Millət vəkilindən Ermənistan XİN rəsmisinə cavab

Sahib Alıyev: Minsk qrupu turistlərinin münaqişənin həllindənsə onun dondurulmasına çalışmalarından erməni xalqı heç nə qazanmır”

"Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan "Azərbaycan Minsk qrupu formatından qurtulmaq istəyirsə, Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır" deməklə dolayısıyla bu formatın onların maraqlarına tam cavab verdiyini bildirir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev deyib ki, Ermənistan XİN rəsmisi əslində dediklərində haqlıdır: "Ancaq müəyyən dərəcədə. Ona görə müəyyən dərəcədə ki, Minsk qrupu turistlərinin münaqişənin həllindənsə onun dondurlmasına çalışmaları Köçəryanın təmsil olunduğu hərbi xuntanın maraqlarına cavab versə də, erməni xalqı bundan heç nə qazanmır. Yəni vəziyyət bizim xeyrimizə olmadığı kimi, onların da əleyhinədir. Biz torpaq itirmişiksə, onlar bu vəziyyət üzündən hər gün adam itirirlər. Özü də söhbət təkcə cəbhədə öldürülənlərdən getmir. Hər il on minlərlər erməni indi Ermənistan adlandırılan torpaqları birdəfəlik tərk edirlər. Elə bu özü də gedər-gəlməzə getməkdir. Və bu fakt da onu göstərir ki, Minsk qrupu turistlərinin Ermənistandakı hərbi xuntanı razı salan hərəkət və hərəkətsizlikləri, heç də erməni xalqının maraqlarına cavab vermir". Millət vəkili deyir ki, özlərini həmsədr kimi təqdim edənlərin belə bir mövqe sərgiləmələrinin arxasında isə heç də onların erməni xalqına sevgiləri yox, geosiyasi maraqları durur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00