlər əsasında formalaşdırılmasını nəzərdə tuturdu.
Brüssel vədlərin müqabilində müstəqillikdən imtinanı, siyasi stabilliyin efemer "demokratik dəyərlər"ə qurban verilməsini, xaos və qarışıqlara zəmin yaradılmasını, ölkənin siyasi feodlara bölünməsini istəyirdi.
Azərbaycan "nə zamansa, mümkündür, bəlkə, düşünərik" ifadələrinə bürünən vədlərin təhlükəsini dərhal hiss etdiyindən Şərq Tərəfdaşlığı Proqramında, sadəcə, tərəfdaşlıq edəcəyini bildirdi, müstəqilliyi ilə suverenliyinin siyasi alver predmeti olmadığını bəyan etdi və Avropa Birliyi ilə münasibətlərin qarşılıqlı sayğı, ən başlıcası isə maraqların qarşılıqlı şəkildə nəzərə alınması şəraitində və formatında mümkünlüyünü bildirdi.
Digər dövlətlər ilğıma inandılar, illüiziyaya tapındılar və müstəqillikləri ilə yanaşı, stabilliyi də itirdilər, çoxsaylı natamamlıq komplekslərinə mübtəla oldular.
Azərbaycan isə həmin dövlətlərin hamısından fərqli olaraq, tam müstəqilliyini qorudu. Dövlətimiz postsovet məkanında fərqli, təkrarsız, unikal mövqeyə yiyələndi. Azərbaycan, sözün gerçək mənasında, suveren, azad xarici siyasət yürüdür və nə Ağ Evin, nə Moskvanın, nə Ankaranın, nə Brüsselin, nə də Tehranın göstərişlərini yerinə yetirmir. Bunun hansı pressinqlərə, təzyiqlərə, müdaxilə cəhdlərinə, hədələrə və ultimatumlara rəğmən reallaşdığını demək, ölkə rəhbərliyinin çox ağır situasiyaların yaratdıqları problemləri çözdüyünü vurğulamaq izafidir bizcə.
Aydındır vəziyyət və bəllidir ki, Azərbaycanın əsas siyasətçisi, gerçək lideri İlham Əliyevdir. Çünki o, boş vədləri qəbul etmir, xalqı və dövləti qarşısında məsuliyyətini hiss edir, ölkəni üzləşdiyi problemlərin məngənələrindən indiyədək uğurla çıxardığı kimi, bundan sonrakı siyasi taktika, iqtisadi strategiya və regional tərəfdaşlıq motivlərini məhz xalqla dövlətin maraqlarına uyğun müəyyənləşdirir.
Məhz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində "əsrin müqaviləsi" adlandırılan Bakı-Tiflis-Ceyhan marşrutunun işə salınmasından sonra rəsmi Bakı yeni meqalayihəni reallaşdırmağa başlayıb.

Söhbət Azərbaycan və Türkmənistanın təbii qazını Avropa Birliyinə çıxaracaq Cənub Qaz Dəhlizi marşrutundan gedir: bu boru kəməri ilə ildə 48 milyard "mavi yanacağın" nəqli nəzərdə tutulub.
Böyük İpək Yolu, TAP və TANAP layihələri də məhz Bakının təşəbbüsü, aktiv iştirakı və səyləri nəticəsində gündəmə gələn, gerçəkləşən, regionla yanaşı, bütün Avrasiyanın iqtisadi xəritəsində yeni marşrutlar yaratmaqla bahəm, situativ qüvvələr nisbətini dəyişəcək layihələrdir.
Bütün bunlar Azərbaycanla bağlı marazmatik "demokratiya" planlarının iflasa uğramasına, postsovet məkanının digər ölkələrindən fərqli olaraq ölkə şəhərlərinin küçələrəinə narazı xalqın çıxmamasına, tam əksinə, xalqla hakimiyyətin uzlaşaraq vəhdət təşkil etməsinə səbəb oldu.
Azərbaycanda kütləvi etiraz aksiyaları, "boş qazanlar marşları", mitinqlər və yürüşlər olmur.
Siyasi ölü durumuna düşmüş marionetka müxalifətin hər yeni göstərişdən sonra Bakıda mitinq keçirmək cəhdlərinin nə ilə sonuclandığı göz qarşısındadır: troqlodit şüurlu bir dəstə öz "lider"lərinin çağırışlarından sonra tribunaların qarşısına yığışır, kustar primitivizm janrındakı plakatları və bayraqları yelləyir, "İstefa! Azadlıq" bağırır, bəlağətli çıxışlara qulaq asır, bitmək bilməyən "Biz gəlirik!" idiomalarına vəcdlə qulaq asır, sonra da dağılışıb gedirlər işlərinin dalınca ki, axşam saatlarında sosial şəbəkələrdə yeni "inqilab" edələr.
Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" pyesinin qəhrəmanlarını xatırladan müxalifət liderləri isə hər belə mitinqdən sonra öz aralarında didişmələri fəallaşdırır, bir-birlərini "Ayın sonunda qulaqlarını kəsib səni qoyun itinə döndərməsəm, mənə haram olsun!" hədələrinə tuş edir, total məğlubiyyətlərini və 25 ildən bəri dəyişməyən, refrenə çevrilib usandırıcı ibarələrə dönən söz yığınından əl çəkmirlər.
Onların qorxusu, ümumiyyətlə, unudulmaq, indiki tək-tük tərəfdarlarını itirməkdir və o vaxt da qaçılmaz perspektiv təsiri bağışlayır.
Bütun bu yığnağın Azərbaycan hakimiyyətini tənqid etməsi satirik operettanı xatırladır: personajlar eyni, sözlər dəyişməz, məramlar mücərrəd, istəklər isə mənhusdur.
Vaşinqton, Paris və Moskva artıq susmamalıdır
Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirənin aparıcısının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualına cavab verən Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri var və bu, qarşılıqlı hörmətə əsaslanır. Qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını deyən İ.Əliyev Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini bildirdi. Bu məqsədlə həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya prezidenti Vladimir Putinlə danışdığını, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də vasitəçilik prosesində iştirak etdiyini deyən prezident İlham Əliyev Türkiyə və Rusiya dövlət başçılarının vəziyyəti qiymətləndirib düzgün qərar verdiklərini vurğuladı. Artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını deyən prezident İlham Əliyev bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edərək bildirdi:

"Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik.
Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır".
Sonra tədbir müzakirələrlə davam etdirildi. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında İlham Əliyev bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir. "Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib", - deyən dövlətimizin başçısı qondarma "Dağlıq Qarabağ rejimi"nin keçirəcəyi "referendum"un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirdi. Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu "referendum"un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırdı.
Bununla da Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, əslində, "voyaj diplomatiyası" ilə məşğul olduqlarını, daha açıq desək, işğalçı Ermənistanın aqressivliyinə göz yumduqlarını, bununla da terroru dövlət siyasətinə çevirmiş İrəvanda cəzasızlıq sindromu yaratdığını Qərbin nəzərinə çatdırıb.
Eyni zamanda, Münhen konfransında o da vurğulandı ki, Ermənistanın işğalçılıq siyasəti yalnız Cənubi Qafqaz üçün yox, bütün region üçün böyük təhlükədir.
Qərb çağırışı indi də anlamasa, gec olacaq.
79 il əvvəl Münhendə yol verilən səhv dünyanı faciəyə düçar etmişdi. 1938-ci ilin sentyabrın 29-da Britaniyanın baş naziri Nevill Çemberlen, Fransa hökumətnin rəhbəri Eduard Daladye nasizm və faşizmin bəlalarını qulaqardına vuraraq Almaniyanın reyxkansleri Adolf Hitler və İtaliyanın baş naziri, "duçe"si Benito Mussolini ilə anlaşdılar.
Anlaşma Çexoslovakiyanın Sudet əyaləti ilə bağlı idi.

Münhendəki Təhlükəsizlik Konfransı 79 il öncə Avropanın simasını qaraldan, siyasətə ləkə olan həmin toplantıdakı səhvləri təkrarlamamalıydı, terrorçulara, separatçılara, xüsusilə də başqa dövlətlərin ərazilərinə göz dikənlərin tamahlarını bilmərrə söndürməliydi.
Avropa bunu bacardımı?
Zaman göstərəcək, çünki nasist Almaniyası təki, daşnak Ermənistanı da "ərazi sıxlığı" problemini dövlət səviyyəsində müzakirə edir, Azərbaycanın ərazilərinin 20 faizinin işğalına "haqq" qazandırmaq istəyir və aqressiv-militarist siyasət yürüdür.
79 il əvvəl nasistləri zərərsizləşdirməyin vacibliyini dərk etməyən Avropa Münhendə intihar etdi. Bu dəfəsə Avropanın səhvə şansı yox.
Özünü az qala yeni Adolf Şiklqruber hesab edən, idiotizmi siyasət, şizofreniyanı da taktika sayan Serj Sarkisyan da fürerlik iddiasındadır.
Avropa bunu anlamalıdır artıq...
Elçin Alıoğlu