İlham Əliyev: Cənub qaz dəhlizinin icrası bizə Azərbaycan qazının dünya bazarlarına çıxarılmasına imkan verəcək
1 İyun 2016 11:09 SiyasətBu gün Şah Dəniz qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir və artıq Şah Dənizdən çıxarılan qaz regional bazarlara çıxarılır. Cənub qaz dəhlizinin icrası bizə imkan verəcək ki, həm Şah Dəniz qazı, həm digər yataqlardan çıxarılacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.
İlham Əliyev qeyd edib: "Təbii ki, bu gün Cənub qaz dəhlizi haqqında danışarkən biz 90-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. Həmən dəhliz üzərindən indi Azərbaycan qazı dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hal-hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz nefdən əldə edilən gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları əldə etmişik və Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək və beləliklə neft, qaz, nəqliyat dəhlizləri Azərbaycan üzərindən keçəcək".
Dövlət başçısı bildirib ki, bu arada biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir: "Yəni bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə və düşünülmüş siyasət, tərəfdaşlarla apardığımız birgə fəaliyyət bax bu reallıqları yaradıb. Bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir və geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir. Beynəlxalq əməkdaşlıq olmadan əlbəttə ki, biz heç bir layihəni icra edə bilmərik. Çünki Azərbaycanın açıq dənizlərə, dünya bazarlarına çıxışı yoxdur. Məhz buna görə böyük vəsait neft və qaz kəmərlərinin tikintisinə yönəldilir. Və beynəlxalq əməkdaşlığın da təşəbbüskarı biz olmuşuq".