“Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması...”

Avropa siyasi meydanında ölkəmizin daha ciddi dvidentlərə yiyələnməsi deməkdir”

Bu günlərdə Azərbaycan yenə də bütün Avropanın diqqətini özünə yönəldə bildi. Bu dəfə söhbət hansısa bir mədəni-kütləvi,yaxud idman yarışından deyil, Avropa üçün həyati əhəmiyyət kəsb edən "Cənub Qaz Dəhlizi"ndən gedirdi. Məlum olduğu kimi fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclası keçirildi. Layihəyə olan beynəlxalq marağın getdikcə artması iclasa qatılanların tərkibində də özünü büruzə verirdi. Belə ki, "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının ikinci iclasında Türkiyə, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, Serbiya, Xorvatiya, Albaniya, Bolqarıstan, Monteneqro, Birləşmiş Ştatlar, Avropa İttifaqı, Avropa Komissiyası, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi nümayəndələri iştirak edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda bir daha vurğulandı ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. "Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur", - deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib. Prezident bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.
Təsadüfi deyil ki, əksər yerli və beynəlxalq ekspertlər, iqtisadçılar da "Cənub Qaz Dəhlizi" layihəsinin həm Azərbaycan, həm də Avropa üçün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirirlər. Qeyd olunur ki, ən azı sözügedən layihəyə olan beynəlxalq maraq belə düşünməyə vadar edir. Xüsusilə, bu layihə ilə Azərbaycanın beynəlxalq əməkdaşlığa yeni bir töhfə verdiyi vurğulanır.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da hesab edir ki, "Cənub Qaz Dəhlizi" Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir. İqtisadçının sözlərinə görə, "Cənub Qaz Dəhliz"i vasitəsilə Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz
3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək: "Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividentlər deyil, həm də çox ciddi siyasi dvidentlər verəcəkdir". Fikrət Yusifov bildirib ki, bu gün Avropa öz enerji təchizatı mənbəələrini şaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır: " Son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu bir daha göstərdi. Belə olan şəraitdə Avropa bu asılılıqdan qurtarmaq üçün kordinal addımlar atmaq məcburiyyətindədir. Elə bu səbəbdəndir ki, Cənub Qaz Dəhlizi Məşrəvət Şurasının ikinci iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç: "Biz Cənub Qaz Dəhlizini Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçıdan, yeni marşrutdan, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir" demişdir. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri sözügedən layihənin Azərbaycana verəcəyi faydalardan da danışıb və deyib ki, Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dvidentlərə yiyələnməsi deməkdir: "Qarabağ kimi bir problemi olan Azərbaycana isə bu siyasi dvidentlər hava və su kimi lazımdır. Digər tərəfdən qaz ixracı hesabına ölkəmizə axacaq möhkəm valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. Güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa borcludur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca bir tərəfdən Qarabağ probleminin həlli sürətlənəcək, digər tərəfdən isə ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaqdır. Bu səbəbdən də Cənub Qaz Dəhlizi vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaqdır".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00