Siyasətlə məşğul olmağı unudan “siyasətçilər”
Bu gün onların fəaliyyəti yalnız sosial şəbəkələrdə özünü göstərir
8 İyun 2016 13:17 SiyasətPartiya quruculuğu, qarşıdakı hədəflərlə məşğul olmaqdan daha çox sosial şəbəkələrdə, qəzet və saytlarda bir-birilərinə qarşı kampaniya aparan, gözdən salmağa çalışan bəzi siyasilər üçün son günlər danışmağa mövzu tapılıb. Daha doğrusu köhnə mövzu elə köhnə siyasilər tərəfindən yenidən gündəmə atılıb. Təbii ki, söhbət 1993-cü ilin iyun hadisələri və həmin hadisələrə olan "yeni yanaşma"dan gedir. Ənənəvi olaraq hədəfdə yenə də Azərbaycan Milli İstiqlal Partiyası və onun lideri Etibar Məmmədovdur. Zamanında bu partiyanın və onun hazırkı liderinin yol verdiyi bağışlanmaz səhvlər hər ilin iyun ayında Etibar Məmmədovu yenidən siyasi proseslərin "mərkəzinə" çəkir, onu bir daha gündəmin "ulduzuna" çevirir. Bir neçə gün əvvəl sabiq hərəkatçılardan olan Ülvi Həkimovun ardınca indi də Müsavata yaxınlığı ilə seçilən Vaqif Hacıbəyli Etibar Məmmədovu xatırlamalı olub və onun 1993-cü ilin iyun ayındakı "xidmətləri"ni yada salıb. Belə ki, Vaqif Hacıbəyli sosial şəbəkədə yazdığı statusda bildirib ki, Etibar Məmmədov danışmasa daha yaxşıdır və AMİP lideri danışmayanda kənardan daha ağayana görünür. Vaqif Hacıbəylinin sözlərindən məlum olur ki, iyun hadisələrində göstərdyi "xidmətə" görə Etibar Məmmədov o zaman neftlə bağlı "yağlı" vəzifələrdən birini istəyib. O, daha sonra bildirib ki, Etibar Məmmədov və ətrafında olanlar isə o vaxt tam gücü ilə hərbi qiyama siyasi dəstək vermək yolu tutdular və bununla da Azərbaycan dövlətçiliyinə qarşı öz tarixi xəyantlərini etdilər. Heydər Əliyev təşəbbüsü ələ alıb Etibar Məmmədovu proseslərdən kənarlaşdırdıqdan sonra ola bilsin ki,Elçibəyə müraciət edərək birləşməyi təklif edib. Amma onda artıq gec idi. Ona artıq heç bir etimad qalmamışdı. Vaqif Hacıbəyli AMİP liderinin İbrahim İbrahimli barədə aşağılayıcı ifadələr işlətdiyini də iddia edib.
Vaqif Hacıbəylinin iradlarına da AMİP-dən sərt cavab gəlib. Partiyanın Siyasi Şurasınn üzvü Əli Oruclu deyib ki, Vaqif Hacibəylinin Etibar Məmmədovu Azərbaycan dövlətçiliyinə xəyanətdə ittiham etməyə haqqı yoxdur və bu yanaşma kökündən yalnışdır: "Əvvəla Vaqif Hacıbəylinin diqqətinə çatdırıram ki, Etibar Məmmədov necə var, elə də görünür. Ağa ağa kimi, bəy bəy kimi, nökər də nəkər kimi görünər. Burda qeyri-adi nə var? Vaqif Hacıbəyli özünü necə görür öz işidir. Paradoksal odur ki, danışmağa haqqı olmayanalar indi gecə- gündüz dil boğaza qoymular". Əli Oruclu qeyd edib ki, Vaqif Hacıbəylinin dediklərindən fərqli olaraq AMİP lideri İbrahim İbrahimli barədə heç bir aşağılayıcı ifadələr işlətməyib. İkincisi, Etibar Məmmədov heç kəsə belə bir açıqlama verməyib. Mətbuatda gedən açıqlama da 2012-ci ildə gedib, özü də təhrif olunmuş formada. Vaqif Hacıbəyli 4
ildən sonramı ayılıb? Vaqif Hacıbəyli öncə diqqətlə oxusun, oxuduqdan sonra fikir yürütsün. Üçüncüsü o, nə vaxtdan İbrahim İbrahimlinin vəkilliyini edir? Onun ki, adını çəkən olmayıb, özünü yenidən kimlərə təqdim edir? Çox təəssüf edirəm ki, bir il hakimiyyətdə qala bilməyən adamlar hələ də səhvlərini və günahlarını etiraf etmək istəmirlər. Etiraf acizlik və gücsüzlük əlaməti deyil, əksinə insanı daha da ucaldır. Həm də ona təəssüf edirəm ki, belələri hələ də siyasi meydanda qalıb, savadlı, intellektual və müasir dünya görüşünə malik hər cür intiriqalardan kənar olan gənc siyasilərə yer vermirlər. Kötük kimi inkişafın və tərəqqinin qabağını kəsirlər". AMİP rəsmisi onu da bildirib ki, Əbülfəz Elçibəyə, dövlətçiliyə ən böyük xəyanəti məhz ətrafi edib: "Onu meydanda tək qoyub qaçıblar. Onu hakimiyyətə zorla gətirib sonra da o boyda lideri Kələki kimi kiçik bir kəndə sığınmağa məcbur etdilər. Əgər o, doğrudan da hüquqşünasdırsa xəyanət sözünün hüquqi məsuliyyətini və ağırlığını yaxşı bilərdi. Ən böyük xəyanətkar elə Vaqif Hacıbəyli kimi olar. Bir faktı Vaqif Hacıbəyli kimi düşünənlərə bir daha xatırladım ki, qulaqlarında sırğa etsinlər; mərhum prezident Əbülfəz Elçibəy 1997-ci ilin 30 oktyabrında Bakıya qayıdandan sonra bağladığı ilk əməkdaşlıq sazişi AMİP-lə, sədr Etibar Məmmədov arasına olub. Müsavat, Əhrar və s partiyalarla yox. Məhz AMİP-lə. Yəni AXCP-AMİP əməkdaşlıq sazişi. Bu faktın özü çox qaranlıqlara işıq tutur".
Kamal