Prezidentin əfv sərəncamı icra olunub
18 Mart 2016 16:06 SiyasətAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2016-cı il tarixdə imzaladığı, sayca 61-ci olan Əfv sərəncamı üzrə məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılmış, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 148 məhkum əfv olunmuşdur. Ombudsman Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, növbəti dəfə məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlamışdır. Bu barədə Oçbudsman Aparatından verilən məlumata görə, E.Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 25 məhkum əfv olunmuşdur. Qeyd edilməlidir ki, fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkum, o cümlədən qadınlar, yeniyetmələr, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılmışdır. Ombudsman Aparatının əməkdaşları bu əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində, 4 və 16 saylı cəzaçəkmə müəssisələrində olmuşlar. Onlar məhkumlara əfv olunmaları və qarşıdan gələn Novruz bayramı münasibətilə Ombudsmanın təbriklərini və xoş arzularını çatdırmışlar. Vurğulanmışdir ki, dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 10 Amnistiya Aktı qəbul olunmuş, 61 əfv sərəncamı imzalanmış, nəticədə isə minlərlə insan ailəsinə, cəmiyyətə qovuşmuşdur. Qeyd edilmişdir ki, müvafiq sahədə qanunvericilik aktları liberallaşdırılmış, penitensiar müəssisələrdə şərait, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar, onlara tibbi yardım göstərilməsi və islah olunma prosesində son illərdə təkmilləşmə müşahidə olunur. Bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilmişdir.