İctimai nəzarət mexanizmi hansı prinsiplərə əsaslanacaq?

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkədə ictimai nəzarətin gücləndirilməsi məqsədilə əməli addımlar atılmaqdadır. Artıq bununla bağlı qanunvericilik bazasının yaradılmasına start verilib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanan"İctimai nəzarət haqqında" yeni qanun layihəsinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində ictimai müzakirəsi keçirilib. Bəs, "İctimai nəzarət haqqında" qanun özündə nəyi ehtiva edir və onun əhəmiyyəti nədən ibarətdir?

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, indiki şəraitdə yeni qanun lahihəsinin qəbulu olduqca vacibdir. O, qanun layihəsinin hazırkı vəziyyətdə tam reallığı əks etdirdiyini söyləyib. Bildirib ki, qanun layihəsinin əsas məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məsul şəxslərin vəzifə və funksiyalarının müəyyənləşdirilməsi, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsidir. Qanun layihəsinin müəllifi, millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması bu sənədin hazırlanmasını zəruri edir. Bu səbəbdən QHT-lərə Dövlət Dəstəyi Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib. Azay Quliyev vurğulayıb ki, yeni qanun layihəsinə əsasən ictimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Monitorinq dedikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin fəaliyyətinin ictimai nəzarət subyekti tərəfindən müşahidəsi başa düşülür. Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır. Sənədə əsasən ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçiriləcək. İctimai şuralarda QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilərlər. İctimai Şuranın tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən İctimai Şuralar Haqqında Əsasnaməyə əsasən yaradılan vahid seçki komissiyası tərəfindən seçiləcək. İctimai şuraların say tərkibi, ictimai sədri, katibliyi, səlahiyyət müddəti ilə bağlı məsələlər bu əsasnaməylə müəyyənləşdiriləcək. İctimai nəzarət subyektinin hüquqları sırasına ictimai tədbirlər keçirmək, rəy sorğuları təşkil etmək, tövsiyyələr hazırlayıb təqdim etmək, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanının rəhbərliyi ilə ictimai nəzarətin nəticələrini müzakirə etmək və sair daxildir. Layihədə qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri ictimai nəzarətin subyektləri ilə əməkdaşlıq etməli, onların sərbəst fəaliyyəti üçün zəruri olan iş şəraiti yaratmalı, lazımı avadanlıqla təchiz etməli və qaldırılan məsələlərin həllində müvafiq tədbirlər görməlidir. İctimai nəzarət mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Yeri gəlmişkən qeyd edək ki, Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, dövlət başçısının fərmanına əsasən yaradılan Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətə başlaması üçün zəruri olan işlər yekunlaşmaq üzrədir: "Azərbaycanda ilk dəfə yaradılan Apellyasiya Şurası ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Bu qurumun yaradılması iqtisadi islahatlar sahəsində uğurla həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Şuraya həvalə olunan çox vacib funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatlar, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntuları, mənfi təzahürlərin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini verəcək". Məlumat üçün bildirək ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuralar qərarların qəbul olunmasında tam müstəqildir. Qərar qəbul edilərkən onlar işin hallarına, toplanmış təsdiqedici sənədlərə əsaslanmalı, qanunvericiliyin tələblərini, ədaləti rəhbər tutmalıdırlar. Bu qurumların fəaliyyətinə müdaxilə, təsir, qeyri-prosessual münasibətlər yolverilməzdir və belə hallara göstərilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00