Berlin Qarabağ probleminin həllinə töhfə verə bilmədi
Almaniya ermənipərəst mövqeyə sürüklənir
8 İyun 2016 12:13 SiyasətBu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdə oldu. Səfər çərçivəsində bir sıra rəsmi şəxslər, eləcə də kansler Angela Merkellə görüşən Azərbaycan Prezidentiinin hər zaman olduğu kimi yenə də əsas diqqət mərkəzində olan məsələ Dağlıq Qarabağ problemi idi. Dövlət başçısı bir daha ölkəmizin haqlı mövqeyini Berlindən bütün dünyaya çatdıraraq bəyan etdi ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyir. Angela Merkellə görüşündə aprelin əvvəllərində qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan da danışan Prezident İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində mülki şəxslərin qətlə yetirildiyini, mülki obyektlərə çoxlu ziyan dəydiyini bildirdi. Qeyd edib ki, ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib.
Alman kansleri də öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb. Bildirdi ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istəyir. Bildirib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün öz əlaqələrindən maksimum şəkildə istifadə edəcək.
Almaniyanın ATƏT-ə sədrlik etdiyi dövrdə Azərbaycan Prezidentinin bu ölkəyə səfəri, eləcə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılacaq danışıqlara böyük ümidlər vardı. Ehtimal etmək olardı ki, aprel döyüşlərindən dərhal sonra işğalçı ölkənin rəhbərliyi ilə görüşən alman kansler növbəti dəfə Azərbaycan Prezidenti ilə bir araya gələrək münaqişənin həlli istiqamətində ATƏT-in sədri kimi irəliyə doğru addım atmağa çalışacaq. Hətta Azərbaycan və Ermənistan prezidentlərinin bu ay ərzində nəzərdə tutulan görüşünün Almaniyada reallaşacağı da istisna edilmirdi. Ancaq göründüyü kimi rəsmi Berlin ATƏT-ə sədrlik etdiyi müddətdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa addım atmaqda aciz olduğunu ortaya qoydu. Və "əsas yük" yenə də həmsədr ölkələrin üzərinə atıldı. Ekspertlər də bu qənaətdədirlər ki, hazırkı situasiyada Almaniya ATƏT-ə sədrlik edən bir ölkə kimi Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini vermək iqtidarında deyil.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan prezidenti Ilham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfəsini vermədi. Onun sözlərinə görə, Almaniya problemin həllinə töhfə verməkdə acizliyini nümayiş etdirdi: "Əslində bu gözlənilən idi. Çünki Almaniya Federativ Respublikası iyun ayının 2-də qondarma
erməni "soyqırımını"tanımaqla, artıq ermənipərəst mövqeyini ortaya qoymuş oldu". Məhəmməd Əsədullazadə bildirib ki, alman kansleri Angela Merkelin açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həlli estafetinin Rusiyaya verildiyini təsdiqləyir: "Alman kansleri problemin həllində açar Rusiyadadır deməklə, ATƏT sədri kimi Avropanın qonşuluğunda təhlükəsizliyi daima təhdid edən ciddi bir münaqişənin həllindən yayındı. Ancaq Almaniyanın "dörgünlük" müharibəyə qədər mövqeyi açıq və prinsipial idi. Azərbaycan da öz növbəsində Almaniyanın daima bu, mövqeyindən razı, hətta ATƏT-in Minsk qrupunun həmsədrliyinə gətirilməsinə çalışırdı. Bundan sonra isə Almaniya Qarabağ probleminin həllində öz "missiyasına" kölgə salmış oldu". Politoloq hesab edir ki, rəsmi Berlinin mövqeyində baş verən dəyişikliyin də səbəbi aydındır: "ÇünkiAvropada güclü erməni və rus lobbiləri, eləcə də biznesmenləri var. Avropada Rusiyanın iş adamları, nüfuzlu siyasilərə təsir imkanına malik, qəzet və KİV-ləri var"
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında daha çox Türkiyənin bostanına daş atıb: "Alman kansler bildirib ki, Türkiyənin Almaniya parlamentinin "erməni soyqırımı" qətnaməsinə sərt reaksiyasını qəbul etmir. Çünki guya alman millət vəkilləri müstəqil qərar qəbul ediblər və bu məsələnin bir kansler olaraq ona aidiyyyatı yoxdur. O, Türkiyə ilə Ermənistan arasındakı dialoqun genişlənməsi üçün əlindən gələni edəcəyini də söyləyib. Merkelin hər iki açıqlaması Türkiyə ilə yanaşı Azərbaycanın da maraqları əleyhinədir. Merkel istəsəydi, partiyadaşlarına çağırış edib deyərdi ki, indi "erməni soyqırımı" qətnaməsinin qəbul etməyin vaxtı deyil. Bunu etməyibsə, deməli özü də "erməni soyqrımının" tanınmasının tərəfdarıdır. O ki qaldı, Türkiyə-Ermənistan dialoquna, Merkel onu da bilməlidir ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ankara-İrəvan dialoqu mümkün deyil. Məndə belə təəssürat yaranır ki, Merkel və Almaniya siyasi palitrası PKK-ya rəğbət bəslədikləri kimi getdikcə ermənipərəst mövqeyə sürüklənirlər".
Süleyman