Prezidentin “Valyuta tənzimi haqqında” qanunu geri qaytarması təqdir edilir
Qubad İbadoğlu: “Azərbaycan iqtisadiyyatının sabitləşməsində investisiyaların rolu hazırda daha çox önəmlidir”
11 Fevral 2016 13:44 SiyasətÖtən ilin sonlarından ölkənin maliyyə bazarında baş verən arzuedilməz proseslər bir sıra istiqamətlərdə əlavə tədbirlər həyata keçirmək, qanunvericlik aktlarına yenidən nəzər salmaq kimi vacib məqamları ortaya çıxardı. Bir neçə ay ərzində qeyd edilən istiqamətlərdə həyata keçirilən tədbirlər maliyyə bazarında yaranmış ajiotajın aradan qaldırılmasına imkan yaratdı. Hazırda da bu istiqamətdə vacib addımlar atılmaqdadır. Bir neçə gün əvvəl dövlət başçısına imzalamaq üçün təqdim edilmiş "Valyuta tənzimi haqqında" qanunun geri qaytarılması bu qəbildən hesab edilə bilər. Belə ki, "Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmayıb. Qanun Milli Məclisə geri qaytarılıb. Qanun sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq imzalanmayıb. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.
Qeyd edək ki, sənədə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxsin özünün və ya yaxın qohumunun valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənlərin adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə - təqvim ili ərzində bundan artıq məbləğin 20 faizi miqdarında icbari yığım tutulmalı idi.
Dövlət başçısının sözügedən qanunu Milli Məclisə geri göndərməsini əksər iqtisadçılar təqdir edirlər. İqtisadçı ekspert Qubad İbadoğlu prezidentin "Valyuta tənzimi haqqında" qanununa dəyişikliyi imzalamadan geri qaytarmasını düzgün hesab edir: "Xatırladım ki, bu il yanvarın 16-da Milli Məclis "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər etdikdən sonra, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi üçün əsas yaranırdı. Bu dəyişiklik sahibkarlarda və investorlarda, xüsusilə də xarici sərmayəçilərdə haqlı və ciddi narahatlıq yaratmışdı. Hələ o zaman Milli Məclis qərar verərkən mən də bu dəyişikliyi şərh edərək, onun yarada biləcəyi fəsadlar barədə fikirlərimi mətbuat vasitəsilə ifadə etmişdim. Odur ki, butün bunları nəzərə alaraq, bu gün "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 19 yanvar tarixli Qanunun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun şəkildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılmasını təqdir edirəm. Eyni zamanda hesab edirəm ki, indiki həssas zamanda bununla kifayətlənmək olmaz". İqtisadçı bildirib ki, investorlar üçün güclü biznes və investisiya mühitini dəstəkləyən siyasi şərait yaradılmalı və onların təhlükəsizliyi təmin olunmalı, müvafiq zəmanətlər verilməli, xüsusilə də vergi və gömrük qanunvericiliyində sabit rejim yaradılmalıdır: "Hökümətin fəaliyyətində açıqlıq və səffaflıq artırılmalı, biznes korrupsiyadan azad olmalı, yaxşı idarəetmə tətbiq edilməlidir. Bununla yanaşı, hər bir investor əmin olmalıdır ki, investisiya yatırımı təhlükəsizdir, ölkədə dövlət və məhkəmə orqanları tərəfindən ədalətli və qərəzsiz davranış təmin edilir, biznesin qarşılaşdığı çətinliklər və üzləşdiyi mübahisələr müstəqil məhkəmələrdə qanun çərçivəsində ədalətlə həll edilir. Nəhayət, hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatlar və zəmanətlər var. İnvestorun prinsipial maraqlarına aşağıdakı hüquqların təmin olunması daxildir:
Birincisi, xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış, ikincisi, qanunla icazə verilən və tənzimlənən tərzdə bütün sektorlara hər bir formada (birbaşa, portfel və s.) investisiya yatırmaq. Həmçinin milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin milli təhlükəsizlik səbəblərindən zəruri olduğu halda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanət, qanunla tələb olunan vergilərin və ödənişlərin ödənilməsindən sonra gəlirləri xarici valyuta ilə xarici ölkələrə köçürmək, tələb olunan şərtlərə müvafiq olaraq investisiyaların stimullaşdırılması tədbirlərindən faydalanmaq, torpaq üzərində mülkiyyət hüququ vəəqli və sənaye mülkiyyətinin qorunması. Unutmayaq ki, Azərbaycan iqtisadiyyatının sabitləşməsində investisiyaların rolu hazırda daha çox önəmlidir və bu həsas dövrdə investorlar üçün nəinki baryerlər yaradılmalı, hətta onların qarşılaşdıqları bütün əngəllər tezliklə aradan qaldırılmalıdır".
Kamal