İran parlamentində “Türk Fraksiyası”

Vüqar Zifəroğlu: “İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması müsbət hal kimi dəyərləndirilməlidir” Azərbaycan üçün son illərin ən önəmli hadisələrindən biri kimi qiymətəndirə biləcəyimiz məsələ bu günlərdə İranda yaşandı. Belə ki, cənub qonşumuzun İslami Şura Məclisində türk millət vəkillərinin fraksiyasının yaradılması təşəbbüsü ortaya çıxdı və həmin təşəbbüs reallaşdı. İstənilən halda bu müsbət qiymətləndirilməli olan hadisədir.

Vüqar Zifəroğlu: "İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması müsbət hal kimi dəyərləndirilməlidir"

Azərbaycan üçün son illərin ən önəmli hadisələrindən biri kimi qiymətəndirə biləcəyimiz məsələ bu günlərdə İranda yaşandı. Belə ki, cənub qonşumuzun İslami Şura Məclisində türk millət vəkillərinin fraksiyasının yaradılması təşəbbüsü ortaya çıxdı və həmin təşəbbüs reallaşdı. İstənilən halda bu müsbət qiymətləndirilməli olan hadisədir. Məsələ ilə bağlı fikirlərini bölüşən "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyib ki, İran Parlamentində 290 nəfərlik millət vəkillərinin üçdə biri, təqribən 90 nəfərdən çoxu türklərdən ibarətdir. Onun sözlərinə görə, türk millət vəkilləri 31 vilayətdən ibarət olan İranın 19 vilayətindən məclisə daxil olmağa nail olublar: "Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Tehran vilayətlərindən olan 5 millət vəkilindən təşkil olunan bir heyət isə türk fraksiyasına sədrlik edəcək. Şərqi Azərbaycandan seçilmiş millət vəkili Məsud Pezeşkian fraksiyanın sədri, Urmiyanın parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi isə sədr müavinləri seçiliblər. Burada maraqlı məqam, türk fraksiyasında həm islahatçı, həm də mühafizəkar qanadın təmsilçiləri olan millət vəkillərinin olmalarıdır ki, bunun özü də maraqlı, eyni zamanda təqdirəlayiq bir haldır. Bildiyiniz kimi, Türk Fraksiyasının üzvlərindən islahatçı qanadın təmsilçisi Təbrizdən millət vəkili seçilmiş Məsud Pezeşkiyan İran Parlamentinin birinci sədr müavini seçilib. Bu zaman da Təbrizin digər millət vəkili, Əhmədinejad dönəmində Şərqi Azərbaycanın valisi olmuş və mühafizəkarlar qanadına mənsub Əlirza Beygi bunun "Türk əməkdaşların birliyi və dəstəyi ilə" həyata keçirildiyini ifadə edirsə, bu yalnız müsbət hal kimi dəyərləndirilməlidir. Bu hal onu göstərir ki, fraksiyada milli kimlik üzərində vurğu var.

ABŞ-da “Trump Tower” göydələninin üzərində uçuşlar qadağan edildi

Seçkilərdən öncə muhafizəkar, müstəqil, ya da islahatçı qanadlarında olmalarına rəğmən həmin millət vəkillərinin, məhz milli kimlik üzərində durmaları onların səs qazanmalarına təkan verən başlıca amillərdən oldu. Lakin bütün bunlar bu gün İranda bir türk açılımının olması kimi qəbul edilə bilməz. İlk növbədə ona görə ki, açılım daha çox siyasi sistemin hər hansı bir etnik azlığa münasibətində qəbul etdiyi siyasi qərarlarla ifadə edilir. Azərbaycan türkləri, türklər isə İranda azlıq deyillər, onları sayı 40 milyondan artıqdır, digər tərəfdən iqtidarda, həm mühafizəkar, həm də islahatçı qanadda kifayət qədər nüfuzlu türklər var və onlar dövlət idarəçiliyində aparıcı şəxslərdir və heç də azlıqda deyillər". Vüqar Zifəroğlu deyir ki, İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması türklərin problemlərinin həllinə də ciddi təsir edə bilər və bu təkcə özünü yalnız sosial-siyasi deyil, eyni zamanda milli hüquqların qorunması baxımından da göstərə bilər: "Məsələn, fraksiyanın ilkin hədəfi İran

Konstitusiyasının 15 və 19-cu maddələrinin praktikada tətbiqi məsələsinin təmin edilməsi ola bilər. Məhz bu iki maddənin gerçəkdə tətbiqi, türklərin öz milli-mədəni hüquqlarından tam şəkildə istifadə etmələri üçün "yaşıl işıq" yandıra bilər. Fraksiyanın yaranma səbəblərinə gəldikdə isə, bunu həm daxili, həm də xarici faktorlarla əlaqələndirmək olar. Daxili faktor kimi ilk növbədə İranın öz içində gedən siyasi prosesləri önə çəkmək mümkündür. Qərblə münasibətlərdə yeni dönəmin başlaması fonunda, daxildə müəyyən yumşalmalar baş verir. Son zamanlar, milli kimlik zəminində media vasitəsilə müşahidə olunan "təhqirlər"ə etiraz aksiyaları ilə verilən cavablar, "Traktor-Sazi" futbol klubunun az qala hər oyununun milli pankart və şüarlarla müşayiət edilən aksiyaya çevrilməsi, heç şübhəsiz ki, sistemin özünü də müəyyən adekvat addımlar atmağa vadar edirdi. Bunun nəticəsi olaraq, məsələn, avqustda Təbriz Universitetində türk dili və ədəbiyyatı bölümünün yaradılması xəbəri yayıldı. Ardınca da parlamentdə fraksiya məsələsi gündəmə öz damğasını vurmuş oldu. Yəni atılan bu addımlar, narazı tərəfin bir qədər könlünü almaq üçün hesablanmış qabaqlayıcı tədbirlər olaraq nəzərdən keçirilə bilər. Söz yox ki, bu, parlamentdaxili bir qurumdur və İran Ana yasasına, qanunlarına sadiq olacaq bir fraksiyadır və sistemin, belə demək mümkündürsə, süzgəcindən keçdikdən sonra millət vəkili adını qazanıblar. Lakin bütün bunlar, təbii ki, hadisənin özünə tamamən kölgə salmağa da əsas vermir". Mərkəz rəhbəri bildirib ki, xarici faktorlar isə, İranın Yaxın Şərq siyasəti fonunda rəqib ərəb ölkələri, ələlxüsus Səudiyyə Ərəbistanı ilə kəskinləşən münasibətlərlə paralel müşayiət olunan ər-Riyadın İrandakı etniklərə son dönəmdə aşırı diqqət göstərməsidir: "Məsələn, sentyabrda Güney Azərbaycan İstiqlal Partiyasının Avropada mühacirətdə olan bir qrup nümayəndəsinin Səudiyyə Ərəbistanına səfəri və burda yüksək səviyyəli görüşlərin keçirilməsi, hətta azərbaycanlı qonaqların Kral Salman tərəfindən qəbul edilməsi önəmli və diqqəti cəlb edən məqamlardır. İstənilən halda, vurğulamaq lazımdır ki, belə bir fraksiyanın yaranması, gələcəkdə məhz etnik kimliyimiz üzərində vurğu yapan bir milli siyasi elitanın formalaşması üçün zəmin rolunu oynaya bilər ki, bu son dərəcə önəmlidir. Hətta İranın daxilində gedən son siyasi prosesləri müşahidə etdiyimizdə görə bilərik ki, bu siyasi elitanın formalaşmasının ilkin işartıları da görünməkdədir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31