"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilib
Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 367-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
12 Dekabr 2016 15:42 SiyasətPrezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 367-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 367-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
XXX
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununu "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367, № 11, maddə 1257, № 12, maddə 1443) 12-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci hissəyə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
"3-1) dini ekstremist fəaliyyətlə məşğul olma;".
2. Aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir"". AZƏRTAC