Milli Məclis amnistiya aktını qəbul etdi

Mehriban Əliyeva: "Bir dəfə səhv edən insanların cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik"

Mayın 20-də Milli Məclisin plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə daxil olmuş "28 May - Respublika Günü münasibəti ilə Amnistiya aktı haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin müəllifi, millət vəkili Mehriban Əliyeva çıxışında bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildən amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib. Heydər Əliyev Fondu 12 illik fəaliyyəti ilə həm ölkədə, həm də xaricdə hörmət və inam qazanan təşkilata çevrilib: "Bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər. Biz bu ümidi daim doğrultmağa çalışırıq. Bu gün azadlıqdan məhrum olunmuş minlərlə məhkumun ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq, normal həyat tərizi qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu - cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir". M.Əliyeva vurğulayıb ki, hər bir cinayət törədən insan öz səhvlərini dərk etməli və gələcəkdə bu səhvlərə yol verməməlidir: "Eyni zamanda, həm dövlətimiz, ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insalara, onların normal həyat tərzi qurmaqlarına yardım etməliyik". Azərbaycanın birinci xanımı bildirib ki, "Amnistiya aktı"na əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladları olanlar, Azərbaycanın suverənliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülən və və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək: "Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir". Onun sözlərinə görə, aparılan təhlillərə əsasən, təqribən 10 000 şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3 500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır: "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əli uzatmaq deyil. Bir dəfə səhv edən insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, aministiya şamil olunan şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmağa şans əldə edəcəklər".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Amnistiya aktı" qanunvericilik baxımından dürüst və amnistiya haqqında qərarların təcrübəsinə əsaslanaraq, mükəmməl hazırlanıb. Komitə sədrinin sözlərinə görə, artıq ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət ənənəyə çevrilib: "Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılması, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai- siyasi sabitliyinin qorunmasına da öz töhfəsini verir. Əvvəllər söylədiyimiz kimi, Azərbaycan cəzaçəkən məhkumlarının sayına görə, keçmiş sovet respublikalarını qabaqlamış və Avropa ölkələri ilə isə bir sıradadır. Nəzər alsaq ki, yeni amnistiya qərarı 10 min şəxsə həvalə ediləcək, bu, ölkəmizin yuxarıda sadalanan müsbət göstəricisinin qoruyub saxlamasına imkan yaradacaq".
Ə. Hüseynli söyləyib ki, bu qərar əvvəlki qərarla müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir: "Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir. Bu amnistiya aktı 10 min nəfərə şamil olunur ki, əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur. Təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri ehtiva edir. Bu da təbiidir. Ümumiyyətlə, amnistiya qərarlarında ağır cinayətlərə yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks təqdirdə onun humanizm ideyası tətbiq edilə bilməz. Amnistiya qərarının III hissəsinə görə, qərar 2016-cı ilin iyun ayının 15-də qüvvəyə minəcək. IV hissəsində isə amnistiyanın hansı orqanlar tərəfindən ə necə icra olunacağı müəyyən edilib. Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam əminliklə deyə bilərəm ki. Azərbaycanın ədliyyə, məhkəmə və hüququ mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. Hörmətli millət vəkilləri şübhə yoxdur ki, Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban Əliyevanın bu nəcib təşəbbüsü hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və azad olunmuş minlərlə insanlar cəmiyyətə qovuşacaq. Araşdırmalar onu göstərir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meylləri demək olar ki yoxdur. Bu onu göstərir ki, Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub. Buna görə əminliklə demək olar ki, Respublika günü münsibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək, insanların haqq- ədalət inamını daha da möhkəmləndirəcək". Müzakirələr zamanı millət vəkili Rəfael Cəbrayılov bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, hərbi cinayətlərdə, Xocalı soyqırımında iştirak etməyən, zorla hərbi xidmətə cəlb edilən erməni vətəndaşlarına da amnistiya tətbiq olunmalıdır. Fikrini onunla əsaslandırıb ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Dağlıq Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq. Deputat R. Cəbrayılov bildirib ki, amnistiya aktı həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil. "Amnistiya aktı islah olunma yoluna qədəm qoymuş və gələcəkdə yeni cinayətlərə gedə bilməyəcək insanların bağışlanmasıdır. Amnistiya aktları təcrübəsində bu amnistiya aktının xüsusi yeri olacaq". Millət vəkili Qənirə Paşayeva deyib ki, amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol vermiş insanlara daha bir şans verilməsi barədə mesajdır: "Həbsxanalar, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar. Bu insanlar bağışlanırsa, cəmiyyətdə, ailədə də o insanlara yenidən şans verilməlidir. Amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli bir mesajdır. Bu amnistiya aktının 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə cümhuriyyətə verilən böyük önəmi ifadə edir".
Müzakirələrdən sonra Milli Məclis amnistiya aktını qəbul edib. Ammnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcəklər. İcrasına iyunun 15-dən başlanılacaq "Amnistiya aktı"nın icra müddəti 4 ay olacaq.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31