Həmsədrlər Qarabağ məsələsini beynəlxalq hüquqa uyğun həll edə bilməzlər
Onların fəaliyyətində ermənipərəsət mövqe açıq görünür
11 Fevral 2016 13:21 SiyasətAvropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin quruma təqdim etdiyi qanun layihələrindən birinin qəbul edilməməsi ətrafında müzakirələr hələ də davam edir. Bəziləri AŞPA-da üzləşdiyimiz nisbi uğursuzluğu xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımızla, digərləri isə Azərbaycan nümayəndə heyətinin avropalı həmkarları ilə uğurlu iş aparmaması ilə əlaqələndirir. Bu arada AŞPA-dakı məlum səsvermə ilə bağlı yayılan digər xəbər isə şok effekt yaradıb. Belə ki, ermənipərəst amerikalı konqresmenlərdən birinin erməni saytına verdiyi müsahibədə AŞPA-da Azərbaycanla bağlı qətnamənin keçməməsində Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolunun olduğunu söyləyib. Bəs görəsən bu nə dərəcədə doğrudur və Nulandın AŞPA-dakı səsverməyə müdaxiləsi realdırmı?
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bu barədə bir qədər fərqli düşünür. Elxan Şahinoğlu bildirib ki, bəzi saytlarımız ermənipərəst konqresmenin erməni saytına verdiyi açıqlamaya istinad edərək bütün günahların Viktoriya Nulandda olduğunu bildirirlər: "Görəsən Nulandın işi-gücü qurtarıb ki, AŞPA-nın işinə qarışsın? Haray-həşir salsın ki, bəs qoymayın Ermənistan əleyhinə qətnamə qəbul ediləcək və buna imkan verilməməlidir? Hələ üstəlik Azərbaycan Xarici İşlər Nazirliyi də həmin ermənipərəst konqresmenin həmin erməni saytına verdiyi açıqlamaya istinad edərək "məsələni araşdıracağıq" açıqlamasını yayıb". Ancaq XİN izah etməlidir ki, nə üçün Azərbaycanla bağlı qətnamənin qəbuluna cəmi 4 səs çatmadı. Axı bunun günahını Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə yükləmək düzgün deyil. XİN və bizim xaricdəki səfirlərimiz Avropadakı deputatların nə qədəri ilə izahat işi aparıblar, nə qədərini Azərbaycanın mövqeyinə yaxınlaşdırıblar? Məndə olan məlumata görə, cəmi bir qrup avropalı deputata məktub göndərilib. Onların da mütləq əksəriyyəti qətnamənin əleyhinə səs veriblər. Ona görə də Nulandı günahlandırmaq lazım deyil". Politoloq deyib ki, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan üçün vacib olan qətnamələrin qəbulu ilə bağlı AŞPA sessiyasına qatılmadı, qəfil xəstləndi: "Nümayəndə heyəti geri qayıtdıqdan sonra isə xəstəliyi keçərək belə bir açıqlama verdi: "Belə bir qətnamə ilk dəfə qəbul olunmayıb. İlk sənəd 2005-ci ildə qəbul olunub". Bəli 2005-ci ildəki sənəd də bizim üçün vacib idi. Ancaq həmin sənəddə işğalçının konkret ünvanı göstərilmirdi. Əksinə deyilirdi ki, erməni qüvvələr Dağlıq Qarabağ bölgəsini nəzarətdə saxlayır. AŞPA-da "Azərbaycanın sərhədyanl bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamənin əsas məqamlarından biri isə budur ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərin məhz Ermənistan tərəfdən işğal olunması və indiyədək işğal altında qalması vurğulanıb. İkinci bir müddəa isə odur ki, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsində dərhal geri çəkilməsi tələb olunur. Bu mənada hazırki qətnamə 2005-ci ildə qəbul olunan qətnamədən keyfiyyətcə fərqlənir. Bir də ATƏT-in Minsk Qrupu 2005-ci ildəki sənədin qəbuluna mane olmadı, hansısa birgə açıqlama vermədi. Bu dəfəki qətnamənin qəbul olunmaması üçün var güclərini ortaya qoydular, birgə bəyanat verərək Ermənistanla eyni mövqedən çıxış etdilər. Çünki həmsədrlər də anlayırdılar ki, hazırki qətnamələr daha konkretdir və işğalçının ünvanını göstərir. Hazırki qətnamənin Ermənistanın əleyhinə olduğunu, "işğal" ifadəsinin işlənməsinin İrəvana problem yaradacağını AŞPA-dakı erməni deputatlar da etiraf edirlər". Elxan Şahinoğlu deyib ki,bütün bunlarla yanaşı AŞPA-dakı qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyi fikrindən də uzaqdır: "Bunun üçün həmin qətnamə AŞPA-nın işlək sənədinə çevrilməlidir".
Müstəqil ekspert Rövşən Məmmədli isə, AŞPA-da Azərbaycan tərəfinin təqdim etdiyi sənədlərdən birinin keçməməsində Nuıandın əlinin olduğunu mümkün sayır: "Amerika erməni lobbisinə bağlı şəxs olan Amerika konqresmeni Adam Şiff erməni Xaçatıryana müsahibəsində AŞ PA -da Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməsini ABŞ dövlət katibinin Avropa və Avrasiyaya üzrə köməkçisi Viktoriya Nulandın vasitəsilə əngəllədiyini etiraf edib. Bununla da bir daha aydın oldu ki, bəzi qərbpərəstlərin Amerikanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutacağı haqqında illərlə apardıqları təbliğat boş şeydir. Elə 23 il ATƏT-in Minsk qrupunun bu məsələni həll etmək üçün gerçək bir addım atmaması, əksinə Azərbaycana çeşidli təsirlər göstərərək bizim üçün əlverişsiz təkliflərinə razılıq almağa çalışması, hər cür hiyləgərliklə cəbhədə mövcud status-kvonu qoruyub saxlamağa cəhd göstərməsi buna bariz nümunədir". Ekspert deyir ki, Amerika hər dəfə Qarabağla bağlı mühüm bir sənədin qəbul edilməsində həmişə hansısa ermənipərəst addım atır: "Rusiyanın deputatları iclasa qatılmayıb, bitərəf qalıblar. Amerikanın yüksək dövlət xadimi isə var gücü ilə çalışaraq qətnamənin qəbulunu əngəlləyib. Bu fakt bir daha göstərdi ki, Azərbaycanda mühüm maraqları olan və hər üçündə də güclü erməni lobbiləri fəaliyyət göstərən Rusiya, Fransa və Amerika Qarabağ məsələsini beynəlxalq hüquqa uyğun həll edə bilməzlər və heç həll etmək fikrində də deyillər Odur ki, Azərbaycan dövləti gecikmədən Minsk qrupundan imtina etməlidir. Əgər sülh formatı lazımdırsa onda münaqişə bölgəsi ilə sərhəddə yerləşən dövlətlərdən bunu təşkil etmək olar. Yəni Rusiya, İran, Türkiyə və Gürcüstan. Bundan öncə isə qüdrətli Azərbaycan ordusu zəifləmiş Ermənistana güclü zərbə vurub ona yerini göstərməlidir. Ümid ancaq və ancaq şanlı ordumuzadır".
Füzuli