Spiker Minsk qrupundan hesabat tələb edib
11 Fevral 2016 12:38 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Olaylar" xəbər verir ki, qəbulda sədr bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli iqtisadi əlaqələrimizin təşviq edilməsi üçün böyük zəmin yaradır. Təəssüflə qeyd etməliyik ki, ölkələrimiz arasında indiyə qədər heç bir sənəd imzalanmyıb. Səfər çərçivəsində iki ölkə arasında "Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın imzalanması təqdirəlayiqdir. Sədr söyləyib ki, hər iki ölkə münasibətlərimizin möhkəmləndirilməsində siyasi iradə nümayiş etdirir. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz də inkişaf etməkdədir. Biz bu müstəvidə əməkdaşlığın səmərəliliyini artırmaq əzmindəyik. Sədr münasibətlərin dərinləşməsində parlamentlərin mühüm rol oynadığına diqqət çəkib. Bildirilib ki, Milli Məclisdə dünyanın 78 ölkəsi ilə dostluq qrupları fəaliyyət göstərir. Biz İsveç parlamentində də bu qrupun tam heyətdə formalaşmasını arzu edərdik. Zənnimizcə, deputatların qarşılıqlı səfərləri və görüşləri ümumi məqsədlərə xidmət edir. Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr bildirib ki, beynəlxalq təşkilatlar Ukrayna və Gürcüstanda baş verən hadisələrə böyük diqqət yetirdiyi halda, bölgənin təhlükəsizliyinə böyük maneçilik törədən Ermənistan-Azərbaycan münaqişəsini arxa plana keçirib. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildən çoxdur ki, bu sahədə heç bir irəliləyişə nail olmayıb. Bununla belə hətta digər beynəlxalq qurumlar bu məsələyə maraq göstərdikdə, Minsk qrupu onun qarşısını almağa çalışır. Bu yaxınlarda, AŞPA-nın qış sessiyasında biz belə bir halla növbəti dəfə üzləşdik. Zənnimizcə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməklə problemi sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində aradan qaldırmaq mümkündür. Biz çox istəyirik ki, Minsk qrupuna üzv olan ölkələrin toplantısında bu qrupun gördüyü işlər barədə bir hesabat dinlənilsin. Vaxtilə ATƏT PA qarşısında edilmiş hesabatdan sonra qrupun həmsədrləri müəyyən vədlər versələr də, reallıqda heç bir nəticə əldə olunmayıb. Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edib ki, parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsi həyatın digər sahələrinə də öz müsbət təsirini göstərə bilər. Qonaq ölkəsinin Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri genişləndirmək niyyətində olduğunu ifadə edib. Söhbətdə regional münaqişələrin həlli yolları, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.