Politoloq: “Ermənistan Rusiyanın hesabına yaranmış sintetik dövlətdir”

"Bordyuja KTMT üzvünün işğalçılıqla məşğul olmasını görmür".

Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoruMübariz Əhmədoğlu iyunun 16-da keçirdiyi ənənəvi "Qarabağ saatı"nda səsləndirib.

Politoloq Qarabağ münaqişəsinin nizamlama prosesinin indiki mərhələsində Ermənistan rəhbərliyinin yenə də pozucu mövqe tutduğunu diqqətə çatdırıb:

"Serj Sərkisyan var gücü ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinə çalışır. Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləməyə gücü çatan yeganə dövlət Rusiyadır.

Məhz buna görə də Sərkisyan 2014-cü ilin sentyabrında Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi statusa malik olması barədə təklifini rədd etdi.

Bir neçə dəfə Rusiya XİN-i tərəfindən irəli sürülən təklifləri rədd edib. Əlbəttə bu məsələlər Ermənistan üçün o qədər də böyük çətinlik yaratmayıb. Çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəfələrlə bu məsələdə ermənilərə kömək edib.

Ermənistanın məqsədi və davranış metodologiyası aydındır. Rusiyanın Cənubi Qafqazdakı maraqları inkişafını dayandırmalı və tədricən azalmağa başlamalıdır. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ən yaxşı vasitədir; Rusiya güclü dövlət olsaydı, qonşuluğunda Dağlıq Qarabağ münaqişəsi kimi problem mövcud ola bilməzdi.

Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması Rusiyanın Cənubi Qafqazdakı kommunikasiya resurslarına ciddi maneədir. Bütün bunları etməkdə Ermənistanın məqsədi özünün antiRusiya potensialını Qərbə və İrana nümayiş etdirməkdir.

Hər iki tərəfi Rusiyanın maraqlarının Ermənistandan və sonra da Cənubi Qafqazdan qovulmasına cəlb etməkdir. Rusiyanın dövlət adamlarının bunu görməməsi qeyri-mümkündür".

M.Əhmədoğlu bu çərçivədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın özünə və rəhbərik etdiyi təşkilata işğalçı titulunu qazandırmaqdan ötrü dəridən-qabıqdan çıxdığını bildirib:

"KTMT-nin baş katibi N.Bordyuja Yerevanda KTMT üzv dövlətlərin sərhədlərinin yaxınlığında olan istənilən qeyri-sabitliyin, xüsusilə silahlı münaqişələrin bütün KTMT üzv dövlətləri üçün təhlükə yaratdığını bəyan etdi.

Bəyanatın Ermənistanda verilməsini nəzərə alsaq, bu bəyanatın Dağlıq Qarabağ münaqişəsi ilə, aprel ayında Dağlıq Qarabağ münaqişəsi regionunda dörd günlük müharibə ilə birbaşa əlaqəsinin olduğunu güman etmək olar. Amma dörd günlük müharibədən sonra Bordyuja həm də bəyan etmişdi ki, Dağlıq Qarabağ Ermənistana aid deyil. Ona görə, KTMT bu münaqişəyə, müharibəyə müdaxilə edə bilməz.

Bordyuja KTMT üzvünün işğalçılıqla məşğul olmasını görmür. Amma həmin işğalçılığın nəticəsini aradan qaldırmağa yönələn hərbi addımları bütün KTMT məkanı üçün təhlükə hesab edir.

Belə alınır ki, KTMT-nin baş katibi N.Bordyuja işğalçı fəlsəfəsinə, düşüncəsinə malikdir. Buna görə də o özünün rəhbərlik etdiyi təşkilatın işğalçı olmasından ləzzət alır".

Politoloq əlavə edib ki, Rusiya Ermənistanın təhlükəsizliyini gücləndirməklə onun Qarabağdan ayrılmasını sürətləndirmək kursunu davam etdirir:  

"Rusiya və Ermənistan arasında Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi barədə müqavilənin ratifikasiyası Ermənistan cəmiyyətində böyük ajiotaj yaratdı.

Rusiya 29 min 743 km2 ərazisi olan Ermənistanın təhlükəsizliyinə tam təminat verir. Amma Ermənistan gözü ilə bu ərazidən qırağa başqa sözlə, Qarabağa baxmamalıdır. Hava hücumundan müdafiə sistemi müqaviləsində də bu aydın göstərilir.

Azərbaycan, Türkiyə və digər hər hansı dövlətin heç bir qurğusu Ermənistanın ərazisinə daxil ola bilməz. Eyni zamanda Ermənistannın hava məkanı vasitəsilə Azərbaycana və digər qonşularına qarşı təhlükə yarada bilməz.

Hər iki halın təminatçısı Rusiyadır. Hava hücumdan müdafiə sistemlərinin birləşdirilməsinin ən mühüm əhəmiyyəti orasındadır ki, Ermənistan ilk dəfə rəsmən etiraf etdi ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı deyil və ola da bilməz.

Ermənistan Rusiyanın hesabına yaranmış sintetik dövlətdir. Dağlıq Qarabağda ermənilər çar Rusiyanın maraqlarına uyğun olaraq köçürülüb. Bu regionda Avropa stilində ilk imzalanmış müqavilə Çar Rusiyası dövründə imzalanıb".

M.Əhmədoğlunun fikrincə, hazırda Ermənistanda ümumi vəziyyət gərgin olaraq qalır və orada neqativ proseslərin inkişaf tendensiyası güclənir:

"Ermənistanın daxili vəziyyəti gərgindir, istənilən anda nəzarətdən çıxa bilər. Ermənistanın daxilində neqativ proseslərin hökmranlıq etməsi uzun illərdir davam edir.

Amma bu illərdə həmişə erməni xalqı inanırdı ki, onların çəkdiyi əzab-əziyyətin, itirdiklərinin kompensasiyası var: Qarabağ da daxil olmaqla böyük bir qisim Azərbaycan torpağını işğal ediblər.

Ermənistanın təbliğat maşının və S.Sərkisyanın kosmik yalanının hesabına ermənilər bu ümidlə yaşayırdılar. 

Dörd günlük müharibədən sonra bəlli oldu ki, ermənilər hər an Dağlıq Qarabağı itirə bilərlər. Beləliklə, dünya erməniliyinin milyardlarla resursu batmış olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31