PKK terrorçularının Qarabağda yerləşdirilməsi hansı təhlükələrdən xəbər verir?

Arzu Nağıyev: “Terrorçuların Dağlıq Qarabağ ərazisindən Azərbaycan hərbi qüvvələrinə qarşı istifadəsi istisna edilmir”

Son aylar yaşadığımız region ətrafında yaşanan proseslər, xüsusilə Yaxın Şərqdə cərəyan edən arzuedilməz hadisələr Azərbaycana da təsirsiz ötüşmür. Ancaq təssüfedici məqam ondan ibarətdir ki, bu təsirlər özünü daha çox mənfi istiqamətdə büruzə verir. Belə ki, xəbərlərdən də aydın olduğu kimi Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı Kandil dağında apardığı antiterror əməliyyatlarından qaçan terrorçular Azərbaycanın işöal altında olan Dağlıq Qarabağ ərazisində özlərinə sığınacaq tapırlar. Eyni zamanda Suriyadan qaçan terrorçuların bir qisminin də müxtəlif yollarla Qarabağa "pənah" gətirdiyi bildirilir. Məlumatda o da qeyd olunur ki, Suriya və Kandil dağından qaçan PKK terrorçularının ilk dayanacağı Ermənistan paytaxtı olur. Sonradan isə işğalçı ölkə rəhbərliyinin xeyir-duası ilə terrorçular Dağlıq Qarabağın işğal edilmiş ərazilərində yerləşdirilirlər. PKK terrorçularının Dağlıq Qarabağda əsasən Suriyadan qaçan ermənilərlə eyni ərazilərdə məskunlaşdırıldığı bildirilir.

Məlumat üçün qeyd edək ki, təxminən 10 il əvvəl PKK terrorçularının Dağlıq Qarabağın işğal edilmiş ərazilərində təlimlər keçdiyi barədə xəbərlər yayımışdı. Eyni zamanda Dağlıq Qarabağda aktiv hərbi əməliyyatların getdiyi illərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən düşmən qüvvələri sırasında muzdlu döyüşçülərin və PKK terrorçularının olduğu müəyyən edilmişdi. Azərbaycan ərazilərinin bir qisminin ermənilər tərəfindən işöal edilməsindən sonrakı dönəmlərdə isə hətta PKK terrorçularının Dağlıq Qarabağda narkotiklərin becərilməsi və onun satışı işində də yaxından iştirak etdiyi barədə xəbərlər yayılırdı.

İndiki halda PKK terrorçularının Dağlıq Qarabağda yerləşdirilməsi barədə yayılan xəbərlər Azərbaycan üçün kifayətqədər təhlükəli məqamlardan xəbər verir. Birincisi, Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə PKK terrorçuları ermənilər tərəfindən Azərbaycana qarşı vuruşa bilərlər. İkincisi, kürd separatçıları Kürdüstan qurulması planının icrasına məhz Qarabağdan başlaya bilərlər.

Siyasi ekspert Arzu Nağıyev deyir ki,

ümumiyyətlə, tək Kandil dağından qaçan PKK terrorçuları deyil, eyni zamanda Suriyadan qaçan digər terrorçuların da Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi haqqında xəbərlər var: "Məlumdur ki, bunlar beynəlxalq hüquq normalarına zidd addımlardır və ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır". Arzu Nağıyevin sözlərinə görə, bu məsələyə müxtəlif prizmalardan baxsaq görərirk ki, qaçqınların Dağlıq Qarabağ ərazisində məskunlaşması eyni zamanda yerli separatçılar üçün də müsbət heç nə vəd etmir: "Təsəvvür edin, onsuz da iqtisadi cəhətdən tənəzzülə uğrayan, öz sakinlərini elementar gündəlik tələbat malları ilə təmin edə bilməyənlər əlavə gələnlərə nə ilə yardım edə bilərlər. Və məlumdur ki, yerli sakinlər də bunları müsbət hal kimi qəbul etməyəcəklər. Bu isə iğtişaşlara gətirib çaxaracaqdır". Siyasi ekspert bildirib ki, onsuz da bir sıra terrorist təşkilatlarının ermənilər tərəfindən Dağlıq Qarabağda poliqonlar yaratması haqqında da məlumatlar var: "Son zamanlar Ermənistandan Suriyaya guya İŞİD -lə mübarizəyə gedən ermənilərin qayıdandan sonra iqtidara silahlı müqavimət göstərcəkləri haqqında xəbərlər təşvişlə qarşılanır və bu da Serj Sərkisyan hakimiyyətini narahat edir. Yəni bu terroristlərin gəlişləri və ya Dağlıq Qarabağ ərazisində məskunlaşmaları yerli əhali üçün müsbət hal deyil". Arzu Nağıyev onu da deyib ki, gətirilən terrorçuların Dağlıq Qarabağ ərazisindən Azərbaycan hərbi qüvvələrinə qarşı istifadəsi də istisna edilmir: "Lakin Azərbaycan Ordusunun qarşısında onların tab gətirməsi də inandırıcı deyil. Terrorçu ilə döyüşçünün də fərqi ondan ibarətdir ki, terrorçular aldıqları ianələrin müqabilində öz sahibləri qarşısında hesabat verməlidirlər və günahsız, dinc əhaliyə qarşı belə cinayət törədə bilərlər. Azərbaycan döyüşçüsü və hərbçisi isə isə əmrə tabe olan, vətən üçün, qəsb edilən torpaqların azad edilməsi üçün vuruşanlardır. Bu fərqə görə də terrorçuların ermənilər tərəfində olub-olmaması fərq etməz".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00