Anti-Azərbaycan qüvvələrin tələbə və diplomatlarımız qarışısında uğursuzluğu

Amnesty İnternational İtaliya Qrupunun təşkilatçılığı, Leyla və Arif Yunusların qızı olan Dinara Yunusun iştirakı ilə cari ilin fevralın 26-da Romada, İtaliya Milli Mətbuat Federasiyasının (İMMF) binasında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair seminar keçirilib.

Təxribatın izləri...

Milli.Az xəbər verir ki, belə bir tədbirin keçiriləcəyi barədə məlumat əldə edən kimi Azərbaycanın İtaliyadakı diplomatik nümayəndəliyi və Romada təhsil alan bir qrup vətənpərvər tələbələrimiz təşkilatçılara məktub göndərərək bu tədbirin təxribat xarakteri daşıdığını və onun Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsinə təsadüf etməsinin erməni tərəfinin İtaliya ictimaiyyətinin diqqətinin bu qanlı faciə barədə həqiqətlərdən yayındırılması məqsədi güddüyünü bildiriblər. Belə ki, tədbirin proqramında Xocalı soyqırımı və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərə dair mövzuların olmamasının belə bir tədbirin təxribat xarakterli olmasına dəlalət etdiyi diqqətə çatdırılıb. Həmçinin, seminar barədə ilk məlumatın tədbirin təşkilatçıları kimi təqdim edilən İMMF, Amnesty İnternational İtaliya Qrupunun saytlarında deyil, İtaliya erməni icmasının saytında çıxması faktı bir daha təsdiq edir ki, tədbirin arxasında ermənilər dayanır.

Lakin tədbirdən öncə Romada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı barədə məlumatı özündə əks etdirən vərəqələri tədbir iştirakçılarına və çıxışçılara paylamağa müvəffəq olublar.

Ermənipərəst italyanların canfəşanlığı

Əldə etdiyimiz məlumatlara görə, seminarın əvvəlində və sonunda İMMF-nin rəhbəri Giuseppe Giuliettinin onunla birgə tədbirə gəlmiş və yaxın münasibətlərdə olduğu erməni icmasının liderləri ilə məsləhətləşmələr apardığı gözdən yayınmayıb.

Seminarda natiq qismində ermənipərəst tədqiqatçı, jurnalist Simone Zoppellaro çıxış edib.

Qeyd  edim ki, İtaliya KİV-lərində ermənilərin "təbliğat maşınının təkəri" kimi əsas yazarlardan olan S.Zoppellaro faktiki olaraq Yerevanda yaşayır və işğal olunmuş ərazilərə qanunsuz səfər etdiyinə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən "persona non grata" elan olunub və arzuolunmaz şəxslər siyahısına daxil edilib. O da məlumdur ki, S.Zoppellaronun ABŞ-nın erməni icmasına mənsub "The Armenite" jurnalında da yazıları nəşr olunur.

Tədbirdə KİV-lərdə mütəmadi olaraq Azərbaycanın liderlik etdiyi Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən "Trans-Adriatik" qaz boru kəmərinin (TAP) əleyhinə yazılarla çıxış edən Elena Gerebizza da danışıb. E.Gerebizza çıxışının 90 faizini TAP əleyhinə təbliğat aparmağa sərf edib. Ardınca TAP-a qarşı hazırlanmış antitəbliğat xarakterli filmi nümayiş etdirib.

Xain xoflu olar...

Seminarın sonuna doğru Amnesty İnternational İtaliya Qrupunun sözcüsü Riccardo Noury çıxış edərək tədbiri bağlı elan etmək istəyib. Əsas qalmaqal da məhz bundan sonra başlayıb. Belə ki, həmin an Azərbaycanın İtaliyadakı Səfirliyinin diplomatı əlini qaldıraraq söz almaq istəyib. Buna cavab olaraq, R.Noury bu tədbirdə auditoriyanın sual verməsinin və ya replika ilə çıxış etməsinin nəzərdə tutulmadığını deyib. Azərbaycan diplomatı auditoriyanın hansı səbəbdən replika hüququnun olmadığı barədə maraqlandıqda isə R.Noury ona aqressiv şəkildə İMMF və Amnesty İnternational İtaliya Qrupu tərəfindən belə qərar alındığını bildirərək təbdiri tələm-tələsik bağlı elan edib.

Lakin Azərbaycan diplomatı özlərini insan hüquqlarının və söz azadlığının müdafiəçisi adlandıran qurumlar tərəfindən təşkil olunmuş bir tədbirdə auditoriyaya öz fikrini söyləməyə imkan verməməyin gülünc olduğunu, çıxışçıların İtaliyanın KİV-lərdə Azərbaycan əleyhinə təbliğat aparan qərəzli şəxslərdən ibarət olduğunu diqqətə çatdırıb. Bu zaman G.Giulietti Azərbaycan diplomatına yaxınlaşaraq onu əl hərəkətləri ilə, daha doğrusu şəhadət barmağını silkələyərək hədələyib.

R.Noury isə Azərbaycan diplomatlarına və tələbələrə qarşı etikaya uyğun olmayan tərzdə davranaraq polislərə zalı boşaltmağı tapşırıb. Bu zaman azərbaycanlı tələbələrin bir qismi "Xocalıya ədalət" şüarları səsləndiriblər. Bundan sonra polis iştirakçılara yaxınlaşaraq onları zalı tərk etməyə çağırıb...

Məqsəd və nəticə

Göründüyü kimi, sapı özümüzdən olan baltalar ermənilərlə əlbir olaraq, bir güllə ilə iki hədəfi vurmağa çalışıblar:

1. Xocalı soyqırmı günü İtaliya ictimaiyyətinin diqqətini yayındırmaq.

2. TAP-la bağlı İtaliya və Azərbaycan hökumətləri arasında inkişaf edən əməkdaşlığa və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət kəsb edən TAP layihəsinə xələl gətirmək.

Lakin diplomatlarımız və vətənpərvər tələbələrimizin səyləri nəticəsində bu "həmrəy" qüvvələr öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Sadəcə, açıq şəkildə desək, tədbir pozulub. Necə deyərlər, həm diplomatlarımız, həm də vətənpərvər tələbə gənclərimiz xaricdə ölkəmizi və onun milli maraqlarını qoruyan bir əsgər kimi Romada anti-Azərbaycan tədbirini pozmaq üçün əməlli-başlı mübarizə aparıb, səs-küy salıb və nəhayət, tədbirin keçirilməsinə mane olublar. Lap əcəb ediblər! Halal olsun! Hətta bir daha buna bənzər hal olsa, bundan da artığını etməlidirlər.

Sözardı...

Bu məsələdə milli media nümayəndələrimiz də bir qədər sayıqlıq nümayiş etdirməlidirlər. İlk dəfə erməni mediasında özünə yer alan bu məlumatı "İtaliya polisi Azərbaycan diplomatını zaldan çıxarıb" yazan və ya "Diplomat qalmaqalı" kimi başlıqlarla təqdim edən həmkarlarımız, əslində, nəyin nə cür olduğunu daha dərindən araşdırmağı və dezinformasiyanı həqiqətdən ayırd etməyi bacarmalıdırlar. Biz də ayıq-sayıq olaq ki, nə düşmənlə ön xətdə üz-üzə duran əsgərlərimizi, nə də onunla xarici ölkələrdə mübarizə aparan diplomatlarımızı qəsdən və ya bilmədən arxadan vurmayaq...  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00