Eks-prezidentin SSRİ xəyalı

Eks-prezident Ayaz Mütəllibov son bir neçə ayda yerli mətbuata verdiyi müsahibədə müəyyən açıqlamalarla çıxış edib ki, bu da siyasi çevrələrdə birmənalı qarşılanmayıb. Bir müddət əvvəl verdiyi müsahibədə onu vaxtı ilə hakimiyyətdən devrilən AXC-Müsavat hakimiyyətini tənqid edən Ayaz Mütəllibov bu günlərdə yenidən müsahibə verdiyi yerli xəbər saytlarından birində keçmiş xatirələrini dilə gətirib.

Əli Əliyev: "Ayaz Mütəllibov çəkinmədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həqarət nümayiş etdirir"

Eks-prezident Ayaz Mütəllibov son bir neçə ayda yerli mətbuata verdiyi müsahibədə müəyyən açıqlamalarla çıxış edib ki, bu da siyasi çevrələrdə birmənalı qarşılanmayıb. Bir müddət əvvəl verdiyi müsahibədə onu vaxtı ilə hakimiyyətdən devrilən AXC-Müsavat hakimiyyətini tənqid edən Ayaz Mütəllibov bu günlərdə yenidən müsahibə verdiyi yerli xəbər saytlarından birində keçmiş xatirələrini dilə gətirib. Daha çox etirazsız və xoş getmək üçün qulluq etdiyi keçmiş SSRİ barədə xatirələrini dilə gətirən eks-prezident müttəfiq respublikalar birliyinin dağılmasından da təssüf hissi keçirdiyini ifadə edib. Müsahibədə eks-prezident Ayaz Mütəllibov  SSRİ-nin dağılması prosesindən təəssüf və ürək ağrısı ilə danışır. Keçmiş imperiyanın dağılmasını "tarixin səhvi" adlandıran Ayaz Mütəllibov, hətta Mixail Qorbaçov və Boris Yeltsin haqqında mənfi fikirlər də səsləndirir. SSRİ-nin dağılmasını bir faciə kimi qiymətləndirən keçmiş kommunist-prezident, imperiyanın saxlanması üçün təşəbbüslərə zamanında hazır olduğunu, Belovejsk sazişi imzalanmasına dəvət olunmamasını SSRİ-nin dağılma səbəbi kimi təqdim edir. Eks-prezident Ayaz Mütəllibov orada olacağı təqdirdə Azərbaycanın müstəqil olacağına dair əlindən gələni edəcəyini bildirir. 

Ayaz Mütəllibovun yerli mətbuata verdiyi bu dəfəki müsahibəsi də siyasi çevrələrdə etirazla qarşılanıb. Xüsusilə, eks-prezidentin  keçmiş SSRİ-nin dağılmasına təssüf etməsi narazılıq doğurub.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Azərbaycanın dövlət müstəqilliyinə həqarət edən keçmiş prezident Ayaz Mütəllibovun belə bir müsahibə verməsini kəskin tənqid edib. Hətta partiya sədri bir qədər də irəli gedərək Azərbaycanın müstəqilliyini təhqir edən bir şəxsin imtiyazlarının məhrum olunması təşəbbüsünü də irəli sürüb: "Bu adam müstəqil və suveren respublikanın dövlət imtiyazları ilə yaşayan, ömür sürən birisidir. Ayaz Mütəllibov çəkinmədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həqarət nümayiş etdirir.  Müstəqillik əlehinə 1991-ci ilin martında səs verənlər dövlət postlarında, parlamentdə təmsil olunur, kef-damaqda yaşayırlar. Respublikanın bayrağı və gerbini Məmməd Əmin Rəsulzadə versiyasında Parlamentə gətirən, Müstəqillik Aktını imzalayan ilk Prezident müstəqilliyə 25 ildən sonra hörmətsizlik nümayiş etdirir". Vətəndaş və İnkişaf  Partiyasının sədri hesab edir ki, eks-prezident
Ayaz Mütəllibovun məlum müsahibəsi müəyyən dairələrin istək və arzularına xoş gəlmək üçün verilib: "Amma bu qədər də buqələmunluq etmək olmaz axı! İxtiyar yaşında birinin özünü bu qədər təkzib etməsi onun özünə ziyandır. Bu fakt bir daha göstərir ki, Ayaz Mütəllibov siyasətdə təsadüfi adamdır. Onun heç bir siyasi duyumu mövcud deyilmiş. Sən demə axına düşmüş çör-çöp kimi bu illər ərzində divara dəyə-dəyə mövcud olub. Biz hansı Mütəllibova inanaq? Dövlət müstəqilliyi aktına imza atan, Rəsulzadə dövlətini bərpa edən, onu dünyada tanıdan heyət formalaşdırıb dünyaya göndərən, ermənilərə qarşı prinsipial mübarizə aparanamı, yoxsa 1990 cı ildə Şəhidlərin qanı üzərində hakimiyyətə gələn, 1991-ci ilin martında referendumu təşkil edib SSRİ-ni qorumağa çalışan, Azərbaycandan qaçıb Moskvada gizlənən, belə müsahibə verib Azərbaycanın dövlət müstəqilliyindən təəssüflənən birisinəmi?". Əli Əliyev eks-prezident Ayaz Mütəllibovun imtiyazlarının ləğv edilməsi təşəbbüsü ilə də çıxış edib. Bildirib ki, Prezident Əliyevə müraciət edərək, müstəqil dövlətin imtiyazlarına layiq olmadığını öz müsahibəsində ortaya qoymuş Ayaz  Mütəllibovu imtiyazlardan məhrum etməyə çağırır: "SSRİ-nin varisi bu gün Rusya Federasiyasıdır. O halda, qoy, Ayaz Mütəllibov Rusiya Federasiyasının prezidenti Vladimir Putindən imtiyaz dilənsin.  Düşünürəm ki, Vladimir Putin bundan yalnız sevinər". Partiya sədrinin sözlərinə görə,  əslində siyasətçi şəxsiyyət, peşəkar olmadıqda, belə simptomatika üzə çıxır: "Belə dəyişkən şəxslərə flüger də deyirlər. Almaniyada flügerlərin maraqlı forması və yaxşı adı da var".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31