
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ekspert hesab edir ki, Türkiyə PKK-nın gücünü və mövqeyini kifayət qədər zəiflətməyə nail olub: "Ordunun və polisin uğurları göz qabağındadır. Ötən ilin 22 iyulundan bu yana terrora qarşı başladılan mübarizədə ümumilikdə 2 minə yaxın terrorçunun məhv edildiyi bildirilir. Elə savaş başlamazdan əvvəl PKK-nın Türkiyə içərisində məhz bu qədər silahlı terrorçusu olduğu ehtimal edilirdi. Əlbəttə, PKK Suriya və İraq üzərindən Türkiyədəki tərəfdarlarına yenidən silah ötürməyə çalışacaq. Ancaq bu əvvəlki illərdəki qədər asan olmayacaq. Çünki birincisi, PKK-nın Türkiyədə partizan savaşı apara biləcək tərəfdar sayı azalıb, ikincisi, Türkiyə ordusu İraqla sərhədi möhkəmləndirib".