Türkmənistanda Respublika Günü qeyd edilib
Həsən Zeynalov: “Azərbaycan və Türkmənistan arasında əlaqələr uğurla inkişaf edir”
31 May 2016 14:13 SiyasətAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ölkəmizdən kənarda da geniş şəkildə qeyd olunub. Bayram tədbirləri Türkmənistanın paytaxtı Aşqabad şəhərində də təşkil edilib. Belə ki, Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfindən may ayının 30-da Aşqabadda "28 May-Respublika Günü" münasibətilə rəsmi qəbul keçirilib. Qəbulda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev, Türkmənistanın dövlət və ictimai xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və soydaşlarımız iştirak ediblər. Azərbaycan və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Həsən Zeynalov geniş nitq söyləyib. Diplomat Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində yaradılmış ilk demokratik cümhuriyyət olduğunu bildirərək, onun yaradılması tarixi, mövcud olduğu qısa müddət ərzində dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirdiyi mütərəqqi islahatlar, ADR-in dünya səviyyəsində tanıdılması istiqamətində görülmüş tədbirlər barədə iştirakçılara məlumat verib. 1920-ci ilin aprelində ADP-in fəaliyyətinə sonqoyulduğunu diqqətə çatdıran Həsən Zeynalov, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu və müstəqil Azərbaycan Respublikasının o zamankı Demokratik Respublikanın varisi olduğunu bildirib: "XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan separatizm, torpaqlarının işğalı, iqtisadi tənəzzül və daxili qeyri-sabitlik kimi problem və təhdidlərlə üz-üzə qalmışdı. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar oldu, hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsipləri formalaşdı. Ölkənin dünyaya inteqrasiyası sahələrində böyük uğurlara imza atıldı. Heydər Əliyevin neft strategiyası, xüsusən Azərbaycanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması məqsədilə aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələr Azərbaycan Respublikasının müstəqilliyinin gücləndirilməsi yönündə atılmış mühüm addımlardan oldu". Hazırda ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, iqtisadi, sosial, ordu quruculuğu, Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi sahələrində böyük nailiyyətlərin qazanıldığını qeyd edən səfir Həsən Zeynalov ölkəmizin inkişafı haqqında danışaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsinin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu və bu mənada kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat, informasiya-koomunikasiya texnologiyaları və s. sahələrin inkişaf etdirilməsinə ciddi fikir verildiyini, həmin sahələrlə bağlı göstəricilər üzrə müsbət dinamikanın müşahidə edildiyini bildirib: "Regionda Azərbaycan Respublikasının fəal iştirakı ilə enerji və nəqliyyat sahələrində meqa layihələr həyata keçirilir. Ölkəmiz enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır. "Cənubi qaz dəhlizi" layihəsinin icrası davam etdirilir. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yönündə tədbirlər görülür. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra isə Avropa ilə Asiya arasında ən qısa marşrut yaranacaq" Həmçinin, son illərdə Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsinin uğurla inkişaf etdirildiyi, bu sahədə nəzərə çarpan nəticələrin əldə olunduğu və ölkənin müdafiə qabiliyyətinin xeyli gücləndiyi bildirən diplomat qeyd edib ki, ordumuzun Azərbaycan Respublikasının ərazi bütövlüyünü qısa müddətdə bərpa etmək iqtidarında olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hazırda Azərbaycan Respublikası işğal olunmuş torpaqlarının danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında tez bir zamanda qaytarılmasına üstünlük verir. Səfir Həsən Zeynalov 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli" elan olunması, müxtəlif millətlərin, ayrı-ayrı dini etiqadlara məxsus insanların əsrlər boyu ölkəmizdə sülh şəraitində yaşadıqları barədə də məlumat verib: "Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Son illərdə Azərbaycanda dünya səviyyəli tədbirlər keçirilir. Buna İlk Avropa Oyunları, Bakı Humanitar Forumu və digər tədbirləri göstərmək olar. 2017-ci ildə isə Azərbaycanda növbəti İslam Həmrəylik Oyunları keçiriləcək". Daha sonra, səfir Həsən Zeynalov Azərbaycan-Türkmənistan əlaqələrinə toxunub. O, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Türkmənistan xalqlarının eyni etnik, tarixi və mədəni köklərə mənsubluğunun bu əlaqələrin inkişafı üçün gözəl zəmin yaratdığını bildirib: " Azərbaycan Respublikası və Türkmənistanın dövlət başçıları iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsini diqqətdə saxlayırlar. Regional layihələrin icrasında, xüsusən tarixi İpək Yolunun bərpasında tərəflər yaxından əməkdaşlıq edir. Son zamanlar qarşılıqlı səfərlər və təmaslar artıb. Bu da əməkdaşlığın getdikcə dərinləşməsinin bariz nümunəsidir. Həm Azərbaycan Respublikası, həm də Türkmənistan regionda iqtisadi inteqrasiyaya töhfə verən təşəbbüslərlə çıxış edir. Bu yaxında, böyük türkmən şairi Məhtimqulu Fəraqinin "Divan"ı azərbaycanlı və türkmənistanlı mütəxəssislərin iştirakı ilə yenidən nəfis şəkildə nəşr olunub. Kitabın 2016-cı ilin aprel ayının sonunda Bakıda keçirilmiş təqdimat mərasimində Türkmənistandan nümayəndə heyəti iştirak edib. Bu da mədəni sahədə əməkdaşlığa növbəti töhfədir".
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərini çatdırıb. O, Türkmənistanda Azərbaycan Respublikası ilə dostluq münasibətlərinə yüksək dəyər verildiyini söyləyib, hər iki ölkənin qədim zamanlardan etibarən mehriban qonşu olduğunu, xalqlarının isə ortaq dil, tarixi və mədəni dəyərləri bölüşdüyünü qeyd edib. Bildirib ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2008-ci ilin may ayında Azərbaycan Respublikasına səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ilin noyabr ayında Türkmənistana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ
açıb. O, həmçinin Türkmənistanın dövlət başçısının 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş İlk Avropa Oyunlarının açılış mərasiminə qatıldığını və bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların münasibətlərin inkişafına yeni təkan verdiyini nəzərə çatdırıb. Türkmənistanın rəsmisi iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini bildirərək, Azərbaycan Respublikasının Türkmənistanın neytrallıq statusunu dəstəkləyən ilk ölkələrdən biri olduğunu qeyd edib. Əməkdaşlığın genişləndirilməsinin digər göstəriciləri sırasında Azərbaycan Respublikası ilə Türkmənistan arasında hüquq-müqavilə bazasının gücləndirilməsi, hər iki ölkənin iştirakı ilə birgə beynəlxalq tədbirlərin keçirilməsi göstərilib. S.Toyliyev ticarət-iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə toxunub, bu xüsusda, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib rol oynadığını qeyd edib: "Həmçinin, elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün perspektivlər mövcuddur. İstər Azərbaycan, istərsə də Türkmənistanda elm və mədəniyyət sahəsində keçirilən tədbirlərdə hər iki ölkənin nümayəndə heyətləri fəal iştirak edirlər. Bu mənada, Azərbaycan Respublikasının Türkmənistanda və Türkmənistanın Azərbaycan Respublikasında mədəniyyət günləri keçirilir. Görkəmli türkmən klassikləri Məhtimqulu Fəraqi, Mollanepes, Nurmuhammet Andalib, Türrkmənistanın Prezidenti Q.Berdiməhəmmədovun kitabları Azərbaycan dilinə, eləcə də "Görkəmli insanların həyatı. Heydər Əliyev" kitabı Türkmən dilinə tərcümə olunub". Sonda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini S.Toyliyev Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlərin hər iki xalqın rifahı naminə daha da yüksək templərlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib. Rəsmi qəbulda Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış ediblər.
Qeyd edək ki, Respublika Günü Türkmənistanda ilk dəfə belə geniş bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
Süleyman