ATƏT-in Minsk qrupu fəaliyyətsizdir

Qurum öz işini yerinə yetirə bilmir

Aprelin ilk günlərindən cəbhə xəttində baş verənlər qardaş Türkiyədə maraq və həyəcanla izlənməkdədir. Xüsusilə, Türkiyədə fəaliyyət göstərən azərbaycanlılar, diaspor təşkilatlarının rəhbərləri təmas xəttində yaşanan prosesləri yaxından izləyirlər. Həmçinin həmvətənlərimiz Azərbaycana dəstək mövqeyini də açıq şəkildə ortaya qoyurlar. İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu bildirib ki, uzun illərdir həll edilməyən Dağlıq Qarabağ problemi təkcə Azərbaycan üçün deyil, o cümlədən region üçün ciddi təhlükə mənbəyidir: "Qarabağ problemi həll edilmədiyi müddətə qədər bölgədə təhlükəsizlik və sülhün olması mümkün deyil". İSTAD sədri deyib ki, Dağlıq Qarabağ probleminin həlli məqsədilə müntəzəm olaraq Azərbaycan və Ermənistan arasında danışıqlar, görüşlər keçirilsə də, lakin İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən həmin danışıqlar hər zaman nəticəsiz başa çatıb: "Problemin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu isə problemi həll etməkdən daha çox onun yubanmasına yol açır. Qarabağ probleminin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupu təssüflər olsun ki, 24 ildir problemin həlli üçün heç bir ciddi addım atmır. Bu səbəbdən Azərbaycan da mövcud vəziyyətdə problemin digər formatlarda həllinə üstünlük verir. Bu istiqamətdə rəsmi Bakının BMT çərçivəsində apardığı işi yüksək dəyərləndirmək lazımdır. Məhz aparılan uğurlıu işlərin nəticəsidir ki, 14 Mart 2008-ci il tarixlində "Azərbaycanın işğal edilmiş torpaqlarının vəziyyətinə dair sənəd gündəmə gəldi. Və təbii ki, bu da Minsk qrupu həmsədrlərini ciddi mənada narahat etməyə başladı. Həmsədrlərin cəhdlərinə baxmayaraq "Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz dərhal çıxarılması, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasının təmin edilməsi" adlı sənəd qəbul olundu". Səfər Karakoyunlu deyib ki, həmin qərarı tanımaq istəməyən ATƏT-in Minsk qrupun açıq-aşkar erməni maraqlarına xidmət etdiyini bir daha ortaya qoymuş oldu. İSTAD sədri Azərbaycana qarşı tətbiq edilən ikili standartlar və ədalətsizliyə rəğmən Türkiyənin hər zaman Azərbaycanın haqlı davasına dəstək verəcəyini və daim onun arxasında dayandığını söyləyib: "Bunu bütün dünya bilməlidir".
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasi İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal da ermənilərin təmas xəttində həyata keçirdiyi təxribat hərəkətlərini pisləyərək hər zaman Azərbaycanın yanında olacaqlarını ifadə edib: "Ermənilər yenə də bəzi xarici qüvvələrin təhriki ilə Azərbaycan torpaqlarına hücuma keçib. Bu hücum nəticəsində onlarla türk əsgəri şəhid olub. Kədərimiz böyükdür. Ancaq Ermənilərin bu təxribatı cavabsız qalmayıb və 100-dən artıq erməni hərbiçi öldürülüb. Erməni təxribatına qarşı lazım olan cavabı qəhrəman Azərbaycan ordusu layiqincə verir". Sərdar Ünsal deyib ki, bütün Türk dünyası Azərbaycanın yanındadı: "Bu gün Türk dünyası müxtəlif təpkilər, təzyiqlər altındadır. Suriya, İraq, Şərqi Türküstan, Krımda Türk olduğu üçün
insanlar təzyiq və zülmlə qarşılaşıblar. Təəssüflər olsun ki, dünya da bunu yalnız seyr etməkdədir. Bütün bu ədalətsiz yanaşmalardan ruhlanan ermənilər bir qədər də cürətlənərək yenidən Azərbaycanın sərhədlərini pozmağa çalışırlar. Ancaq ermənilərin unutduğu bir şey var. Azerbaycan 1992-ci ildəki Azərbaycan deyil. Bu gün Azərbaycanın güclü ordusu var və bu ordu, texnologiya ilə ermənilərə lazım olan dərsi verəcək. Elə son proseslər də bunu göstərdi". Dərnək sədrinin sözlərinə görə, Qarabağ problemi tezliklə həllini tapmalıdır: "Bu prosesdə beynəlxalq birlik də aktiv rol oynamalıdır. Təəssüflər olsun ki, problemin həlli ilə məşğul olmağı öz üzərinə götürən ATƏT-in Minsk qrupu bu istiqamətdə heç bir aktivlik göstərmir. Artıq ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir qruma çevrilib. Halbuki Minsk qrupu Ermənistanı atəşkəsə riayət etməyə və qarşıdurmalara bir an əvvəl son qoymağa çağırmalıdır: "Ancaq görünən odur ki, ATƏT-in Minsk qrupu səssizliyə üstünlük verir. Düşünürəm ki, ATƏT-in Minsk qrupu vəzifəsini icra edə, onu tam olaraq yerinə yetirə bilmir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31