Əli Həsənov: “Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana sanksiya tətbiq etməkdən çəkinir”
16 İyun 2016 15:50 Siyasət"18 iyun İnsan hüquqları Gününə həsr olunmuş dinləmələr ölkəmizdə mühum beynəlxalq tədbir ərəfəsində keçirilir. Sabah Azərbaycanda "Formula 1" qran-pri yarışları start götürür ki, bu da möhtəşəm Birinci Avropa Oyunlarından sonra növbəti nüfuzlu yarışın ölkəmizə həvalə olunması, Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbulunun, etirafının göstəricisidir". Bunu Milli Məclisdə parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə "18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü" mövzusunda dinləmələrdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, bu ilin oktyabrında Azərbaycanın müstəqilliyinin 25 ili, həmçinin, BMT-nin insan hüquqları ilə bağlı ən mühüm sənədlərindən birinin qəbulunun 50 ili tamam olur. Müstəqilliyinin 25 ilini arxada qoymaq ərəfəsində olan Azərbaycanın müstəqilliyinin ilk illəri çox ağır və gərgin olub. Həmin illərdə Azərbaycanda insan hüquqlarının kütləvi və qəddar şəkildə pozulması müşahidə olunub: "Yəni, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, soyqırımlar həyata keçirməsi, bir milyondan artıq insanımızı qaçqın və köçkün salması buna misaldır. Ancaq çox təəssüflər olsun ki, insan hüquqları məsələsini əldə bayraq edən bəzi beynəlxalq təşkilatlar hələ də insanlarımızın hüquqlarının kütləvi şəkildə pozulması faktına ədalətli və adekvat qiymət vermirlər. Həmçinin, Ermənistana qarşı sanksiya tətbiq etməkdən və digər təsirli addımlar atmaqdan çəkinirlər" . Əli Həsənov Azərbaycanda müstəqil dövlət quruculuğuna, inkişafa, demokratik təsisatların formalaşması prosesinə 1993-cü ilin 15 iyununda mərhum dövlət başısıçı Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlanıldığını deyib: "Müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, insan hüquqları sahəsində mühüm nailiyyətdir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə yaşanan hakimiyyətsizliyə, ictimai-siyasi anarxiya və xaosa son qoyulub, ölkə vətəndaş müharibəsi və parçalanmaq təhklükəsindən qurtulub, Azərbaycan insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik təsisatların yaradılması və formalaşdırılması mərhələsinə qədəm qoyub". PA rəsmisi qeyd edib ki, beynəlxalq qanunvericilikdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bütün normalar Azərbaycanın milli qanunvericiliyində də təsbit olunub. Bu istiqamətdə ilk və əhəmiyyətli addımlardan biri kimi 1995-ci ilin noyabrında H. Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının referendum yolu ilə qəbul olunmasını nümunə göstərmək olar. Onun sözlərinə görə, 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi. Sonradan prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla İnsan Hüquqları Günü kimi qəbul edilib: "2006 və 2011-ci ildə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. İnsan hüquqları söz və sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Sərbəst toplaşmaqla bağlı yerli icra hakimiyyəti orqanları rayonlarda açıq və qapalı yerlər müəyyən edilib. Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2,5 milyon vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib". Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Ə.Həsənov qeyd edib ki, ölkədəki QHT-nin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtsaslaşıb. 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir: "Gənclər Fondu gənclər təşkilatlarının, gənclərinin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən başlayaraq icra orqanları yanında İctimai şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub.1999-cu ilin dekabrında KİV haqqında qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar". Ə. Həsənov istehlakçıların hüquqlarının müdafiəsinə də toxunub: "İnsan hüquqları hüdudu olmayan bir anlamdır. Bu məsələyə digər rakursdan baxsaq, istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür. Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları 2 il qadağan etdi. Ancaq bəzi QHT istehsal sahələrinə daxil olub, qanunsuz yoxlamalar keçirməyə cəhd edir. Yaxud bəzi jurnalistlər rekertliklə məşğul olmağa çalışır. Nazir mənə zəng vurub deyir ki, bir qəzet təhdid edir, şər-böhtan yazır. Həqiqətən də həmin yazı başdan-ayağa böhtan idi. Mən də ona təklif etdim ki, məhkəməyə müraciət etsin. O da dedi ki, "işimi gücümü atıb məhkəməyə müraciət etməyəcəm ki...". Biz də öyrənirik ki, həmin jurnalistin üzərində 15 məhkəmə işi var. Nə edək, bu adam özünü dəlioğlanlığa vurub. Belə hallar yolverilməzidir. Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi, jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir". Ə. Həsənov qeyd edib ki, QHT və KİV-in hərəsinin öz hüquqları və vəzifələri var: "QHT və KİV cəmiyyətdə şəffaf müzakirə mühiti yaratmalıdır. Bu gün reketçiliklə məşğul olan jurnalistlər az deyil. Bunu siz də bilirsiz. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Davranış normalarının ortaq xətti məhz insan hüquqlarının təmin olunması üçün dolğun şəraitin yaradılmasıdır. Hakimiyyət qanadı olaraq, həm qanunverici orqan olaraq daxil olan təşəbbüsləri və təklifləri ümumiləşdirib ümumi ictimai davranış qaydaları səviyyəsinə qaldırıb qanunvericilik təsviri kimi həyata keçiririk. Biz icra orqanları maksimum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış, vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll edək. Məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşların məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməli, insanların icra, qanunvericilik strukturundan və QHT-lərdən şikayət etmək hüququnu dolğun təmin etməlidir". Prezidentin köməkçisi həmçinin vurğulayıb ki, cəmiyyətdə şəffaf müzakirə mühütü yaradılmalıdır: "Düşünürəm ki, parlamentin bu təşəbbüsünün gələcəyi var və bunu davam etdirmək lazımdır. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturlarından və cəmiyyətdən daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır". Mətbuat Şurası, Milli Televiziya və Radio Şurasının yaradılmasından bəhs edən Ə.Həsənov nəzərə çatdırıb ki, prezident İ.Əliyev medianın inkişafına diqqətlə yanaşır, KİV-in qlobal məkana inteqrasiyasına daim dəstək verir: "2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fond tərəfindən ötən dövr ərzində medianın inkişafına 30 milyon manat ayrılıb. Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5 mindən çox KİV qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir. Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərin sayı 1,2 milyon nəfəri ötüb".