Tərtərçay üzərində körpü təmir olunur

Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərinə gedən avtomobil yolunda, Tərtərçay üzərində yerləşən avtomobil körpüsü "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə bərpa edilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib. Körpünün uzunluğu 35 metr, eni isə 4 metrdir. Körpü istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətdə idi. Artıq körpünün bərpası istiqamətində bir müddətdir ki, işlərə başlanılıb. Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib. Hazırda körpünün dəmir konstruksiyasının qurulması işləri aparılır. Sözügedən işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilir. Körpünün kənarlarına dəmir mühəccərlər quraşdırılır. Bununla yanaşı körpüyə gələn yanaşma yollarının asfaltlanması və yamacların betonlanması işləri də görülür. Körpünün dəmir konstruksiyası tam hazır olduqdan sonra hərəkət hissəsinin 15 sm qalınlığında betonlanması və 5 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Körpünün kənarı ilə vətəndaşların da rahat və təhlükəsiz gediş-gəlişi üçün piyada səkisi tikiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00