Azərbaycanın geosiyasi çəkisi artır
“Cənub Qaz Dəhlizi” ölkəmizə regionda sabitləşdirici faktor kimi çıxış imkanı yaradır
3 Mart 2016 13:39 SiyasətBakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsi bu layihənin nə qədər əhamiyyətli olduğunu bir daha təsdiqlədi.Toplantıda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak və digər rəsmi şəxslərin iştirakı isə onun təkcə Azərbaycan üçün deyil, eləcə də bütün Avropa üçün əhəmiyyətli olduğunu sübut etdi. Artıq qətiyyətlə demək olar ki, "Cənub Qaz Dəhlizi"ni təkcə Azərbaycan üçün yox, bütün Xəzər, Qara və Aralıq dənizləri ölkələri, ən əsası isə Avropa İttifaqı üçün çox mühüm və strateji layihə kimi qiymətləndirir. "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti təkcə 3 min 500 kilometr məsafədə Azərbaycandan İtaliyayadək uzanması deyil, həm də maliyyə baxımından çox nəhəng layihə olmasıdır. Layihəyə təxminən 45 milyard dollar maliyyə vəsaiti qoyulacaq. "Cənub Qaz Dəhlizi" mühəndislik baxımından çox mürəkkəb layihədir və dörd əsas hissədən - "Şahdəniz-2" , Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və "Trans-Adriatik" (TAP) layihələrindən ibarətdir. Təsadüfi deyil ki, Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, "bu, bir zəncirdir və həmin layihələr də onun halqalarıdır. Əgər bir layihədə hər hansı gecikmə olarsa, bu, bütün digər layihələrə də təsir edə bilər". Ekspertlər hesab edirlər ki, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentinin və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisinin toplantıda iştirakı layihənin region və qitə önəmini bir daha göstərir. Məhz bu fakt tədbirdə iştirak edən ölkələr və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən də etiraf edilir. Yeri gəlmişkən xatırladaq ki, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, əsas məsələ iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməsidir: "Biz əmin olmalıyıq ki, bütün fəaliyyətlər vaxtında icra olunacaq. Nəticədə isə Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq". ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nüçmayəndəsi və əlaqələndiricisi Amos Hokstayn deyib ki, neftin qiymətinin 80 faizədək ucuzlaşması fonunda bu layihənin iştirakçıları öz öhdəliklərini təkrar nəzərdən keçirirlər və onun icrasının təmin olunmasına çalışırlar: "Cənub Qaz Dəhlizi" Avropada enerjinin şaxələndirilməsi üzrə ilk layihədir və onun icrası nəticəsində qitənin enerji xəritəsi dəyişəcək". Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə bildirib ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, TANAP layihəsi müvəffəqiyyətlə icra olunur. Neftin qiymətinin ucuzlaşması və digər amillər layihənin icrasına elə də təsir etmir. Layihənin iştirakçıları da bütün işlərə lazımi ciddiliyi göstərirlər və öz dəstəklərini əsirgəmirlər. Onu da qeyd edək ki, Məşvərət Şurasının toplantısında da həmin məsələlər müzakirə olunub. İştirakçı ölkələr bir daha bildiriblər ki, bu öhdəlikləri yerinə yetirməkdə və layihələri plan üzrə həyata keçirməkdə qərarlıdırlar. Beləliklə Məşrəvət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi "Cənub Qaz Dəhlizi" layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Nəticədə Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış imkanı əldə edir. Üstəlik, Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir. Nəzərə almaq lazımdır ki, bu gün enerji siyasəti dünya dövlətləri və beynəlxalq təşkilatların fəaliyyətində əsas faktor kimi çıxış edir. Həyata keçirilən bu layihə isə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradır. O da danılmaz faktdır ki, sözügedən layihənin reallaşması ilə Azərbaycanın region ölkələrlə də əlaqəsi genişlənəcək. Heç şübhəsiz ki, bu layihənin reallaşmsı Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək.
Alim