"Avropa İttifaqının bu addımı Azərbaycanla münasibətləri korlaya bilər"
3 Mart 2016 15:50 SiyasətAvropa İttifaqının suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilməsini planlaşdıran Ermənistana bununla bağlı maliyyə yardımının ayrılmasının müzakirə edilməsi Aİ-Azərbaycan münasibətlərinə neqativ təsir göstərəcək. Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federiko Moqerini Azərbaycandan sonra Ermənistana səfər edib. Lakin xanım F.Moqerini Bakıda Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan və 45 milyard dollar dəyəri olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üzrə müzakirələrdə iştirak etmişdisə, İrəvanda bu dəfə danışıqlar artıq Suriya qaçqınlarının yerləşdirilməsi bəhanəsi ilə növbəti maliyyə yardımları üçün xahişlər əsasında aparılıb:
"Suriyalı qaçqınların Ermənistan tərəfindən iğal olunmuş ərazilərdə yerləşdirilməsinin planlaşdırıldığı nəzərə alınsa, o zaman Azərbaycan XİN-nin bununla bağlı etirazı tamamilə əsaslıdır. Brüsselin diqqətinə açıq-aydın çatdırılmalıdır ki, əgər Bakının etirazları eşidilməsə, o zaman bu, ikitərəfli münasibətlərə mənfi təsir edəcək".