Yeni əməkdaşlıq formatı region ölkələrinə nə vəd edir?
Moskva-Bakı-Tehran yaxınlaşmasına Qərb də isti baxır
3 Mart 2016 13:27 SiyasətSon aylar Azərbaycanın xarici siyasətində bir hərəkətlilik müşahidə edilməkdədir. İstər Prezident İlham Əliyevin ayrı-ayrı dövlətlərə rəsmi və beynəlxalq təşkilat və qurumlarla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın regionda onsuz da mühüm olan mövqeyini, siyasi çəkisini bir qədər də artırır. Son vaxtlar Azərbaycanın xarici siyasət kursunda ən yadda qalan hadisələrdən biri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfərə dəvət edilməsi və səfər zamanı tərəflər arasında əldə edilənb mühüm razılaşmalar oldu. Məlumat üçün qeyd edək ki, Tehranda baş tutan yüksək səviyyəli danışıqların ardınca Azərbaycan dövlət başçısının rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları baş tutdu ki, həmin danışıqlar zamanı da Azərbaycan-İran əlaqlərinin inkişaf etdirilməsi, eləcə də Rusiya Federasiyasının bu prosesə cəlb edilərək yeni üçtərəfli əməkdaşlıq foirmatının müəyyən edilməsi barədə fikir mübadiləsinin aparıldığı ən çox səslənən ehtimallar sırasındadır. Təsadüfi deyil ki, elə iranlı rəsmilər də belə bir əməkdaşlığı istinsna etmirlər. Məlumat üçün qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Hossein Jaber Ansari jurnalistlərə verdiyi açıqlamada tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcəyini bildirib: Xarici siyasət idarəsinin sözçüsü qeyd edib ki, həmin görüşdə prezidentlər İlham Əliyev və Hassan Rouhani-nin Tehran razılaşmalarının icrası məsələsi müzakirə olunacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-birilə əlaqələrinin daha da inkişafına təkan verməklə yanaşı bunun digər qonşu ölkələrlə əlaqələrin inkişafına da müsbət təsiri var. Yəni digər qonşu ölkə dedikdə söhbətin əsasən Rusiyadan getdiyi aydınlaşır. Bəs görəsən belə bir əməkdaşlıq nə dərəcədə perspektivli və mümkün görünür?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana son rəsmi səfəri bölgədə sayca dördüncü yeni üçtərəfli Azərbaycan-İran-Rusiya formatının formalaşmasına təkan verdi: "Bundan əvvəl Azərbaycan digər üçtərəfli formatlarda iştirak edirdi. Bunlar Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Gürcüstan-Türkiyə formatı idi. Adları çəkilən formatlardan yalnız Azərbaycan-Gürcüstan-Türkiyə formatı işləkdir. Həmin format çərçivəsində xarici işlər nazirləri tez-tez görüşürlər. Çünki, bu üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. İranla Türkiyə arasında Suriya məsələsinə görə dərin fikir ayrılığı yarandığına görə Azərbaycan-İran-Türkiyə formatı hazırda işlək deyil". Politoloq deyir ki, Azərbaycanın İranla dialoquna Rusiyanın qoşulması rəsmi Bakının maraqlarına cavab verir: "Birincisi, Azərbaycanla İranın dəmiryollarının birləşdirilməsi Rusiyanın da xeyrinədir. Bu ölkə öz mallarını həm İrana, həm də İran üzərindən Asiya ölkələri və Fars körfəzinə daşıyacaq. Azərbaycan digər tranzit layihələrində də iştirak edir. Ancaq həmin dəmir yol qovşaqları Rusiyadan yan keçir. Bu isə Moskvada narahatlıq doğurur. Ona görə də rəsmi Bakı
Moskvanın narahatlığını azaltmaq üçün Rusiyanın iştirakıyla şimal-cənub dəhlizini qısa zamanda yekunlaşdırmaq istəyir. Bu bir növü Heydər Əliyevin 1990-cı illərdəki xarici siyasətini xatırladır. Heydər Əliyev neftin dünya bazarlarına daşınmasında Rusiyadan yan keçən istiqamətlərə üstünlük verirdi. Ancaq Heydər Əliyev indi olduğu kimi Rusiyanın narahatlığını azaltmaq üçün Bakı-Novorosiysk boru xəttinin tikintisinə də razılıq vermişdi. Halbuki, bu il Bakı-Novorosiyk boru xətti ilə Azərbaycan nefti demək olar ki, daşınmayıb. İkincisi, Rusiya yeni format vasitəsilə Azərbaycanı Suriya məsələsində Səudiyyə Ərəbistanı- Türkiyə koalisiyasından uzaq tutmağa çalışacaq. Bu rəsmi Bakının da xeyrinədir ki, Suriya məsələsində neytrallığını qorusun. Buna baxmayaraq, rəsmi Bakı Azərbaycan-Rusiya-İran formatı çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanının əleyhinə çıxa bilməz. Yəni əgər Bakıdan Türkiyə və Səudiyyə Ərəbistanının əleyhinə bəyanat vermək istənilsə, Azərbaycan hakimiyyəti bu cür mətndən imtina etməlidir. Azərbaycanın imza atacağı mətndə yalnız iki cümlə yer ala bilər: "Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir", "Azərbaycan Suriyada sülhün bərqərar olmasını istəyir". Bundan artığına getmək həm Azərbaycanın təhlükəsizliklik maraqlarına, həm də balanslaşdırılmış xarici siyasətinə zidd olacaq. Yəni rəsmi Bakı birgə bəyanatda Əsədi dəstəkləyə bilməz". Elxan Şahinoğlunun sözlərinə görə, indiki halda Vaşinqton da Azərbaycan-Rusiya-İran formatının əleyhinə çıxmaz: "Əksinə, Azərbaycanın Rusiya ilə İran arasında sabitləşdirici rol oynaması Birləşmiş Ştatların xeyrinədir. Çünki, adı çəkilən 3 ölkədən məhz Azərbaycan Birləşmiş Ştatlarla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir və rəsmi Bakı Moskva və Tehranın arzusu ilə ABŞ-la əməkdaşlıqdan imtina etməyəcək. Ancaq Azərbaycan-Rusiya-İran formatı Ankarada müəyyən suallar doğura bilər. Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan emosional siyasətçidir. Ona görə də Ərdoğan yeni formatı özünün Suriya siyasətinin əleyhinə kimi qiymətləndirə bilər. Ona görə də rəsmi Bakının Azərbaycanın yeni formatda iştirakının məqsəd və məramları haqqında Ankaranı bilgiləndirməsi vacibdir. Bir daha Ankaraya bildirilməlidir ki, Azərbaycan Türkiyənin əleyhinə heç bir blokda yer almayacaq, əksinə Azərbaycan yeni formatda öz maraqları ilə yanaşı Türkiyənin də maraqlarını nəzərə alacaq".
Füzuli