Ermənilərin Bakıdan dünyaya verdikləri mesaj

Bu həm də minlərlə erməninin etirafı deməkdir Bu günlərdə Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfrans istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində şok effekti yaratdı desək yanılmarıq. Bu effekt özünü konfrans iştirakçılarının tərkibi, onların ortaya qoyduqları mövqedə göstərirdi. Məlum olduğu kimi sözügedən konfransda ermənilər də iştirak edirdi.

Bu həm də minlərlə erməninin etirafı deməkdir

Bu günlərdə Bakıda "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda keçirilən beynəlxalq konfrans istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində şok effekti yaratdı desək yanılmarıq. Bu effekt özünü konfrans iştirakçılarının tərkibi, onların ortaya qoyduqları mövqedə göstərirdi. Məlum olduğu kimi sözügedən konfransda ermənilər də iştirak edirdi. Düzdür, indiyə qədər Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə Ermənistandan da nümayəndə heyəti qatılıb. İstər beynəlxalq təşkilatların sammit və konqreslərində, istər gənclər, istərsə də beynəlxalq idman yarışlarında Ermənistan nümayəndə heyəti iştirakçı kimi çıxış edib. Ancaq bu dəfəki iştirakçılıq tamam fərqli idi. Bu fərqlilik konfransa qatılan erməni yazıçısı Vahe Avetiyan və Ermənistan Milli Azadlıq Hərakatı təşkilatının lideri, hüquq müdafiəçisi Vahan Martirosyanın həm çıxışlarında, həm kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda, həm də etdikləri bəzi jestlərdə özünü göstərirdi. Məlumat üçün qeyd edək ki, ermənilərlə azərbaycanlıların indiyə qədər keçirdikləri görüşlərdən tam fərqli olan bu dəfəki konfransda erməni qonaqlar ilk dəfə həqiqəti açıq-aşkar etiraf etdilər. Bu etiraf həm də erməni xalqına öz nümayəndəsi tərəfindən Bakıdan səsləndirilən bir mesaj idi. Bununla Vahe Avetiyan və Vahan Martirosyan onlar kimi yüzlərlə, minlərlə erməninin eyni mövqedə olduğunu ortalığa qoyurdu. Öz ölkələrində belə bir etirafı etməkdə çətinlik çəkən erməni ziyalılar Bakıdan beynəlxalq aləmə, dünya birliyinıə erməni xalqının mövcud rejimdən necə əziyyət çəkdiyini çatdırırdılar. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, erməni ziyalılar Sərkisyan rejimindən cana doymuş erməni xalqının səsini, fikrini, mövqeyini Bakıdan dünyaya çatdırdılar. Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Bakıda baş tutmuş konfransda erməni nümayəndələrin səsləndirdikləri fikirlər ədalətlilik baxımından çox maraqlıdır. Xüsusilə bu fikirləri ermənilərin səsləndirməsi qat-qat önəmlidir: "Konfransa qatılan erməni yazıçısı Vahe Avetiyan və Ermənistan Milli Azadlıq Hərakatı təşkilatının lideri, hüquq müdafiəçisi Vahan Martirosyan Xocalı soyqırımı şəhidlərinin abidəsi önünə gül qoyaraq baş əydilər". Ekspert deyir ki, Vahe Avetyanın "Azərbaycan və erməni xalqları sonrakı talelərini özləri həll etməlidirlər, kənar güclərin müdaxiləsi olmamalıdır" fikri də olduqca düzgün fikirdir və normal bir düşüncənin məhsuludur: "Belə ki, doğurdan da kənar güclər bu münaqişəyə qarışmasaydılar, heç bu münaqişə baş verməyəcəkdi. Münaqişə baş versə belə bu qədər fəlakətli olmayacaqdı. Öz maraqlarından bu münaqişəyə qarışan güclər bu münaqişənin uzanmasına və axan qanlara əsas səbəbkarlardandılar. Vahan Martirosyan həmçinin konfransda bildirib

ki, Ermənistanla Azərbaycanın arasında bağlanacaq sülhün davamlı olması üçün Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bəli, məhz sağlam düşüncə də bundan ibarətdir. Proses nə qədər tez baş verərsə, bölgəyə sülh bir o qədər tez gələr".

Vahe Avetyanın "biz nəsil indiki gəncləri biri-birinə düşmən etdik. İndi biz səylərimizi iki xalqın barışığı üçün cəmləməliyik" fikri də önəmlidir. Ən maraqlısı odur ki, konfransa qatılmış erməni nümayəndələr Ermənistan hakimiyyətinə Qarabağ müharibəsinin canilərinin, iştirakçılarının, əlləri qana batanların başçılıq etdiklərini açıqcasına vurğulayıblar. Bu fikir olduqca maraqlıdır. Və deməli artıq ermənilər bu reallığı, həqiqəti dərk edirlər. Düzdür, bu gün yalnız Avityan və Martirosyanın timsalında bunlar ifadə edilir. Amma tam əmin ola bilərik ki, bu gün Sərkisyan rejimindən cana doymuş, yoxsulluq və səfalət içərisində yaşayan digər ermənilərin də ürəyindən eyni etiraf keçir. Onlar da Bakıdan dünyaya mesaj verən Avityan və Martirosyanlıa həmrəydirlər. Çünki Ermənistanda bu gün həqiqətən Qarabağ müharibəsi fonunda hakimiyyətə gələnlər əyləşşiblər və onların çoxu yüzlərlə, minlərlə azərbaycanlının, dinc insanların ölümündə təqsirkardırlar. Hakimiyyətdə qalmaq üçün bütün qüvvələri ilə çalışan həmin canilər doğru, düzgün düşünən, haqqı, ədaləti deyən,.müdafiə edən ermənilərə qarşı da olduqca amansızdırlar. Məhz bu qorxunun sayəsinə görə də erməni cəmiyyəti ürəyindəki sözü, ifadəni dilinə gətirə bilmir, nəticə etibarilə birlik nümayiş etdirən bir cəmiyyət təsiri bağışlayır. Hər bir halda bu iki erməni ziyalısının Bakıya gəlməsi və Qarabağla bağlı doğru fikirləri buradan səsləndirmələri, Xocalı şəhidlərini yad etmələri dünya və digər ermənilər üçündə yaxşı mesajdır.Dünya bir daha gördü ki, yaxşı niyyətlə ermənilər Azərbaycanın paytaxtına belə gələ bilərlər. Ermənilər isə gördülər ki, onların içindən çıxan soydaşları sərkisyanlardan, ohanyanlardan qorxmayıb həqiqəti söylədilər və Qarabağda növbəti qanların axmaması üçün bu torpaqların öz sahiblərinə qaytarılmasını vurğuladılar. Görünən odur ki, Sərkisyanın erməni xalqı üzərindəki zorakı hakimiyyəti davam etdikcə bu cür etirafların da sayı artacaq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31