"Telekommunikasiya haqqında" qanunda dəyişikliklər edildi
Prezident İlham Əliyev "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 371-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
12 Dekabr 2016 16:34 SiyasətPrezident İlham Əliyev "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 371-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 371-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
X X X
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 23-cü bəndlərini rəhbər tutaraq, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununu "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969) 40-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 40.4-1-ci maddə əlavə edilsin:
"40.4-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər.";
2. 40.5-ci maddədə "Fövqəladə hallar" sözlərindən sonra ", dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar" sözləri əlavə edilsin". AZƏRTAC