Ağdam: İşğaldan dirçəlişə uzanan yol - ÖZƏL

"Ağdam işğaldan əvvəl də Qarabağın əsas mərkəzlərindən biri idi. Əhalisinin sayına, məşğulluq səviyyəsinə, eləcə də ümumilikdə rayonda gedən proseslərə və fəallığına görə Ağdam hər zaman seçilirdi."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Təbii ki, Ermənistan buranı da işğal edərək xarabalığa çevirdikdən sonra Ağdamdan, necə deyərlər, ağdamlıq qalmadı. Lakin bir şeyi unutdular ki, Ağdamı işğal edib altını üstünə çevirə bilərlər, amma ağdamlıların ruhunu, doğma torpağa və yurda bağlılığını əllərindən ala bilməzlər.

Artıq Ağdam şəhəri yenidən qurulur, rayonun ayrı-ayrı kəndlərində bərpa və yenidənqurma işləri aparılır. Sıfırdan yeni kəndlər salınır, şəhər yenidən inşa edilir. Müxtəlif obyektlər fəaliyyətə başlayıb, sosial qurumlar öz işini bərpa edib. Ağdam artıq yenidən mühüm mərkəzə çevrilir. Azərbaycan perspektivdə bu şəhəri bütövlükdə Qarabağın əsas mərkəzinə çevirməkdə qərarlıdır.

Ağdam gələcəkdə düşmənə gözdağı olacaq bir şəhər kimi qarşımızda dayanacaq. Bununla Azərbaycan dövləti, Azərbaycan xalqı, eləcə də ağdamlıların özləri bir daha dünyaya göstərəcəklər ki, bizim ruhumuzu heç kim sındıra bilməyib və bilməyəcək də. Bizi müvəqqəti olaraq hədəflərimizdən yayındıra bilərlər, lakin bu hədəflərdən tamamilə uzaqlaşdırmaq mümkün deyil.

Ağdam gələcəkdə Qarabağın siyasi, iqtisadi, mənəvi və mədəni mərkəzi kimi göz oxşayacaq. Əslində, artıq göz oxşamağa başlayıb. Lakin tikinti-quruculuq işləri tam başa çatdıqdan sonra dünya tamamilə yeni bir Ağdam görəcək. Bundan sonra hər kəs bir daha ermənilərin belə gözəl bir məkanı xarabalığa çevirməsini xatırlayacaq və bu dağıntıların miqyasını görəcək."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31