“Dünyada baş verən siyasi, iqtisadi oyunların qarşısını milli iqtisadiyyatla alacağıq”

Cəlal İbrahimov: “Prezident İlham Əliyevin xalqımızın dincliyi və sabitliyi üçün lazım olan bütün addımları atması, bir çox xainlərin məkrli planlarını boşa çıxardı”

Ötən ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda Azərbaycanın da iqtisadi və maliyyə sektorunda baş verən arzuolunmaz proseslər hökumətin, xüsusilə Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində tədricən tənzimləndi. Qısa müddətdə dövlət başçısının bir neçə dəfə hökumət üzvlərini toplayaraq vəziyyətdən çıxış yolunu müzakirə etməsi və həyata keçirilən antiböhran tədbirlərinin nəticəsi idi ki, Azərbaycan vətəndaşları bu böhranı öz həyatlarında cüzi şəkildə hiss etdilər. Hazırda xırda nüansları nəzərə almasaq qətiyyətlə deyə bilərik ki, Azərbaycan öz iqtisadi inkişaf tempini davam etdirir. Mövcud vəziyyətdə müşahidə edilən və müsbət qiymətləndirilən hal isə ölkədə qeyri-neft sektoru kimi kənd təsərrüfatının inkişafına daha çox diqqətin ayrılmasıdır. Elə əksər siyasilər də bu məqamı xüsusi diqqətə alırlar.
Türkiyənin Ege Universitetinin məzunu, hakim Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da deyir ki, bu gün Azərbaycan dövlətinin Prezidenti İlham Əliyev respublikada yerli istehsalatın, xam mallarının kənardan gəlməməsi üçün, kənd təsərrüfatının daha çox güclənməsinə start verib. Onun sözlərinə görə, bu addım nəticəsində yaxın bir zamanda Azərbaycan dövlətinin əsas strateji mallardan asılılığı aradan qalxacaq və tam milli zəminlər üzərində inkişaf edəcək: "Bununla da dövlətimiz həm yüz minlarlə insanlarımızı işlə təmin edəcək, həm də millətimiz bolluq və ucuzluğa qovuşacaq". Cəlal İbrahimovun sözlərinə görə, dünyada baş verən siyasi, iqtisadi oyunların qarşısını milli iqtisadiyyatla alacağıq ki, bundan da heç kim sui-istifadə etməsin: "Azərbaycan dövlətinin Prezidenti Cənab İlham Əliyevin xalqımızın dincliyi və sabitliyi üçün lazım olan bütün addımları atması, bir çox xainlərin məkrli planlarını boşa çıxardı. Dünyada oyunlar oynayaraq saxta iqtisadi böhranlar yaşadan, bəzi özlərini supergüc sayan dövlətlərin bu dağıdıcı əməlləri hər birimiz üçün böyük dərsdir. Bu dərsi dövlətimiz artıq bilir. Ona görə də təşviq proqramı ilə yerli istehsalatla məşğul olan şirkətləri yerli kənd təsərrufatına yönləndirməklə həyata keçirir. Əslində dünyada baş verən bu oyunlar bir tərəfdən dövlətimizin milli iqtisadiyatının ınkişafı baxımından faydalı olacağına inanıram. Hesab edirəm ki, indi çalışma zamanıdır. Bizlər 24 saat yox, 48 saat çalışmalıyıq. Bizlər 24 saat ərzində normadan iki dəfə çox düşünməli və iki qat enerji sərf edərək bunu həyata keçirməliyik ki, millətimiz daim var olsun Onun üçün, Cənab Prezidentimizin tapşırıqlarını bütün regionlarda insanlarımızı təmsil edənlər, Azərbaycan xalqını, dövlətini, övladlarının gələcəyini, millətimizin varlığını düşünənlər, bu yolda sevgiylə çalışmalıdırlar. Onlar öz nəfslərindən uzaqlaşaraq gecə - gündüz yorulmadan işləməlidirlər. Bu yolda isti havalarda tərləmədən, yağışlı havalarda islanmadan, soyuqlu havada üşümədən, palçıqlı yollardan yürümədən münkün deyil. Millətimizin bu gün və gələcəkdə var olmasını istəyiriksə bir dəqiqə belə vaxt itirməyə, nə vaxtımız yoxdur nə də haqqımız. Bir baxın. Cənab Prezidentimiz İlham Əliyev ölkədə bürokratik əngəlləri ortadan qaldırmaq üçün ASAN xidmət qurumunu yaratdı ki, millətimiz zamanını itirmədən və heç bir əngəllərlə qarşılaşmadan öz işlərini həll etsin. Ancaq bəzi tamahkarlar bunu qəbul edə bilmirlər. Nə edək. Bu da bizim insanımızdır. Hər birimizdə bu tamah var. Yetər ki, bundan uzaq olmağı bacaraq". Cəlal İbrahimov deyib ki, Azərbaycan kiçik ailədir və araşdıranda hər birimizin bir-birinə qohum olduğu üzə çıxır: "Bu gün dünyamızın belə bir ağır günündə birlikdə olmalıyıq. Ətrafda böyük alovlar var. Elə etməliyik ki, bu alovlar bizə sıçramasın. Yoxsa tamamilə yanıb gedərik. Hər birimiz səbirli şükürlu, ancaq üsyankar olmamalıyıq".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00