“Roskomnadzor" “LifeNews” kanalının Azərbaycana qarşı fəaliyyətinə münasibət bildirib

Rusiya Federasiyasının Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə nəzarət üzrə Xidməti - "Roskomnadzor" "LifeNews" telekanalının Azərbaycana qarşı fəaliyyətinə münasibət bildirib. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, "Roskomnadzor"dan səfirliyə bu barədə məktub daxil olub. Məktubda Rusiya Federasiyasının "KİV haqqında" qanununun 4-cü -"Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi" maddəsinə istinadən bildirilir ki, "Roskomnadzor" yalnız həmin maddədə sadalanmış hallara, o cümlədən ekstremist xarakterli materiallara rast gəldikdə müvafiq KİV orqanına xəbərdarlıq edə bilər. "Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında" federal qanuna istinadən Rusiyada bu cür fəaliyyət kimi yalnız Rusiya Federasiyasının maraqlarına xələl gətirən addımlar sayıla bilər.  Məktubda Rusiya Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə müvafiq olaraq ölkədə kütləvi informasiya azadlığına zəmanət verildiyi və senzuranın qadağan olunduğu barədə məlumat verilir. Bundan əlavə, "KİV haqqında" qanunun kütləvi informasiya azadlığının məhdudlaşdırılması üzrə 58-ci maddəsinə əsasən istənilən şəxs və ya dövlət qurumu tərəfindən KİV-in redaksiya fəaliyyətinə müdaxilə edilməsi, onun peşəkar müstəqilliyinin pozulması qadağandır.  Bununla yanaşı, "Roskomnadzor" KİV-də Dağlıq Qarabağ münaqişəsinin düzgün işıqlandırılmasının vacibliyini vurğulayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü prioritetlərinə şərik çıxdığını və səfirliyin notası haqqında məlumatın "LifeNews" kanalına çatdırılacağını bəyan edib.

Qeyd edək ki, 5 dekabr 2015-ci il tarixində "LifeNews" kanalının efirində Azərbaycan Respublikasının xəritəsinin təhrif olunaraq beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər çərçivəsində deyil, işğal olunmuş ərazilər çıxarılmaqla nümayiş etdirilməsi, 2016-cı ilin 8 yanvar tarixli efirində isə qondarma rejimin təbliğ edilməsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında tamamilə səhv təsəvvürün formalaşdırılmasına yönəlmiş geniş reportajın verilməsi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya tərəfinə müvafiq müraciətlər ünvanlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31