Azərbaycan hər zaman Amerika üçün strateji əhəmiyyət daşıyıb

Deputat: “Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həllində elə bir ciddi irəliləyiş gözlənilmir” ABŞ-da prezident seçkilərinin nəticələri və Donald Trampın prezident seçilməsi nəinki Amerika cəmiyyətində, eləcə də dünyada ciddi ajiotaja səbəb olub. Artıq bir sıra ölkələrdəki ABŞ səfirliyi qarşısında etiraz aksiyalarına start verilib. Lakin buna baxmayaraq əksər siyasi ekspertlər hesab edirlər ki, Donald Trampın prezident seçilməsi Amerikanın mövcud siyasətində elə də ciddi kataklizmlərə yol açmayacaq və hazırki siyasət davam edəcək, daha dəqiq ABŞ-ın daxili və xarici siyasətində elə də ciddi dəyişikliklər olmayacaq.

Deputat: "Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həllində elə bir ciddi irəliləyiş gözlənilmir"
 

ABŞ-da prezident seçkilərinin nəticələri və Donald Trampın prezident seçilməsi nəinki Amerika cəmiyyətində, eləcə də dünyada ciddi ajiotaja səbəb olub. Artıq bir sıra ölkələrdəki ABŞ səfirliyi qarşısında etiraz aksiyalarına start verilib. Lakin buna baxmayaraq əksər siyasi ekspertlər hesab edirlər ki, Donald Trampın prezident seçilməsi Amerikanın mövcud siyasətində elə də ciddi kataklizmlərə yol açmayacaq və hazırki siyasət davam edəcək, daha dəqiq ABŞ-ın daxili və xarici siyasətində elə də ciddi dəyişikliklər olmayacaq. Millət vəkili Zahid Oruc deyib ki, Donald Tramp nə qədər qeyri- standart siyasətçi və dünyagörüşə malik olsa da, bir dövlət başçısı kimi siyasətin məsuliyyəti və ağırlığı, dövlət maraqları onu ciddi qərarlar qəbul etməyə vadar edəcək. Onun sözlərinə görə, Trampın seçilməsi təkcə dünyada deyil, eyni zamanda, Amerika cəmiyyətində şok bir hadisə olsa da, yaxın zamanlarda proseslər tədricən sakitləşəcək, proseslər öz məcrasında davam edəcək: "Çünki belə bir hal Amerika cəmiyyəti üçün yeni deyil. Bundan öncə Ronald Reyqan aktyor, Bill Klinton isə saksafonçalan olub. Lakin buna baxmayaraq, onlar prezident kimi fəaliyyətlərində ciddi olublar. Ona görə də Trampın prezident seçilməsi ilə bağlı yaranan bu ajiotaj yaxın zamanlarda sakitləşəcək". Millət vəkilinin fikrincə, Amerikanın dövlət maraqları, hər gün masa üzərinə qoyulan məxfi məlumatlar və digər məsələlər onu məsuliyyətli qərarlar qəbul etməyə və addımlar atmağa vadar edəcək. Rusiya-Amerika münasibətlərinə gəldikdə isə millət vəkili bildirib ki, bu gün Rusiya cəmiyyətində Trampın prezident seçilməsi ilə bağlı sevincli anlar yaşayır və bir nikbinlik ruhu var. "Çünki Obama dövründə Rusiya-Amerika münasibətləri kəskin qarşılıqlı konfrantasiya dövrü olub. Az qala növbəti dünya müharibəsinin başlanacağı ilə bağlı fikirlər səslənirdi. Görünür, təkcə Rusiya cəmiyyəti deyil, eyni zamanda, Amerika da Rusiya ilə kəskin konfrantasiyadan qaçmaq istəyir. Həm Amerika, həm də Rusiya cəmiyyətində belə bir gözlənti var ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması dünyadakı təhlükəsizliyə müsbət təsir edəcək. Bu, eyni zamanda, postsovet məkanında öz təsirlərini göstərəcək". Qarabağ münaqişəsinin həllinə gəlincə, millət vəkili bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində elə bir ciddi irəliləyiş gözləmir. Millət vəkili Elman Nəsirov isə deyib ki, Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq: "Ona görə ki, Respublikaçılar hakimiyyətdə olduğu illərdə Cənubi Qafqazla bağlı siyasəti xeyli fəallığı ilə seçiliblər və Vaşinqtonun Cənubi Qafqaz regionuna daha böyük maraq var idi". E.Nəsirov qeyd edib ki, Trampın verdiyi bəyanatlardan çıxış edərək, onun Azərbaycanla bağlı hansı siyasət yeridəcəyini söyləmək mümkündür: "Tramp çıxışlarında dəfələrlə deyib ki, ABŞ-ın kifayət qədər daxili və xarici siyasi problemləri var ki, onların həlli ilə məşğul olmalıdır, başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır, ayrı-ayrı dövlətlərdə siyasi hakimiyyətlərin dəyişdirilməsi xəttindən imtina etməlidir. Demokratların hakimiyyətdə olduğu 8 il ərzində əks tendensiyalar müşahidə olunmuşdu və ABŞ ayrı-ayrı dövlətlərin, eyni zamanda Azərbaycanın daxili işlərinə qarışmaq siyasəti həyata keçirmişdi. ABŞ sponsorluq etdiyi bir sıra beynəlxalq QHT-lər vasitəsilə bunu etmişdi. Nəticədə ABŞ-da demokratların hakimiyyətdə olduğu illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş əldə edilmədi. Dövlət katibi Con Kerrinin son bəyanatları göstərdi ki, ermənipərəst mövqedən çıxış etmiş demokratların bu problemi həll etmək niyyətləri olmayıb. Hillari Klinton dövlət katibi vəzifəsində olarkən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Türkiyəyə təzyiq göstərdiyinin də şahidi olmuşduq". E.Nəsirov hesab edir ki, respublikaçıların hakimiyyətə gəlməsi demokratların buraxdığı səhvlərin təkrarlanmamasına imkan verəcək: "Bunun üçün Trampın kifayət qədər imkanı olacaq. Onun partiyası Konqresin nümayəndələr palatasında, həm də Senatda üstünlük əldə edib. Bu barədə də məlumatlar var. Artıq ali icra hakimiyyəti və ali qanunvericilik orqanının ABŞ siyasətini həyata keçirməsi üçün yaxşı imkanlar yaranır. Ən başlıcası isə Trampın ABŞ-ın ənənəvi demokratiya pərdəsi altında başqa dövlətlərin daxili işlərinə qarışmaq siyasətindən imtina edəcəyi haqqında bəyanatlar səslənib. Məhz elə bu konteksdən yanaşaraq hesab edirəm ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaranacaq". Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili qeyd edib ki, ABŞ-da keçirilən prezident seçkilərindən asılı olmayaraq Azərbaycanla bu ölkə arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edib. O, Amerikanın hər zaman Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb: "Müstəqillik əldə etdikdən bu günə qədər bütün sahələrdə, xüsusən də neft, regional və təhlükəsizlik sahələrində Azərbaycanla ABŞ arasında çox ciddi əməkdaşlıq olub. ABŞ-da keçirilən prezident seçkilərindən asılı olmayaraq bu əlaqələr daim yüksələn xətt üzrə inkişaf edib. Ümumiyyətlə, ABŞ prezidentləri ya bu əlaqələri inkişaf etdirmiş, ya da inkişaf edən əlaqələri bir qədər ləngitmişdir. Donald Trampın iqtisadi proqramına fikir versək, görərik ki, proqram daha çox ABŞ-ın daxili iqtisadiyyatının güclənməsi, investisiyaların daha çox daxilə axınına yönəlikdir. Donald Tramp bununla ən çox ABŞ-ın daxili siyasətini qorumaq, vergiləri azaltmaq və bununla da ölkə iqtisadiyyatını daha da sağlamlaşdırmağa xidmət edəcək". T.Mirkişili deyib ki, Trampın iqtisadi proqramı fonunda ABŞ yaxın bir neçə il ərzində xaricdən investisiyaların öz ölkəsinə istiqamətləndirilməsinə çalışacaq: "Bu da daha çox ABŞ-ın daxili iqtisadiyyatının inkişafına səbəb olacaq. Amma eyni zamanda, regional-iqtisadi layihələrin miqyası nəzərə alınmalıdır. Azərbaycan prezidentinin həm beynəlxalq nəqliyyat dəhlizlərilə, həm də 3 tərəfli regional əməkdaşlıq yaradılması ilə bağlı təşəbbüslərinin bütün regionda iqtisadi inkişafa və iqtisadi tərəqqiyə nail olunması perspektivləri eyni zamanda ABŞ-ın mənafelərinə uyğundur. Bu üzdən hesab edirəm ki, ABŞ və Azərbaycan arasında ciddi əməkdaşlıq perspektivləri yaranacaq". Deputat eyni zamanda Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini dəyişdirəcəyi ilə bağlı müzakirələrə də münasibət bildirib: "Bu müzakirlərlə hələ uzun müddət əvvəldən gedirdi. Bildiyiniz kimi, ABŞ-ın böyük dövlət borcu var. Bu dövlət borcunun idarə olunması bir çox hallarda Fedreal Ehtiyatlar Bürosunun uçot dərəcəsini dəyişməsilə tənzimlənir.Trampın iqtisadi siyasətlə bağlı mövqeyindən asılı olaraq, FED-in faiz dərəcələrini artırması ehtimalı yüksəkdir. Çünki FED-in faiz dərəcələrini dəyişməsi ilə Trampın proteksional siyasəti arasında böyük bir uyğunluq var".

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31