Hüquq müdafiəçisi ATƏT-in toplantısında Freedom House təşkilatını sərt tənqid etdi
12 Fevral 2016 16:36 SiyasətFevralın 12-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə "Müharibə təbliğatı və media azadlığı" adlı müzakirələr keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, ATƏT üzvü olan 57 ölkənin səfirlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda müharibə zonalarında təbliğat və media azadlığı məsələri müzakirə edilib. Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov çıxışını separatizm meyilləri və ona şərait yaradan amillər üzərində qurub və ABŞ-ın Freedom House təşkilatının son hesabatını sərt tənqid edib. Dağlıq Qarabağı "müstəqil respublika" kimi təqdim edən Freedom House təşkilatını separatizmdə ittiham edən ADİHİ rəhbəri BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsini xatırladıb və beynəlxalq hüququn artıq effektiv olmadığını diqqətə çatdırıb. ADİHİ rəhbəri müharibə təbliğatı haqqında danışarkən bir sıra beynəlxalq təşkilatların separatizmi dəstəklədiyini vurğulayıb.