Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının məqsədi...

Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının məqsədi İŞİD-lə mübarizə deyildi. Mill.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib. Politoloqun fikrincə, Rusiyanın əsl məqsədi Suriyada mövcud rejimin hakimiyyətdə qalmasını təmin etməkdir: "Rusiya prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılmasının başlandığını bəyan etməsi göstərir ki, onun məqsədi hələ də öz mövqe və infrastrukturunu qoruyub saxlayan İŞİD-lə mübarizə yox, Əsəd rejiminin stabilliyinin təmin edilməsi və ona müxalif olan qərbyönümlü və türkiyəyönmlü müxalifətin darmadağın edilməsi idi. Hərçənd, bu elə əvvəllər də bəlli idi".

Xatırladaq ki, martın 14-də Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin, daha dəqiq desək, Hava-Kosmik Qüvvələrinin qruplaşmasının martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş  verib. Putin bu qərarını Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib: "Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm", - deyə Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.

Putinin sözlərinə görə, Rusiya qoşunlarının çıxarılması Suriyada siyasi nizamlanma üçün yaxşı təkan olacaq: "Ümid edirəm ki, bugünkü qərar bütün münaqişə tərəfləri üçün yaxşı siqnal olacaq. Ümid edirəm ki, bu proses bütün iştirakçıları arasında etimadı daha da artıracaq". Millət vəkili, Putinin bu addımının fərqli tərəflərini də açıqlayıb: "İran öz Qüds korpusunu Suriyadan daha əvvəl çıxarmışdı. Orada yalnız məsləhətçilər və Hizbullahın dəstələri qalıb. Əvvəlcə Tehranda ayətullahlar, daha sonra isə Putin anladılar ki, Suriya yaxın gələcəkdə nə stabilliyin, nə də qələbənin gözlənilmədiyi bir bataqlıqdır. Amma arxasında NATO-nun durduğu Türkiyə ilə birbaşa toqquşmaq riski var. Özünü neftin qiyməti ilə razılaşması daha arzuolunan olan Səudiyyə Ərəbistanına qarşı qoymaq da Kreml üçün çox risklidir. Ona görə də Putin dayanmağa üstünlük verdi. Amma Rusiya Krımın işğalından və Donbasda yaradılan separatçı qarmaqarışıqlıqdan sonra düşmüş izolyasiyadan çıxmaq məsələsini isə həll edib. Onunla bu barədə Avropa Birliyi və ABŞ danışıqlar aparır, hərçənd onlar sanksiyaları götürməyə tələsmirlər. Hər halda Putin öz hərbi gücünün nümayişini təşkil etdi və hesab edir ki, onunla razılaşmağa üstünlük verəcəklər". Rusiyanın müdafiə naziri Sergey Şoyqu dövlət başçısına Rusiya qoşunlarının Suriyada apardığı hərbi əməliyyatların yekunları barədə məlumat verərkən bildirib ki, Suriya qoşunları Rusiyanın dəstəyi ilə 400-dən çox yaşayış məntəqəsini və 10 min kvadratmetrdən çox ərazini azad ediblər. Suriya ərazisində Rusiyadan gəlmə 2 mindən çox quldur, eləcə də, 17 səhra komandiri məhv edilib. Müdafiə nazirinin sözlərinə görə, Rusiya aviaqrupu 209 neft hasilatı və emalı obyektini, həmçinin 2 mindən çox neft məhsulu daşıyan vasitəni məhv edib, terrorçuların ehtiyat təminatını tam olaraq dayandıra biliblər.

Qeyd edək ki, Rusiya prezidenti qoşunların Suriyadan çıxarılması barədə telefonla amerikalı həmkarı Barak Obamanı da məlumatlandırıb.

İlkin İzzət

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31