Minsk qrupu “saqqızı” çoxdan çürüyüb
Elçin Mirzəbəyli: “ATƏT faktiki olaraq heç bir təsir və təzyiq mexanizmləri olmayan bir təşkilatdır”
11 Fevral 2016 16:11 Siyasət20 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən, lakin bu 20 ildə işğal altında olan torpaqlarının 20 qarşının belə erməni quldur dəstələri tərəfindən boşaldılmasına nail ola bilməyən ATƏT-in Minsk Qrupuna olan bütün ümidlər itib. Zaman-zaman vasitəçilərin ortaya qoyduğu ermənipərəsət mövqenin ən qabarıq forması isə bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının qış sessiyası ərəfəsində özünü göstərdi. Belə ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasına təqdim etdiyi iki qətnamənin qəbul edilməməsi üçün dəridən-qabıqdan çıxan həmsədrlər buna qismən də olsa nail oldular və ermənilər qarşısında götürdükləri daha bir öhdəliyi yerinə yetirdilər. Ortaya qoyduqları gülünc iddia isə ondan ibarət oldu ki, AŞPA-da Ermənistanın işğalçılıq faktını təsdiqləyən hər hansı bir sənədin qəbul edilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane ola bilər. Təbii ki, bu açıq-aşkar həmsədrlər tərəfindən nümayiş etdirilən ermənipərəsət mövqe, işğalçı ölkənin maraqlarına xidmət edən bir yanaşma idi. Heç şübhəsiz ki, həmsədrlərin ortaya qoyduğu son ermənipərəsət mövqe də Azərbaycan cəmiyyətində haqlı narazılığa, ciddi etirazlara səbəb oldu. Elə buna görədir ki, bu gün Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti birmənalı şəkildə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtina etməyin zamanın çatdığını bildirir. Eyni zamanda ekspertlər, politoloqlar da bu qənaətdədirlər. Elə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli də belə düşünür. Elçin Mirzəbəyli ATƏT-in Minsk Qrupunun yaranma tarixi və bu illər ərzində ortaya qoyduğu "fəaliyyətlər"ə də toxunub: "1992-ci il martın 24-də ATƏT (həmin dövrdə ATƏM - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) üzvü olan ölkələrin xarici işlər nazirlərinin qərarı ilə Dağlıq Qarabağla bağlı konfrans çağırıldı. Konfransa iştirakçı ölkələr kimi Azərbaycan, Ermənistan, Belarus, Çexiya, Slovakiya, Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və Birləşmiş Ştatlar qatıldılar. Konfransın məqsədi atəşkəsin təmin olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün danışıqların başlanması idi. Konfransda Belarus yekun müzakirələrin aparılması üçün öz paytaxtını təklif etdi. Və beləliklə uzun illərdir qulaqlarımızı deşən "Minsk qrupu" və "Minsk konfransı" deyimləri yarandı". Elçin Mirzəbəyli deyir ki, 1997-ci il fevralın 14-dən etibarən Minsk qrupunun 3 həmsədri var: " Birləşmiş Ştatlar, Rusiya və Fransa". ATƏT-in Minsk qrupunun həmsədrlərindən imtina məsələsinə də aydınlıq gətirən Elçin
Mirzəbəyli deyib ki, Minsk qrupunun həmsədrləri ATƏT sədrinin onlara verdiyi mandat əsasında fəaliyyət göstərirlər: "Minsk konfransı və yaxud Minsk qrupu formatı hər hansı beynəlxalq statusa malik olan bir təşkilat deyil. ATƏT üzvü olan xarici işlər nazirlərinin çağırdığı konfransdır. Konfrans sözünün mənasını başa düşənlər yəqin ki, nə demək istədiyimi anladılar. Sadəcə müzakirələrin aparılması üçün çağırılan tədbir. Yəni heç nə. Bu formatdan, konfransdan, yaxud qrupdan imtina etmək üçün də hər hansı bir maneə yoxdur. Çünki Minsk qrupu, yaxud Minsk konfransı yuxarıda qeyd etdiyim kimi beynəlxalq təşkilat statusuna malik olmadığı üçün iştirakçıların üzərinə hər hansı bir öhdəlik qoymur. Burada söhbət birbaşa öhdəlikdən gedir. Amma şübhəsiz ki, ATƏT üzvü olan ölkələrin Avropada təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi ilə bağlı öhdəlikləri var. Var. Amma ATƏT faktiki olaraq heç bir təsir və təzyiq mexanizmləri olmayan bir təşkilatdır. Adətən bu qurumu "ixtiyarsız" (impotent) təşkilat kimi dəyərləndirirlər". Elçin Mirzəbəylinin sözlərinə görə, hazırda münaqişələrin həllində yeganə hüquqi təzyiq və təsir mexanizmləri olan qurum BMT Təhlükəsizlik Şurasıdır. Politoloq bildirib ki, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan 3 daimi üzvü isə ATƏT-in Minsk qrupunun həmsədrləridir: "Onlar isə hətta özlərinin qəbul etdiyi qətnamələrə belə əməl etmirlər. Dünyanın bu günkü reallığı budur. Ona görə də, "Minsk qrupu belə gəldi", "Minsk konfransı belə getdi" deyib nə özünüzün, nə də başqalarının vaxtını almayın. Bu "saqqız" çoxdan çürüyüb".
Süleyman