Təklif: Türkiyə PKK-nın içində partlayış törətsin

PKK İŞİD-in texnologiyasını mənimsəyib, "terrorçu kamikadzelər" yetişdirir, adını da qoyub "kürd şahinlər". Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir.

PKK İŞİD-in texnologiyasını mənimsəyib, "terrorçu kamikadzelər" yetişdirir, adını da qoyub "kürd şahinlər". Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ona görə də ekspertin fikrincə, bu terrorçuları elə onların öz silahları ilə vurmaq lazımdır: "Məsələn, bir dəfə eşitmədik ki, PKK-nın bazalarının birində kimsə içəridən terrorçuları partlatsın. Yoxdursa, Türkiyənin intiqamını almağa hazır olan vətənsevər kürdləri yetişdirmək lazımdır. Fələstinin terrorçu qruplaşması Münhen olimpiadasında bir qrup israilli idmançını qətlə yetirdi. Əvəzində İsrail kəşfiyyatı kənarda yəhudi ideologiyasına sadiq olan qrup yaradaraq elan etdi ki, İsrailli idmançların qətlinə əmr verən və həyata keçirənlərin hamısı dünyanın istənilən nöqtəsində tapılıb qətlə yetirilməlidir. Bir neçə ilin ərzində dünyanın müxtəlif ölkələrində həmin fələstinli terrorçuların və onların mənəvi liderlərinin meyitləri tapıldı. Rusiyanın özü İstanbulda nə qədər keçmiş çeçen döyüşçünün qətlinə əmr verdi. Çoxları bu üsuldan istifadə edir. Terrorçu bilməlidir ki, o, 20 nəfər öldürəcəksə, qarşı tərəf ondan on qat artığını qətlə yetirəcək. Türkiyə bir dəfə bu yolu keçib. Türkiyəli diplomatları qətlə yetirən erməni "Asala" təşkilatı terror əməlinə görə baha qiymət ödədi. Demək, bu üsulun yenidən tətbiqinə ehtiyac var".

Qeyd edək ki, son aylar İŞİD və PKK terrorçuları tərəfindən Türkiyədə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticlənmiş çoxaylı terror aktları törədilib. Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən "Vodafone Arena" sadionunun yaxınlığında PKK-nın törətdiyi son belə aktlardan birinin nəticəsində 44 nəfər ölüb, 150 nəfərdən çox insan yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31