Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edilib
12 Fevral 2016 13:26 Siyasətİsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand bu ölkədə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin, qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib. Bəyanatda 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qanlı cinayət aktı həyata keçirildiyi, nəticədə bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir. Bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.
Deputat Federley qeyd edib ki, yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək.