Parlamentdə cəbhə xəttində gedən hərbi əməliyyatlar müzakirə olundu
Oqtay Əsədov: "Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır..."
5 Aprel 2016 15:14 SiyasətMilli Məclisin növbəti plenar iclası öz işinə Qarabağda şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra spiker Oqtay Əsədov qeyd edib ki, ötən illər boyu Azərbaycan atəşkəsə həmişə sadiq olub: "Hər dəfə Azərbaycan hər hansı yüksək nailiyyətə nail olanda Ermənistan tərəfindən təxribatla rastlaşırdı. Mülki əhali böyük çaplı silahlarla atəşə tutulurdu. Son vaxtlar isə mərmilərdən mülki əhaliyə atəş açmağa başladılar. Azərbaycan ordusunun buna hövsələsi dözmədi. Aprelin 1- dən 2- nə keçən gecə Ermənistan qoşunlarına öz yerini göstərdi. O yüksəkliklər var idi ki, həmişə oradan Azərbaycan əhalisi hədəfdə idi. Azərbaycan o yüksəklikləri aldı. Azərbaycan bundan sonra müvəqqəti atəşkəs elan etdi. Amma Ermənistan yenə də buna əməl etmədi. XİN də ötən gün bəyanat yaydı ki, ermənilər Dağlıq Qarabağdan çıxana kimi mübarizə davam edəcək. Azərbaycan əlindən gələni edəcək ki, torpaqlar azad olunsun və münaqişə həll olunsun. Biz status-kvonun saxlanılması ilə razı deyilik. Azərbaycan ordusuna dəqiq əməliyyatına görə təşəkkür edirik". Millət vəkili Qüdrət Həsənquliyev çıxışında öz əməkhaqqısının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bildirib. O, parlament adından erməni ictimaiyyətinə müraciət etməyi və həmin müraciətdə onların iri dövlətlərin xüsusi xidmət orqanlarının əlində oyuncaq olmamağa çağırış edib. Spiker isə heç bir çağırışa və müraciətə ehtiyac olmadığını bildirib. O, bir daha xatırladıb ki, məsələ ilə bağlı Azərbaycan dövlətinin və XİN-nin rəsmi mövqeyi var. MM sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan Ermənistanla heç vaxt imitasiya xatirinə danışıqlara getməyəcək. Z. Əsgərov bildirib ki, 1994-cü ildən indiyə qədər bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib, daim təxribatlarla Azərbaycanı təhdid edib: "Hər gün cəbhədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi faktları olub. Bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar aparırdılar. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar, cəzasızlıq vəziyyətindən istifadə edirdilər. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdi. Xüsusilə də ATƏT-in Minsk qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədr əslində ermənilərə dayaqdırlar. Təəssüf ki, bu belədir, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Üzr istəyirəm, yəni "donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır". Z. Əsgərovun sözlərinə görə, düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü: "Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb. Xalqımız da ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif tamamilə sabun köpüyü kimi əriyib, getdi. Bir daha sübut etdik ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil ordusu və silahı yoxdur. Onlar sadəcə, kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Baxacağıq, beynəlxalq təşkilatlar bundan sonra nə iş görəcəklər. Bunun üçün də ayrıca qiymətimiz olacaq. 10 milyona yaxın hər bir insan dövlətin və prezidentin ətrafında sıx birləşib. Hər bir kəs bilir ki, onun güclü ordusu, dövləti xalqın keşiyindədir. Digər məsələ isə odur ki, güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı, yüksək səviyyədə aparıldı. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm ki, Minsk Qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb, qiymət versinlər. Çünki onlar bilir ki, kim günahkardır. Əvvəldən də məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq, bunu birdəfəlik bilsinlər". Füzuli bölgəsini parlamentdə təmsil edən vitse -spiker Bahar Muradova da öz növbəsində ötən gün Füzuli bölgəsindən qayıtdığını bildirib. B. Muradova qeyd edib ki, orada bütün günü intensiv danışıqlar gedib: "Təmas xəttində yaşayan əhali yüksək əhval ruhiyyədədir. İnsanlar öz işində-gücündədir. Onlar sosial şəbəkələrdə gedən bəzi döyüş əməliyyatlarının nəticəsi barədə yayılan dəqiq olmayan məlumatlardan narahatdırlar. Sosial şəbəkələrə diqqət yetirmək lazımdır. Bizə tanış olmayan profillərdən yayılan məlumatlara inanmaq lazım deyil. Çünki hamıdan çox Füzulilər öz yurdlarına qayıtmaq, Şuşanın azad olunmasını istəyirlər. Belə fikirlər var ki, guya müharibəni görməyənlər Qarabağda savaş başlayarsa ona az maraq göstərəcəklərini bildirirdilər. Son günlər baş verənlər isə bu fikirləri alt- üst etdi. Gənclərimizdən cəbhəyə getmək üçün xeyli müraciətlər var. Bu da onlarda olan döyüş ruhunu göstərir". Yenidən müzakirələrə qoşulan spiker deyib ki, Ermənistan prezidenti Sej Sarkisyan Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra tələm-tələsik kompromis çağırışı edib: "Sənin kompromisin bizə lazım deyil,torpaqları boşalt". Onun sözlərinə görə, hazırda təmas xəttində savaş gedir:"Şuşa şəhəri boşalır. Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır. Sosial şəbəkələrdə də gördük ki, 70-80 yaşlı adamlar orduya çağırılır. Bu onu göstərir ki, Ermənistanda gənclər qalmayıb, hamı qaçıb gedib. Amma ermənilər dayanmır. Yenidən azad etdiyimiz həmin əraziləri işğal etmək istəyirlər". Millət vəkili Qənirə qeyd edib ki, ordumuz erməni işğalçılarına layiqli cavab verir: "Torpaqlarımızın işğaldan tam azad olunacağı və daha böyük qələbə qazanacağımız gün uzaqda deyil. Xalqımız, biz hamımız Ali Baş Komandanın və ordumuzun yanındayıq və Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, torpaqlarının işğaldan azad edilməsi üçün bütün ordusunun yanındadır". Qənirə Paşayeva da deputatları maaşlarının bir hissəsini Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edib, özü də bu addımı atacağını bildirib. Deputat hər kəsi bu təklifi dəstəkləməyə çağırıb. Sonra millət vəkilləri gündəlikdə duran məsələlərin müzakirəsini davam etdiriblər.
Alim