Medvedevdən İrəvanda Qarabağ AÇIQLAMASI
20 May 2016 14:53 Siyasət"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzü alqışlayırıq". Anspress bildirir ki, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. O qeyd edib ki, Qarabağda əldə edilən razılığı qorumaq vacibdir. "Biz indi sizinlə bu məsələ ilə bağlı olan hər şeyi müzakirə edəcəyik. Vyana görüşü zamanı Minsk qrupunun həmsədrlərinin səyləri nəticəsində dialoqun saxlanılması, 1994-95-ci illərdə əldə olunan atəşkəsə riayət olunması barədə məsələlər müzakirə olunub. Görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Regionda sülh və sabitliyin qorunması üçün biz əlimizdən gələni edəcəyik", - deyə Medvedev bildirib. Serj Sarkisyan da Vyana görüşündə mühüm qərarların qəbul olunduğunu deyib. "Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin qəbul etdikləri qərarlar yerinə yetiriləcək". Rusiyanın baş naziri Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Bu barədə Ermənistan prezidentinin köməkçisi Narek Nikoqosyan öz "Twitter" səhifəsində yazıb. Amma görüşün təfərrüatları barədə məlumat yoxdur. Həmçinin Avrasiya İttifaqının da baş nazirləri artıq İrəvandadırlar. Bu gün Ermənistanda Avrasiya İttifaqının hökumətlərarası məsləhət şurasının iclası keçirilir. Rusiyanın baş naziri Dmitri Medvedevlə yanaşı, onun belaruslu həmkarları Andrey Kobyakov, qazaxıstanlı həmkarı Qonur Masimov və qırğızıstanlı həmkarı Sooronbay Jeenkebov İrəvana gəliblər. Onların hər biri Ermənistan prezidenti ilə görüşəcək. Daha sonra İttifaqın hökumətlərarası məsləhət şurasının iclasında iştirak edəcəklər. İclasın gedişatında inteqrasiyanın qarşılıqlı təsirləri barədə məsələlər müzakirə ediləcək. Həmçinin toplantıda təşkilata daxil olan ölkələrin neft və neft məhsullarının vahid bazarının yaradılması müzakirə oluna bilər. İttifaqın iclasının aprelin əvvəlində keçirilməsi nəzərdə tutulurdu. Amma həmin vaxt Ermənistan ordusunun Azərbaycana təxribatı nəticəsində cəbhə xəttində vəziyyət gərginləşib. Bundan sonra Qazaxıstanın etirazı əsasında şuranın iclası təxirə salınıb. Qazaxıstanın etirazı İrəvan və Astana arasında gərginliyə səbəb olub.